Ermənistan Ruslan Pənəhovu niyə heç bir erməniyə dəyişə bilmədi? – DETALLAR
Ermənistan azaraq sərhədi keçən Azərbaycan əsgəri Ruslan Pənəhovu Azərbaycana təhvil verdikdən sonra erməni ictimai rəyində “niyə onu Bakıda həbsdə olan ermənilərə dəyişmədilər” sualı müzakirə olunur.
“Hraparak” nəşri İrəvanın Bakının bütün tələbləri qarşısında qeyd-şərtsiz geri çəkildiyini yazır. Qeyd edir ki, Ruslan Pənəhovun heç bir qarşılıq olmadan qaytarılması da belə nümunələrdən biridir.
“Ermənistan İstintaq Komitəsi əvvəlcə elan etdi ki, azərbaycanlı əsgərə cinayət işi açılacaq, lakin bir neçə gün sonra Milli Təhlükəsizlik Xidməti bunu təkzib etdi və əsgərin geri qaytarılması qərarının verildiyini bildirdi. Daha sonra azərbaycanlı əsgərin Bakıda qarşılanma fotoları yayıldı. Belə təəssürat yaranır ki, Ermənistan Azərbaycanın bütün tələblərini yerinə yetirir. Belə olmasaydı azərbaycanlı əsgərin qaytarılması qarşılığında heç olmasa bir məhbus tələb edə bilərdilər”, – nəşr yazır.
Qeyd edək ki, Ermənistan Ruslan Pənəhovun qaytarılmasını “xoşməramlı niyyət” kimi təqdim edir. Halbuki, İrəvanın əsgərimizdən Bakıda həbsdə olan ermənilərin alınması üçün istifadə edəcəyi gözlənilirdi. Onun bir neçə maddə üzrə ittiham ediləcəyi haqda məlumat da buna hesablanmışdı. Lakin cinayət işi açmaqdan imtina etdilər və əsgərimizin təhvil verilməsini “xoşməramlı jest” adlandırdılar.
Bunun “xoşməramlı jest”lə əlaqəsinin olmadığı bəllidir, xüsusilə sonuncu dəfə iki əsgərimizə qarşı 32 ermənini almaları fonunda. Bu baxımdan, Ermənistanın “fürsəti fövtə verməsi”nin başqa səbəbləri ola bilər. Mümkündür ki, Azərbaycan Ermənistanı əsgərimizi qaytarmağa məcbur edən addım atıb, bunun nədən ibarət olduğu bəlli deyil, yaxud ehtimal irəli sürmək üçün istinad nöqtəsi yoxdur, amma Pənəhova cinayət işi açılacağını deyən İrəvanı bir neçə gün ərzində geri çəkilməyə məcbur edən səbəb ciddi olmalıdır.
Ermənistan mediası isə yazır ki, Bakı Ruslan Pənəhovun qaytarılmasını tələb edib, İrəvan da qeyd-şərtsiz bunu qəbul etməyə məcbur olub.