Döyüş yoldaşları Milli Qəhrəman Rizvan Teymurovu andı- VİDEO

Baxılıb:638
Döyüş yoldaşları Milli Qəhrəman Rizvan Teymurovu andı- VİDEO

Vətənimizin müstəqilliyinin bərpası ona müharibə kimi dəhşətli faciə bahasına başa gəldi. Sovetlər birliyinin tərkibindən çıxaraq öz azad addımlarını atan bir dövlətin çox çatışmamazlıqları olur. Əyri-əskikləri aradan qaldırmaq üçün isə bəzən yarım əsrə yaxın vaxt lazım olur dövlətlərə. Hələ gözünü açar -açmaz müharibə səni ağuşuna alırsa, bu proses daha da ləngiyir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdiyi zaman ordu mövcud deyildi. Ona görə də Birinci Qarabağ müharibəsinin yükü demək olar ki, bütünlüklə Azərbaycan polisinin üzərində idi. 1994-cu ilin may ayında imzalanan atəşkəs müqaviləsinə qədər Qarabağın hər qarşısında Azərbaycan milisinin qanı torpağa qarışıb. Ona görə də bu gün hansısa qaragüruhçu polisi tənqid və təhqir edərkən düşünməlidir ki, Şəhidlər Xiyabanında qara mərmərlərdən boylanan nəqədər çiyni ulduzlu, arzusu, xəyalı, qurduğu planları bu vətənə qurban vermiş polis var. Bir nəfərə görə bütün polisi qaralamaq nəinki vicdana sığmır,mənim üçün bu ən ağır cinayətdir. Belə igidlərimizdən biri haqda danısacam sizə. O bəlkə də ömrünü vətənin bütövlüyünə fəda etmiş ən gənc milisdir.
Azərbaycan Milli Qəhrəmanı Rizvan Teymurov 1967-ci il aprelin 16-da Şuşanın Quşçular kəndində ziyalı ailəsində anadan olub.

O, 1984-cü ildə doğma kəndində orta məktəbi bitirdikdən sonra 1985-ci ildə ordu sıralarına çağırılıb.

Əsgəri xidmətini Rusiyanın Omsk şəhərində başa vurduqdan sonra 1987-ci ildə Vətənə dönüb. 1990-cı ildə Şuşa rayon Daxili İşlər Şöbəsinin nəzdində Xüsusi Təyinatlı Polis Dəstəsi yaradılanda tərəddüd etmədən bu dəstəyə daxil olub. Qorxu bilməz, cəsur döyüşçülərdən ibarət olan bu dəstə Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində, habelə Xankəndində ermənilərin zərərsizləşdirilməsində və tərksilah edilməsində qəhrəmanlıq nümunəsi göstərib. Əməliyyatların birində ilk dəfə ağır yaralanması onu odlu-alovlu cəbhədən uzaqlaşdıra bilməyib.

1991-ci il dekabrın 9-da Rizvan Teymurov öz silahdaşları ilə birgə, Xankəndi yaxınlığında, azğın erməni təxribatının qarşısını alıblar. Elə bu vaxt xain ermənilər, Rizvanı və silahdaşlarını gözlənilmədən atəşə tutub. Dekabrn 10-da Xankəndi-Kərkicahan ətrafında gedən qanlı döyüşdə qəhrəmancasına şəhid olan Rizvan Teymurov Şuşa rayon Quşçular kənd qəbiristanlığında dəfn olunub. Göstərdiyi qəhrəmanlıq və rəşadətə görə, Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rizvan Teymurova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

1992-ci il fevralın 11-də ermənilər Rizvanın doğma kəndini də işğal edib.
Ali baş komandanın və ordumuzun şucaəti nəticəsində Rizvan və onun simasında bir çox əfsanəmizin başa çatdıra bilmədiyi missiyası tamamlandı. Bu gün şəhid qanı axan hər qarış torpağımız azaddır. Bu gün QARABAĞ AZƏRBAYCANDIR!!!
Dostları bu şəhadətə qovuşduğu gün hər il olduğu kimi Rizvanı tək qoymadı. Gəlmişdilər. Kimisi əlində çəlik, kimisi bədənində mənfur müharibənin nişanəsi olan qəlpə ilə. İllər onları dəyismişdi. Qocaltmışdi. İçərilərində biri dəyişməz olaraq gəncliyini qoruyub qalmışdı. O da RİZVAN TEYMUROV idi.


Pərvin Abışova/AzTimes.az/


Abunəlik