İranda həbs olunan Fərid Səfərlinin anasının müraciəti

Baxılıb:259
İranda həbs olunan Fərid Səfərlinin anasının müraciəti

Hörmətli mediya nümayəndələləri, dostlar paylaşin xahiş edirəm müraciətimi!Oğlumun vəziyyəti yaxşi deyil.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına,
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya
Bakı şəhər, Nəsimi rayon sakini Əsgərova Dilara Abbas qızından

MÜRACİƏT

Cənab Prezident, hörmətli Mehriban xanım, oğlum Fərid Səfərli artıq bir ildir ki, İran həbsxanasında heç bir günahı olmadan, yalnız Azərbaycan vətəndaşı olduğuna görə cəza çəkir. Onun hazırda ciddi sağlıq problemləri var. Artıq 5-6 aydır ki, gündə bir neçə dəfə diş qicanmasi ilə gedən nevroloji tutmaları yaranıb. Bu səbəbdən dişləri də tökülməyə başlayıb.

Mən onun üzünü axırıncı dəfə 1 il əvvəl görmüşdüm: xoşbəxt, həyat dolu bir gənc idi. İndi o, İran həbsxanasında heç bir ziyarətçisi olmayan, ruh düşkünlüyü yaşayan bir insana çevrilib. Dəfələrlə xahiş etsə də, bizi bir dəfə də olsun görüntülü danışdırmırlar. Mən oğlumun gələcək taleyindən də çox nigaranam. Onun İran həbsxanalarında necə ağır bir dönəm yaşadığını təsəvvür edirem. Özüm həkim olduğum üçün bilirəm ki, bu hal gələcəkdə onun səhhətində hansı ciddi problemlər və ağrılar buraxa bilər. Eyni zamanda, onun bu travmalardan reablitasiyası uzun illər çəkəcək.

Cənab Prezident, qarşıdan tariximizin ən önəmli bayramı sayılan Novruz bayramı gəlir. Bu bayram hər bir azərbaycanlı ailəyə sevinc və hüzur gətirir. Düşünürəm ki, bir azərbaycanlı olaraq bizim də sevinmək haqqımız var. Mən keçən Novruz bayramını İranın Tehran, Qum şəhərlərində oğlumu axtararaq gözüyaşlı keçirtdim. Görünən odur ki, bu bayramı da mən Fəridsiz əzabla keçirəcəyəm. Amma mən bir ana olaraq bunu təsəvvür etmək istəmirəm.

Fərid Sizin oğlunuz Heydərlə yaşıddır, ADA Universitetində tələbə yoldaşı olublar. Buna görə də Siz oğlunuz Heydərin timsalında Fəridin gələcəklə bağlı nə qədər arzularının olduğunu aydın təsəvvür edə bilərsiniz. O, Almaniyada Data analizi sahəsində ixtisaslaşıb və Azərbaycana bu sahədə xidmət etməyi arzulayırdı. Siz indiyə qədər hər zaman xaricdə haqsızlığa uğrayan vətəndaşlarımıza sahib çıxmısınız.

Bir ana olaraq, Sizdən xahiş edirəm ki, Fəridin də Azərbaycana gətirilməsinə köməklik edəsiniz.

İnanıram ki, Siz mənim müraciətimə biganə qalmayacaqsınız!


Abunəlik