Erməni Laverintin inəyi-HEKAYƏ

Baxılıb:451
Erməni Laverintin inəyi-HEKAYƏ

Həsən müəllimin böyük ailəsi var idi.O , Əsgəranda kəndlərin birində müəllim işləyirdi. Öz rayonunun ən sayılıb seçilən, hörmətli kişilərindən idi. Özündən böyük ağsaqqallar da ondan məsləhət alırdılar.”Yaxşısını Həsən müəllim bilər”.”Qıza gələn elçini Həsən müəllimdən soruşaq”…Axı o vaxt ali təhsilli adam az tapılardı. Hər dağın bir keçisi olar. Həsən müəllimin sonbesik qızı Lalə də sözün əsl mənasında keçi idi. Gilasa oxşayan bu qız o qədər dəcəl idi ki, kənddə nə ziyanlıq olurdusa, hamınin fikrindən Lalə keçərdi. Hamı bir ağızdan deyərdi ki, bunu Lalə edib. O vaxt qurd qoyunla bir otlayırdı.
Kənddə ermənilər bizimkilərə bir yaşayırdı. Onlar daha çox ustalıq, pinəcilik, dülgərliklə məşgul olurdular. Bizimkilər kirvəni də ermənilərdən tuturdular. Laverent adlı erməni usta var idi kənddə. Həsən müəllim ona iş gördürmüşdü.  Maaş vaxtı onun kəsir qalan ödənişini etməyə gedəndə, Lalə ağlayır ki, mən də gedirəm. Atasını yola gətirə bilir. Kişi Laverintlə söhbət edənə kimi görürlər ki, qız tövlənin qarşısına bağlanmış yeni balalamış inəyin sağ-soluna keçir. Həsən müəllim sağollaşıb evlərinə getməyə hazırlaşanda Lalə yapışır inəyin buynuzundan ki, bu mənim inəyimdi,aparıram. Bütün millət bir yana olur,Lalə bir yana, Laləni inəyin buynuzundan aralaya bilmirlər. Bu zaman Həsən müəllimin ötkəm səsi məsələni həll edir. O qaşlarını qaldıraraq “gəl” deyərək əlini Laləyə sarı uzadır. Lalə inəyin buynuzunu buraxaraq məyus-məyus atasının əlindən tutur. Atasının QAZ-21 nə yaxınlaşırlar.Avtomobilin  qapısına əlini atanda Lalə onları yola salan erməni ailəni kədərli baxışlarla süzür.
-Sağ olun. Mənim Naxışımdan muğayat olun.  (Burnunu çəkərək) elə qoyun, çöldə qalsın. Yazıqdır,tövləyə bağlamayın -deyərək arxa oturacağa oturur. İki yumruğunu çənəsinə dayayaraq arxa şüşədən geriyə baxmağa başlayır. Maşın tini burulmamış arxada böyük bir günəş doğur. Lalə dodağının altında pıçıldayır: “Görən Naxışa heç nə olmaz?” Sonra iri gözlərini süzdürərək   arxayın şəkildə oturacağa yayılır. Amma  diqqəti yolda olduğundan arxada baş verənlərdən  “sürücünün ” xəbəri olmur.
             *. * *
Həsən müəllim sübh tezdən darvazanın bərk döyülməsinə ayılır.  Gələn Laverint idi. “Naxış”ın kəndiri əlində, balası da yanında.
-Kirva, bunu Lalaya gatirmisam.
– O, uşaqdı. Nə deyirsə ,onu etməlisən? Götür inəyi geri qayıt.
Laverint həyəcanla səsləndi:
-Yox kirva, sani and veriram. İnayi Lalaya ver. Onsuz biz onu saxlamağa imkan yoxdu. O inək bizdə olsa ev də əldən çıxar. Tövlə yoxdu. Yanıb…
Həsən müəllim tövləni Lalənin  hansı arada yandırdığını vəfat edən günə kimi aydınlaşdıra bilməsə də “Naxış”ın ödənişini manatına, qəpiyinə kimi erməni kirvəyə ödədi.
Müqəddəs kitablardan bir neçə cümlə oxuyanlar  qiyaməti maraqlı təsvir edirlər: Yerlə göy birləsəcək, ana balasını, bala anasını ayaqları altda qoyaraq İsrafilin tütəyinin arxasınca gedəcək…
1993. Qızılqaya.   . Qiyamət Qarabağda idi. O, zaman İsrafilin xilas yolu kimi düşünülən tütək səsini Bakı, digər rayonlar əvəz edirdi. Yetər ki, heç kəs bir zamanlar bir kənddə yaşadığı “kirvələrin” əlinə düşməsin.  Artıq bu kəndin Həsən adlı bir müəllimi yox idi.. Oğlanları hər üçü müharibədə idilər ,onlardan aylarıdır ki, xəbər yox idi. 6 bacı bir ana bütün kənd camaatı kimi Qızılqaya sığınaraq qurtulacaqları ani gözləyirdilər.  Lalənin artıq 17 yaşı var idi. Yad maşın görünən kimi bütün qadınlar kimi Reyhan ana da ehtiyatda hazır tutduğu qalan odyalı qızlarının üstünə ataraq onları qoruyurdu.  Cünki digər kəndlərdə ermənilər əliyalın insanlara hücum edərək ən gözəgəlimli qızları əsir aparmışdılar. İnsanlar artıq neçə gün idi ki, burada gözləyirdilər.  Bir bir çorəyi nazik dilimləyib yalan olmasın, 25-30 adam arasında bölürdülər. Hava soyuq idi. Ocaq belə qalaya bilmirdilər ki, düşmən tüstü ilə yerlərini bilər. Hər kəs nəsə mövzu tapıb söhbət edirdi. Lalə boynunu büküb sus-məst oturmuşdu. Reyhan bunu sezdi.
-Anan qurban nə olub?
-Hec nə ay mama.
-Üşüyursən?
-Yox.
-Bəs bəyin fikrin eliyirsən anan ölsün, deyirsən indi anası ölmüş qardaşlarım nə yeyir, nə içir?
Lalə ürəkləndi.
-Yox ay mama , Fikirləşirəm ki, görən Laverint dayı indi hardadı?
Reyhanın gözləri nəlbəki boyda oldu. Əlini atıb Lalənin saçından yapışdı.  Qaynı  arvadları birləşib qızı onun əlindən bir təhər aldılar.
Hamı Reyhanı qınamağa başladı.
-Ay bajı, ayıbdır.niyə döyürsən?
-Bilsəniz ki, mən onu niyə döyürəm, onu öldürərsiniz…..
2023. Bakı.
Lalə  oxşaya -oxşaya nəvəsi Lalənin saçını hörürdü.
– Nənə səni gəzməyə aparacaq. Günəş qızım, gözəl qızım. Səhər gedərik dayıların məzarına.
Lalənin üzünə huzn çökdü. Gözləri doldu. Dodağının  altında zümzümə etməyə başladı.-Üçü bir gündə şəhid gedən qardaşlarım, cavan qardaşlarım. Qisasıniz alındı. Oynadığımiz armud agacinın dibindən torpaq gətirəcək bajıniz sizə..
Televiziyada Xankəndi sərhəd məntəqəsindən reportaj gedir. Jurnalistlər köc edən ermənilərdən müsahibə alır: Qoca, beli bükülmüş, hardasa 80-85 yaşlı kişi danısırdı:
-Man turklardan bir pislik gormadım. Yaxşı qonşularim, kırvam var idi. Qardaşdan yaxın idıx.
Jurnalist:
-Gedəcəksiniz?
-Yox. Getmayacam. Man burda qalacam. Arvad da qalacax. Kırvam var. Onu goracam yaqin.(gülür) Man sağamsa, o da sağdır da.
Lalənin qulaqları uğuldadı. Başını  sürətlə ekrana döndərdi.
-Laverint dayı????….
Pərvin Abışova AzTimes.az


Abunəlik