Tüstüləyən Azərbaycan: Varlığı cana, yoxluğu büdcəyə ziyandır – Qanunlar da işləmir

Baxılıb:126
Tüstüləyən Azərbaycan: Varlığı cana, yoxluğu büdcəyə ziyandır – Qanunlar da işləmir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada ən çox siqaret çəkən ölkələrin statistikasını açıqlayıb. Ən çox siqaret çəkən 149 ölkə arasında Azərbaycan 86-cı yerdədir. Son hesablamalara görə, dünyada 1,25 milyard yetkin tütün istifadəçisi var.

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov açıqlama verib.

O qeyd edib ki, tütün və tütün məhsullarına olan tələbat hələ də yüksək səviyyədədir:

“Tütün istehlakının azalması əsas məqsədlərdən biridir. Ona görə ki, ÜST də hər zaman tütündən istifadənin azaldılmasını tövsiyyə edir. Təbii ki, tütün ölkəmizdə də çox istifadə edilir. Bu da sağlamlıq üçün çox ziyandır. Buna görə də istehlakının azaldılması məqsədəuyğundur. Qlobal və regional olaraq tütünə tələbat var ki, bu da bütün hallarda istehsala və ixracata təsir etməməlidir. Çünki tütün həm də ölkəyə valyutanın daxil olması baxımından vacibdir. Amma təəssüf ki, 2023-cü il üçün 11 ayın statistikası göstərir ki, tütün ixracatında daha kəskin azalma qeydə alınıb. Bu məhsulların ixracatında azalma 60 faiz üstündədir. Bu da onu göstərir ki, daxili tələb azalıb. Digər tərəfdən isə kəskin istehsal ixracata imkan vermir. Buna görə də istehlak azalmalıdır. İstehsalın və ixracatın çox olması valyuta üçün olduqca yaxşıdır. Əsas məsələ istehlakı azaltmaqdır”.

ÜST 2022-ci ildə tütünün azaldılması səylərinin sürətləndiyini və dünyada tütündən istifadə nisbətinin azaldığını bəyan edib. 2022-ci ildəki tendensiyalar bütün dünyada tütündən istifadə nisbətlərinin davamlı olaraq azaldığını göstərir. 2000-ci ildə hər 3 nəfərdən 1-i ilə müqayisədə, indi dünyada təxminən hər 5 yaşlıdan 1-i siqaret çəkir.

Bəs, ölkəmizdəki vəziyyət necədir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, Azərbaycanda hələ illər öncə tütün və tütün məmulatı haqqında Qanun qəbul olunub:

“O qanunda sonralar dəfələrlə dəyişiklik aparılıb. Bütün hallarda nəzəri cəhətdən istehlakçıların xeyrinə, yəni tütündən istifadənin azaldılması yönümlü işlər aparılıb. Məsələn, siqaretlərin tək-tək satışı qadağan olunub. Təhsil və səhiyyə müəssisələri yaxınlığında satışı qadağan olunub. Buna baxmayaraq Azərbaycanda tütün istehlakı artıb. Bu azmış kimi qəlyan və elektron siqaretlər də gündəmə gəlib. Üstəlik, ölkədə 2015-2020-ci illər arasında qeyri-infeksion xəstəliklərin azadılmasına dair strategiya qəbul olunub. Bu strategiyada beş il ərzində tütündən istifadənin 10 faiz azaldılması nəzərdə tutulub. Lakin qanunda nə qədər dəyişiklik aparılsa da, vəziyyət mənfiyə doğru dəyişib. Tütündən istifadə artıb. Hələ bu azmış kimi, 6 il öncə Şəkidə tütün fabriki işə başlayıb və ən təhlükəli “Karvan”, “Marxal” filtirsiz siqaretlərini istehsal etməyə başlayıb. Siqaretlərin üzərində buraxılma tarixi yoxdur. Qiyməti isə 40-50 qəpikdir. Bu siqaretlərdə ölkənin hər yerində geniş satılır. Biz xarici ölkədə ekspertiza aparmışıq. Məlum olub ki, bu çox təhlükəli bir siqaretdir. Karbon monoksidin miqdarı, eləcə də nikotin normadan çox artıqdır. Dövlət orqanları qarşısında məsələni qaldırsaq da, lakin bu gün də bu siqaretlər istehsal olunur və satılır”.

Tütün ixracatında çox kəskin azalma qeydə alınıb. Bu məhsulun ixracatında azalma 60 faiz üstündədir.

Eyyub Hüseynov diqqətə çatdırıb ki, Azad İstehlakçılar Birliyi 26 il ərzində 4 ən təhlükəli müəssisənin bağlanmasına nail olub:

“Belə bir vəziyyətdə “Reklam haqqında” Qanunda anormal bir vəziyyət yaranıb. Azərbaycan dünyanın az ölkələrindən biridir ki, böyük marketlərə girərkən ilk müştərini siqaret reklamı qarşılayır. Azad İstehlakçılar Birliyi bu mövqeyə qətiyyən razı deyil. Azərbaycan hətta Ümumdünya Səhiyyə Təşkilatının “Tütün əleyhinə Çərçivə Konvensiyası”na da qoşulub. Bütün bunlara baxmayaraq, ölkəmizdə tütün istehlakı artan xətlə daim davam edir. Çox təəssüflər olsun ki, belə bir vəziyyətdə Azərbaycanda tütünçülüyə geniş yer verilib, lakin məlum olub ki, bu ixrac üçündür. Tütünün Azərbaycanda əkilməsinə dəstək verilir və üstəlik, ölkədə tütün məmulatlarının qaçaqmalçılığı da böyük faiz təşkil edir.

2017-ci ildə Beynəlxalq Təşkilatın apardığı hesabata görə, təkcə tütün məmulatlarının qaçaqmalçılığından Azərbaycanın büdcəsinə 20 milyon dollar zərər dəyib. Ölkədə məişət narkomaniyası deyilən tütün çəkmə sürətlə artır.

Çox təəssüflər olsun ki, ictimai təşkilatlar, media səviyyəsində heç bir ciddi layihələr həyata keçirilmir. Bu sahədə bunu azaltmaq üçün ciddi təşəbbüslər yoxdur. Mütləq “Reklam haqqında” Qanunda dəyişiklik edilməlidir. Hər üç ildən bir siqaretlər etiketləri dəyişməlidir. “Səhiyyə Nazirliyi xəbərdarlıq edir” yazısına heç kəsə əhəmiyyət vermir. Bir sözlə, tütündən istifadə qalxan xətt üzrə inkişaf edir. Dövlətin qəbul etdiyi qanunlar demək olar ki, işləmir”.


Abunəlik