AZƏRBAYCAN YENİ ERADA
Azərbaycan daha bir mötəbər qlobal əhəmiyyətli tədbirə ev sahibliyi etməkdədir.
Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işinə başlayıb. Forumda 68-dən artıq ölkədən 400-dən çox qonaq iştirak edir. Qonaqların arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları var. Bu, həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir. Forumun gündəliyi maraqlı və aktualdır, dünyanın diqqət mərkəzindədir. Forumun əsas mövzusu yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perpektivlərə, bölünmüş dünyayda dayanıqlılığın qorunmasına, qarşıda duran çağırışların həlli yolları, iqlim, qida və nüvə təhlükəsizliyi və bu kimi bir çox aktual mövzulara həsr olunub və bu istiqamətdə bir çox məsələlər müzakirə olunub. Eyni zamanda qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya kimi mövzularla bağlı müzakirələr aparılıb.
XI Qlobal Bakı Forumunda çıxış edən Azərbaycan prezidenti bu gün regionda və dünyada cərəyan edən hadisələrə geniş aspektdə toxunaraq problemlərin həlli yolları barədə fikirlərini açıq şəkildə bildirib və bir çox vacib mesajlar səsləndirib.
Forumun əhəmiyyətinə toxunan prezident Bakı Qlobal Forumunun Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədə olduğunu qeyd edib. Və vurğulayıb ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından həqiqətən də hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir.
“Dünya sürətlə dəyişir. Əfsuslar olsun ki, yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır. Ötən ilin martında müzakirə edilənlərlə bu gün müzakirə olunanları müqayisə etsək nəzərəçarpan dəyişiklikləri görərik. Burada geosiyasi dəyişikliklər baş verir. Ona görə də qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın həqiqətən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı var” – deyə prezident bildirib.
Forum iştirakçılarına xitabən onlarla sonuncu görüşdən sonra dünyada və regionda bir çox hadisələrin baş verdiyinə diqqət çəkən prezident İlham Əliyev əsas geosiyasi dəyişikliyin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası olduğunu bildirdi:“Regionumuzdakı dəyişikliklər lokal xarakterli kimi görünə bilər, əslində isə, onların daha geniş fəsadları var. Bir il bundan əvvəl burada ötən görüşümüzdən bu yana baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır.”
Azərbaycanın qeyri-qanuni işğalın qurbanı olduğunu, etnik təmizləməyə məruz qaldığını xüsusi vurğulayan dövlət başçısı əlavə olaraq qeyd edib: “Beynəlxalq hüququn normaları bizim tərəfimizdə idi, Azərbaycan qeyri-qanuni işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmışdı. Biz ədaləti və beynəlxalq hüququ özümüz bərpa etdik. Bizə heç kəs kömək etmədi, biz bunu özümüz etdik və göstərdik ki, güclü siyasi iradəmiz, həmçinin potensialımız var. Güclü hərbi imkanlar və xalqın birliyi olmadan biz uğur qazana bilməzdik. Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi birincisi beynəlxalq hüququn tam pozulması, ikincisi isə belə bir ifadə haqsız bir iddia idi. Onlar hesab edirdilər ki, əbədi olaraq bizim torpaqlarımızı işğal altında saxlaya bilərlər. Amma 2020-ci ilin sentyabr-noyabr aylarında rəsmi İrəvan bundan dərs götürmək məcburiyyətində qaldı.
Forumda ölkə başçımızın çıxışı zamanı verdiyi əsas mesajlardan biri sülhlə bağlı oldu: “Belə ki, Ermənistan və onun havadarlarına müharibə ritorikasının reallığı əks etdirmədiyi bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Bəyan olundu ki, indi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir.” “Bunun artıq çox müsbət təsiri var və söhbət təkcə Cənubi Qafqazdakı vəziyyətdən getmir. Hesab edirəm ki, bu, həll olunmayan kimi görünən münaqişələrin həlli üçün bir model olaraq istifadə edilə bilər.”-prezident qeyd etdi.
Prezident İlham Əliyevin nitqində səsləndirdiyi fikirlərdən biri də Fransanın qərəzli mövqeyi ilə bağlı idi. Belə ki, Fransanın regiondakı reallıqlara beynəlxalq ictimaiyyətin yanaşması ilə ziddiyyət təşkil etdiyini diqqətə çatdıran dövlət başçımız Parisin BMT başda olmaqla əksər beynəlxalq sanksiyaların tətbiqinə dair uğursuz cəhdlərini xatırlatdı: “Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib. Beş cəhdin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi.”-prezident İlham Əliyev bildirdi.
“Fransada, Azərbaycanın şəhərlərinin biri ilə qardaşlaşmış Evian şəhərində vandalizm aktı baş verdi. Azərbaycan şairi Natəvanın heykəli vandalizmə məruz qaldı. Vandalizmi dayandırmaqla bağlı bu ölkədəki səfirliyimiz və digər kanallarla Fransa hakimiyyət orqanlarına, Evian şəhərinin meriyasına müraciətlər edildi. Çünki heykəlin belə bükülmüş vəziyyətdə saxlanılması və hətta bu boyanın yuyulmasına cəhdin belə edilməməsinin özü vandalizm aktıdır. Bir çox hallarda özünü mənəvi lider kimi qələmə verən Fransa kimi bir ölkədə belə hallar qəbuledilməzdir.”-törədilmiş vandalizm aktları barədə forum iştirakçılarını məlumatlandırdı.
Prezident İlham Əliyev çıxışı əsnansında eyni zamanda hazırki dövrdə Azərbaycanın mühüm uğurlarından biri olan COP29 kimi beynəlxalq əhəmiyyətli mühüm tədbirə ev sahibliyi etməyimiz barədə mühüm məqamlarla bağlı fikirlər səsləndirdi: COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir. COP29 bizə onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər. Bu, həm də Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirir.
Beləliklə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə XI Qlobal Bakı Forumu tarixi əhəmiyyəti, bəşəriyyətə ünvanlanan aktual mesajları, Azərbaycan prezidentinin proqram xarakterli çıxışı, qeyd olunan məqamlar ölkəmizin ev sahibliyi ilə reallaşdırılan bu cür qlobal layihələrin bəşəri əhəmiyyəti olaraq bu gün və gələcək üçün faydalı nəticələri ilə yadda qaldı.