Bu gün kişilər günü deyil!

Baxılıb:171
Bu gün kişilər günü deyil!

Sinfə daxil olub şagirdlərlə salamlaşdım. Adətim üzrə, sinfi canlandırmaq üçün uşaqların əhvalını soruşub bir-iki zarafat etdim: “Rəvan,necəsən? Gəl qabaqda otur, səni görməyəndə darıxıram”, “Rəhman gəlməyib? Bahoo, bu gün sinfimizdə sakitlik hökm sürəcək ki!”, “Ümid? Nə yaman sakit oturmusan? Həə,yadıma düşdü – mənə söz vermisən axı!”, “Həsən də yoxdur? Deməli, bu gün qırmızı qələmimim mürəkkəbi az istifadə olunacaq”, “Zəhra, saçlarını nə qəşəng hörmüsən”.
Sonra “sağ əlim” hesab etdiyim Aysuya müraciətlə: – Həə, Aysu, sinifdə vəziyyət necədir?- deyib yerimə keçdim. Aysu əlindəki qeyd dəftərini mənə göstərib: – Müəllim, 4 nəfər gəlməyib, Nihadgilin parta örtüyünü Səma aparmışdı, o da gəlməyib deyə partanın üstü açıq qalıb. Əli gəlmədiyi üçün Zeynəb Lamiyənin yanında oturub, – deyə məlumat verdi. Sinfə ümumi nəzər yetirib jurnalı yazmağa başladım. Bu gün ilk dərsi ana dili mövzusuna həsr edəcəkdim. Bu tarix haqqında, dilimizin zənginliyi, gözəlliyi barədə uşaqlarla söhbət aparacaqdım.
Qələmi yerə qoyub ayağa qalxdım. Bütün sinfə bu sualı ünvanladım: “Uşaqlar, deyə bilərsinizmi, bu gün nə günüdür?”. Onlardan bəzisi “Ana dili Günü” cavabını verdi (gündəlikdən oxumuşdular, məlumatlı idilər), bəzisi isə susub dinmədi. Bu səslərin içində arxadan bir səs eşitdim: “Oğlanlar bayramı”. Ona cavab verən ikinci səs onunla razılaşmadı: “Yoox, bu gün deyil, sabahdır”. Üçüncü səs isə hər ikisinə etiraz edərək: -“Birisi gündür bayram, 23-də”- deyə dilləndi.
Söhbətin nədən getdiyini ilk saniyələrdən anlamışdım, ancaq müdaxilə etmədən bunun nə ilə nəticələnəcəyini gözləyirdim. Mübahisəni kəsmək üçün ilk səsin sahibi Hüseyn üzünü mənə tutub soruşdu:
“Müəllim, bayram haçandır?”
“Nə bayramı, oğlum?” – deyə özümü bilməzliyə vurdum. Uşaq bir qədər duruxdu: “Oğlanlar bayramı daa, müəllim, hər il fevralda qeyd etdiyimiz bayram”.
“Gözəl sualdır, Hüseyn, öncə bu günkü tarix haqqında danışım, sonra sualına cavab verəcəyəm, oğlum”- deyə bildirdim.
21 fevral tarixinin Beynəlxalq Ana dili Günü olduğunu, hər ölkədə bu tarixin “Ana dili Günü” kimi qeyd edildiyini, hər kəsin öz ana dilini sevməli və qorumalı olduğunu bildirdim.
Rəsmi olaraq ana dilimizin Azərbaycan dili olması, bu dilin Türk dilləri ailəsinin Qərb qolu olan Oğuz dillərinə aid olması, Azərbaycan dilinin ana dili olması haqqında ilk qərarın 1918-ci ildə AXC tərəfindən verilməsi barədə danışdım. Sonra verilmiş sualı cavablamaq üçün sinfə müraciət etdim: “Sizcə, “oğlanlar bayramı” adlandırılan bu tarixi biz qeyd etməliyikmi? Bu tarix haqqında nəsə bilən varmı?” Şagirdlərdən səs çıxmadı, maraqla gözlərini üzümə dikib susdular. 4-cü sinif şagirdlərinin bu günə kimi bu barədə məlumatsız olduqlarına təəssüflənib (bu tədris ilindən onlara dərs deyirdim) 23 fevral haqqında ətraflı məlumat verdim. Bu tarixdə Sovet İttifaqının “XI Qızıl Ordu”sunun yarandığını söyləyib əlavə etdim: “O Sovet Ordusunun ki, 1990-cı il yanvarın 20-də Bakıda və digər şəhərlərdə dəhşətli qırğınlar törədib qanlar tökdü. Yüzlərlə günahsız insan həyatını itirdi. Azğınlaşmış sovet əsgərləri tankla əliyalın insanların üstünə şığıyır, heç kimə acımadan tankın altında əzib keçirdi. O Sovet Ordusunun ki, əsgərləri evlərin, binaların pəncərələrinə atəş açıb dinc əhalini qətlə yetirirdi. O Sovet Ordusunun ki, onun köməyilə 1992-ci ildə Xocalıda soyqırım baş verdi. Xocalıda axan qanlarda, çıxan canlarda yaranış tarixini böyük fərəhlə qeyd etidyimiz bu ordunun “böyük xidməti” var. Şəhidlər Xiyabanındakı qara mərmərlər, üzərinə düzülmüş al qərənfillər, Xocalıdakı nalə səsləri, tüstü qoxusu, yanmış cəsədlər, donmuş bədənlər, didərgin düşmüş insanlar, nakam talelər, məhv olmuş ailələr… və daha nələr, nələr bu “möhtəşəm tarixli ordu”nun “əl işləri”dir. Qarabağda gedən döyüşlərdə oğullarımızın şəhid olmasında da qatil yığınından ibarət olan bu ordunun əli var. Düşmənə havadarlıq edən, onun arxasında duran da elə bu ordudur.
Xl Qızıl Ordunun törətdiyi cinayətlərin qurbanlarının ruhu hələ də narahat-narahat göylərdə dolaşır, qisas gününü nigaranlıqla gözləyir”.
Sonra özlərinin çəkib divara vurduqları 20 Yanvar və Xocalı faciəsinə həsr olunmuş rəsmləri göstərib: “İndi cavab verin, biz bu vəhşiliyi törətmiş ordunun yaranış gününü qeyd etməliyikmi?” – deyə soruşdum. Otuz şagirdlik bir sinifdən elə bir nifrətli cavab gəldi ki, sanki bu səs iki… yox, üç dəfə… yoox, yox, daha çox artaraq cavab verdi, sanki bütün Azərbaycan səsləndi: “XEEEYRR, MÜƏLLİM!!!”

Sevil Gül Nur/AzTimes.az/


Abunəlik