Səkinə Əliyeva kimdir?

Baxılıb:988
Səkinə Əliyeva kimdir?

Bu gün Naxçıvanın SSRİ tərkibindən çıxması ilə bağlı Muxtar Respublika Ali Sovetinin qəbul etdiyi qərardan 33 il keçir. 19 yanvar 1990-cı ildə qəbul edilən bu qərarla o vaxtkı Naxçıvan MSSR özünü rəsmən müstəqil elan edərək, Sovet imperiyası tərkibindən çıxan ilk respublika oldu. Bu tarixi qərarın qəbul olunmasında Naxçıvan Ali Soveti (indiki Ali Məclis) Rəyasət heyətinin o vaxtkı rəhbəri Səkinə Əliyevanın böyük rolu olub. Moskva və Bakı rəhbərliklərinin təhdid və təzyiqlərinə baxmayaraq, o Naxçıvan Ali Sovetinin fövqaladə sessiyasını çağırır və çətinliklə də olsa, bu qərarın qəbul olunmasına nail ola bilir.

O vaxt belə bir qərarın qəbul olunması üçün, Naxçıvan Ali Soveti deputatlarının 50 faiz+1 iştirakı mütləq idi. İmperiyaya sadiq deputatlar isə, bu yığıncağın kəskin əleyhinə idi və bununla bağlı Ali Sovetdə açıq təbliğat aparırdılar. Lakin, Səkinə Əliyevanın cəsarəti və iradəsi hesabına çətinliklə olsa da sessiya baş tutur. Gərgin keçən yığıncaqda məlum qərar qəbul olunur və bu, ilk dəfə Naxçıvan Televiziyasında elan olunur. Bu qərar daha sonra Naxçıvanı, onun qadın rəhbəri Səkinə Əliyevanı beynəlxalq aləmdə də məhşurlaşdırır.

Bu qərar Sovet imperiyasına qarşı nifrətin təzahürü idi. Fövqəladə sessiyadan bir neçə saat sonra Sovet ordusunun Bakıda 20 yanvar faciəsini törətməsi, bu qərarın necə doğru və vaxtında qəbul edildiyini bir daha sübut etdi. Qərarın detalları və Səkinə Əliyevanın sonrakı taleyi ilə bağlı aşağıda məlumat verəcəyik. İndi isə bu qərarın qəbul olunmasına gətirib çıxaran səbəblər haqda.

1980-ci illərin sonunda SSRİ-nin müxtəlif regionlarında etnik toqquşmalar və separatçı hərəkatlar baş qaldırmağa başlamışdı. Belə regionlardan biri də Azərbaycan idi. Dağlıq Qarabağda ermənilər Azərbaycan ərazilərinə iddia edirdilər. SSRİ isə, bu münaqişəni yatırmaq üçün lazimi reaksiya vermirdi. Bundan həvəslənən ermənilər sovet ordusunun dəstəyi ilə, artıq Naxçıvana da hücum etməyə başlamışdı. Bu hücumlar nəticəsində, dinc sakinlər də öldürülürdü. Naxçıvan Ali Soveti bununla bağlı Sovet və Azərbaycan rəhbərliyinə məlumat versə də, heç bir tədbir görülürmürdü. Əksinə, 1990-cı il yanvarın ortalarında sovet ordusunun dəstəyi ilə, Naxçıvanın Kərki kəndi işğal olundu. Bu hadisə, Naxçıvanda Sovet imperiyasına qarşı nifrəti daha da alovlandırdı.
SSRİ-nin tərkibindən ayrılmaq ideyasını doğuran səbəblərdən biri də məhz Kərkinin işğalı idi.

Səkinə Əliyeva məhz xalqın istəyini və iradəsini nəzərə alaraq, cəsarət və iradə göstərib, bu qərarın qəbul olunmasına nail ola bildi. Qars müqaviləsinə əsaslan qərarda göstərilir ki, Türkiyə və Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR arasında RSFSR-in iştirakı ilə bağlanmış sazişin şərtləri kobud şəkildə pozulub. Qərarda həmçinin SSRİ-nin Əsas Qanununun (Konstitusiyasının) 81-ci maddəsinə əsasən Azərbaycan SSR, o cümlədən Naxçıvan MSSR-in suverenliyi və ərazi btövlüyü müdafiə edilmədiyi də vurğulanır. Bütün bunları nəzərə alaraq, Naxçıvanın SSRİ-nin tərkibindən çıxması, müstəqil respublika olması ilə bağlı sənəd qəbul edilir.

Qərarda daha sonra vurğulanır: – Qars müqaviləsinin şərtlərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyünü qorumaq və kütləvi insan qırğınının qarşısını almaq məqsədi ilə Türkiyə respublikasına müraciət edilsin; – Yaranmış vəziyyətlə əlaqədar olaraq Birləşmiş Millətlər Təşkilatına, İran İslam Respublikasına, dünyanın bütün dövlətlərinə kömək məqsədi ilə müraciət olunsun; – Naxçıvan MSSR ərazisində olan SSRİ qoşun hissələri respublikadan çıarılsın; – SSRİ Ali Sovetindən tələb edilsin ki, Naxçıvan Respublikasına edilən təcavüzə son qoyulsun. Moskva və Bakının o vaxtkı rəhbərliyi qərarın həyata keçirilməsinə mane olsalar da, bu hadisə dünyada böyük əks-səda yarada bilmişdi. Bu qərar Qars Müqaviləsini bir daha diqqət mərkəzinə gətirdi və Naxçıvanın işğal olunmasının qarşısının alınmasında böyük rol oynadı. Bu tarixi qərar həm də Sovet imperiyasının dağılmasına təkan verdi.

Səkinə Əliyeva 15 Aprel 1925-ci ildə Naxçıvanda doğulub. O, 1963-cü ildən 1990-cı ilə kimi Naxçıvan MSSR Ali Sovetinə rəhbərlik edib. Məlum qərarın qəbul edilməsi onu Sovet rəhbərliyinin qəzəbinə tuş gətirir. Bu qərardan qısa müddət sonra o, vəzifəsindən kənarlaşdırılır. Həmin vaxtdan bəri isə siyasətlə məşğul olmayıb. Cəsarətli və vətənpərvər bir rəhbər kimi adı Naxçıvan, eləcə də Azərbaycan tarixində uzun müddət xatırlanacaq bu siyasi xadimin sonrakı fəaliyyəti haqda məlumat yoxdur. O, 2010-cu ildə, 85 yaşında Bakıda vəfat edib. Yəqin ki, nə vaxtsa Səkinə Əliyevanın adı tarix dərsliklərinə də salınacaq, onun qəhrəmanlıq və cəsarət nümunəsi məktəblərdə tədris olunacaq.


Abunəlik