Ermənistanın saxta gerbi və oğurluq himni – Paşinyanın planı nədir?
Ermənistanda yeni konstitusiyanın qəbul edilməsinin gündəmə gəlməsindən sonra gerb və himnin dəyişdirilməsi də müzakirə olunur: hakimiyyət mövcud konstitusiyanın yeni reallıqlara uyğun olmadığını, dövlət atributlarının erməni kimliyindən uzaq məhfumlar daşıdığını əsas gətirir, müxalifət baş nazir Nikol Paşinyanı “dövləti məhv etməkdə” ittiham edir, hətta bunun Bakı və Ankaradan gələn sifariş olduğuna dair konspriologiyaya baş vururlar;
Hər iki tərəfin öz arqumentləri və ittihamları var, hərçənd, dövlət atributlarında dəyişiklik məsələsinin Ermənistanın daxili siyasi seqmentində qarşıdurma yaratdığı və bunun asanlıqla başa çatmayacağı gerçəyi ortadadır.
İrəvanın siyasi kuluarlarlarında “bomba effekti” yaradan dəyişiklik istəyi açıq suallar yaradır:
– Ermənistan hakimiyyəti niyə yeni konstitusiya qəbul etmək niyyətindədir?
– Dövlət gerbində qəbul edilməyən hansı simvollar var və əsas sirr nədədir?
– Himnin dəyişdirilməsinin arxasında gerçək səbəblər nədən ibarətdir?
Bu suallara cavab axtarışı prosesin pərdəarxası səbəblərinə də işıq tutur.
Paşinyanın yeni konstitusiya planı
Ermənistanın baş naziri mövcud konstitusiyaya dəyişikliklər yox, məhz yeni konstitusiyanın qəbul edilməsini istəyir və bu məsələ hələ 44 günlük müharibədən sonra gündəmə gəlmişdi. Nikol Paşinyan mövcud konstitusiyanın bölgədəki və dünyadakı reallıqla uzlaşmadığını əsas gətirir, haqsız da deyil. Lakin hər şeydən öncə Paşinyanın konstitusiya planının daxili siyasətə hesablandığı gerçəyi də unudulmamalıdır.
Keçmiş hakimiyyətlər – Köçəryan-Sarkisyan cütlüyü 1995-ci ildə qəbul edilən Ermənistan konstitusiyasını zaman-zaman öz taxtlarını qorumaq üçün dəyişdirib. Sonuncu dəyişiklik də Sarkisyanın hakimiyyətdə qalmasına hesablanmışdı, lakin baş tutmadı. Paşinyan tamamilə qalib gəldiyini düşünürdü, amma 2021-ci ildə baş verən konstitusiya məhkəməsi böhranı onu çətin vəziyyətə saldı. Həmin vaxt baş qərargah rəisi olan Onik Qasparyan müharibədə darmadağın edilmiş Paşinyanı devirmək məqsədilə hərbçilərin “siyasi qiyamını” təşkil etdi. “Fevral qiyamı” olaraq da xatırlanan bu çevriliş cəhdi mövcud konstitusiyanın Paşinyan üçün riskli olduğunu ortaya çıxardı. Ermənistan konstitusiyasına görə, baş nazir orduda yüksək rütbəli vəzifəlilərin yerdəyişməsi haqda yalnız prezidentə təqdimat verə bilər. Prezident ya bunu qəbul edir, ya da imtina edərək, məsələni Konstitusiya Məhkəməsinə göndərir. Paşinyan Qasparyanın qovulması üçün həmin vaxt prezident olan Armen Sarkisyana təqdimat göndərdi, Sarkisyan isə yaxasını ictimai təzyiqdən xilas etmək üçün, qərarı Konstitusiya Məhkəməsinin üzərinə yüklədi. KM-nin Sarkisyan dövründən qalma hakimləri də baş nazirin tələbini qəbul etmədi. Siyasi böhran yaradan bu qarşıdurmanın nəticəsində Paşinyan qalib çıxsa da, mövcud konstitusiyanın təhlükə yaratdığını da əyani şəkildə gördü. Ermənistan hakimiyyəti hazırki konstitusiyanı mümkün siyasi böhranların mənbəyi kimi görür.
Daxili siyasi səbəblər Paşinyanın yeni konstitusiya istəyində komponentlərdən biridir, lakin əsas deyil. Məsələ bölgədə yaranmış yeni reallıqlardır. Azərbaycanın Qarabağda erməni separatizmini məhv edərək, suverenliyini tam bərpa etməsindən sonra Ermənistan 44 günlük müharibənin yaratdığı regional konyukturanı dəyişdirə bilməyəcəyini qəbul etdi. Və anlayırlar ki, təkcə hakimiyyəti yox, Ermənistanın da mövcudluğunu qorumaq üçün müəyyən addımlar atmalıdırlar: bunun yeganə yolu Azərbaycanla sülh sazişi imzalamaq və regional kommunikasiyanın bərpasına nail olmaq, həmçinin, Türkiyə ilə sərhədi açıb Avropa bazarına çıxış əldə etməkdir;
Yeni konstitusiyaya ehtiyac da məhz burada ortaya çıxır. Çünki Ermənistanın 1995-ci ildə qəbul edilən kontitusiyasında qeyd olunur ki, “dövlətin vəzifəsi 1990-cı ildə qəbul edilən müstəqillik bəyannaməsinin tələblərini yerinə yetirməkdir”.
12 bənddən ibarət olan müstəqillik bəyannaməsi Azərbaycanla sülhü, Türkiyə ilə münasibətlərin normallaşmasını mümkünsüz edir.
Birincisi, bəyannamədə “qondarma “dağlıq qarabağ şurasının” 1989-cu ildə qəbul etdiyi qondarma “birləşmə” – “miatsum” qərarı yerinə yetirilməlidir” deyə qeyd olunur;
İkincisi, “Ermənistan respublikası 1915-ci ildə Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda (qondarma) erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir” deyə vurğulanır;
Paşinyan hakimiyyətinin iki yolu var: ya bu iddiaların icrasını tələb edən konstitusiyanı saxlamaqla “dalan ölkə” olaraq qalacaq, ya da yeni konstitusiya ilə ərazi iddialarını ana qanundan da çıxaracaq;
Ermənistan dilemma qarşısında qalıb, lakin hər şey yeni konstitusiyanın qəbulu ilə bitmir.
Saxta gerb və xəstə təxəyyülün məhsulu olan simvollar
Yeni konstitusiyanın qəbulu məsələsi fonunda gerbin də dəyişdirilməsi müzakirə edilir. Ermənistan hakimiyyəti mövcud gerbin ermənilərə heç bir aidiyyətinin olmadığını deyir, müxalifət isə “böyük Emənistan” xülyalarından bəhs edir.
Ermənistan gerbinin üzərindəki simvollara nəzər yetirdikdə onun ümumiyyətlə tullanması zərurəti aydın görünür. Çünki XX əsrin sonu Qafqaza gətirilən və Azərbaycan torpaqları hesabına “dövlət” quran ermənilər eramızdan əvvələ aid saxta tarixə iddia edirlər.
Gerbin ortasında 4 hissəyə bölünmüş qalxan var. Qalxanın hər bir hissəsində “qədim erməni dövləti” olduğuna iddia etdikləri sülalələrin simvolları var:
– bir-birinə baxan iki qartal eramızdan əvvəl I əsrdə mövcud olduğu deyilən artaksiad sülaləsinə aiddir, ermənilər iki min illik tarixə iddia edir;
– xaçlı şir VII-XI əsrlərdə mövcud olan Baqrationlar sülaləsinə aiddir: ermənilər bu sülalənin onlara məxsus olduğunu iddia etsə də, tarixi mənbələrdə onların Gürcüstanın qədim kral nəsli olduğu deyilir;
– ikibaşlı qartal arşakilər, yaxud arşakuni sülaləsinə məxsusdur: ermənilər bu sülaləni “xristian Ermənistanın ilk idarəçiləri olduğunu” iddia edirlər, tarixi mənbələr isə arşakilərin hazırki İran ərazisində imperiya qurmuş Parfiya arsaklarının qolu olduğunu yazır, yəni belə bir sülalə mövcud olub, amma onun ermənilərə aidiyyəti yoxdur;
– xaçlı şirin rubenidlər sülaləsinə aid olduğu bildirilir, hərçənd, onların gürcü knyazlarının nəsli olduğu haqda məlumatlar var;
Gerbin üzərində qalxanı qucaqlayan şir və qartal da “qədim erməni sülalələrinə” istinadən ora yerləşdirilib. Ki, guya şir artaksiadlardan, qartal arşaklardan “miras” qalmadır. Gerbin aşağı hissəsində yer alan sümbül bərəkət nümunəsidir, bu dünyanın müxtəlif ölkələrinin gerbində də mövcuddur. Yuxarıdan aşağıya doğru uzanan qılıncın zənciri kəsməsi ermənilərin “qüdrəti” kimi göstərilsə də, Ermənistanda əslində zəncirin qıılıncı bağladığı, bunun də mənasız olduğu müzakirə edilir.
Gerbin ortasındakı əksini tapan foto isə ermənilərin həqiqətən “tarixi xəstlik” keçirdiyinə dəlalət edir: Ağrı dağının üzərində Nuhun gəmisi təsvir olunur və bununla həm Türkiyəyə məxsus ərazilərə iddia edilir, həm də bəşəriyyətin məhvindən sonra Nuh peyğəmbərin Ermənistan “ərazisinə” çıxdığı, dünyanın “başlanğıcının” burada qurulduğu iddiası “tarixi həqiqət” kimi sırınır.
Bu gerbin Ermənistana, ermənilərə heç bir aidiyyəti yoxdur. Bunu Nikol Paşinyan da təsdiq edir. Erməni baş nazir bildirir ki, gerbdə Ermənistan ərazisində heç vaxt yaşamayan şir var, o cümlədən, Ermənistan ərazisi su altında qalıb.
“Bütün bunların 1991-ci ildə qurulan Ermənistana heç bir aidiyyəti yoxdur”, – Nikol etiraf edir, əslində bununla erməniləri qondarma xülyalalardan ayıltmağa, reallığa qayıtmağa dəvət edir. Çünki Ermənistan gerbində əksini tapan simvolların hər biri absurddur:
– Bəşəriyyətin Ermənistandan qurulduğuna dair xəstə təxəyyülə istinad edirlər;
– Ağrı dağına, yəni Türkiyə ərazisinə iddia edirlər;
– “Qədim erməni sülalaləri” adı altında tarixi saxtalaşdırır, bölgənin tarixini mənisməyəmə çalışırlar;
– Və bu sülalələrin məhvinə görə türkləri ittiham edir, düşmənçiliyi körükləyirlər;
Bir sözlə, ermənilər hələ də onları məhvə sürükləyən “böyük ermənistan” iddiasında ilişib qalıblar.
Oğurluq himn: italyan qızının nəğməsi…
Yeni konstitusiyanın qəbulu və gerbin dəyişdirilməsi ilə yanaşı, Ermənistanın dövlət himnindən imtina edilməsi də gündəmdədir. Ermənistan hakimiyyəti bunu himnin sözlərinin hüznlü olması, insanları qələbəyə yox, ölümə çağırması ilə izah etsə də, gerçək başqadır. “Vətənimiz” adlanan himnin mətni erməni şair Mikael Nalbandyanın XIX əsrdə yazdığı “italyan qızının nəğməsi” poemasının birinci, üçüncü, dördüncü və yeddinci misraları əsasında yazılıb. XX əsrin əvvəlində ermənilərin himni olaraq hazırlanıb, 1991-ci ildə müəyyən dəyişikliklər edilməklə yenidən qəbul olunub. Himnin musiqisinin isə erməni bəstəkar Kristapor Xaçaturun yazdığı, daha sonra Barseq Kanaçyanın hazırladığı iddia edilir. Hərçənd, Ermənistanın himni ilə bağlı gizlədilən iki gerçək var:
– “İtalyan qızının nəğməsi” İtaliyanın azadlığı uğrunda mübarizədən bəhs edir: qız qardaşını döyüşərək ölməyə səsləyir;
– Himnin musiqisi əslində İtaliya musiqidir və ermənilər onu oğurlayıblar: bunu erməni bəstəkar Robert Əmirxanyan da təsdiq edir;
Ermənistan hakimiyyəti oğurluğu gizlətməyə çalışır və himnin dəyişdirilməsi istəyini “qeyri-erməni məzmuna” malik olduğu əsası ilə izah edirlər.
Nə gerbləri Ermənistana məxsusdur, nə də himnləri. Paşinyan hakimiyyəti məhz buna görə onları dəyişdirmək, erməniləri reallığa qaytarmaq istəyir. Əks təqdirdə qondarma “böyük ermənistan” xülyasında boğulub qalacaqlar.