Prezident 5 milyonluq Sərəncam İMZALADI
Prezident İlham Əliyev Azərbaycan Gənclər və İdman Nazirliyinin tabeliyindəki bəzi qurumlarda cari təmir işləri üçün vəsait ayrılması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyindəki bəzi qurumlarda cari təmir (havalandırma, soyutma, isitmə, nəmalma və yanğın təhlükəsizliyi sistemləri üzrə avadanlıq alınması və quraşdırılması, habelə dam örtüyünün təmiri) işləri üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 5.424,0 min (beş milyon dörd yüz iyirmi dörd min) manat vəsait ayrılıb.
Nazirlər Kabinetinə bu Sərəncamın 1-ci hissəsində göstərilən cari təmir işlərinin başa çatdırılması üçün tələb olunan vəsaitin Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində nəzərdə tutulmasını təmin etmək, Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Maliyyə Nazirliyi Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.