Nata bilib evə çağırdığı qadın kişi çıxdı, bıçaqlayaraq öldürdü
Maşın ustası qadın bilib evə çağırdığı kişini bıçaqlayaraq öldürüb.
Belə ki, Fehruz Kərimov (şərti ad) bir müddət idi ki, Bakıya gəlmişdi. O, burada avtomobillərin təmir sexində dəmirçi kimi çalışırdı. Ailəsinin rayonda yaşamasına baxmayaraq, yaşayışını təmin etmək üçün burada məcburiyyətdən işləyirdi.
Hadisə baş verən gün Fehruz həmişəki kimi iş yoldaşı və dostu Vahabla avtomobil təmir edir, günorta isə nahar edirlər. Fehruz dostuna şəhərdə yaşayışın asan olmadığını, amma ailəsini öz yanına gətirmək istədiyini deyir. Vahab isə onu başa düşdüyünü, bu barədə yaxşı düşünməsini məsləhət verir.
Günorta saatlarında Fehruz və Vahab şəhər mərkəzinə yollanırlar. Şəhərdə yerləşən kafelərin birinin yanından keçəndə Fehruz Vahaba içki içməyi təklif edir. Vahab buna etiraz etmir və kafeyə daxil olurlar. Spirtli içki qəbul edərkən Fehruz Vahaba fiziki ehtiyacını, yəni qadınsız olmasını yarı zarafat, yarı ciddi formada desə də, dostu bu sözə fikir vermir.
Həmin gün şəhərdəki yeraltı keçidlərin birində dayanan Nata adlı şəxs ona tərəf yaxınlaşan 2 nəfər içkili şəxsi görür. Fehruz Natanı görən kimi ondan xoşu gəlir. Vahab Fehruzla sağollaşaraq evinə yollanır. Fehruz Nataya yaxınlaşır və onunla tanış olmaq istədiyini deyir, Nata isə onunla razılaşır.
Beləliklə, Fehruz özünü Nata kimi təqdim edən xanıma daha yaxın olmaq üçün onu evə dəvət edir. Xanım isə bunun müqabilində ondan 50 manat pul istəyir və onlar razılaşıb evə gedirlər.
Fehruz gecə vaxtı kirayə qaldığı mənzilə Nata ilə birlikdə gəlir. Əvvəlcə qonaq otağında otururlar. Onlar birlikdə içki içirlər, daha sonra yataq otağına keçirlər.
Yataq otağında Fehruz Natanın cinsinin dəyişdiyini və transseksual olduğunu anlayır. Bu zaman onu evindən qovmağa, təhqir etməyə başlayır.
O, Nataya 36 manat verərək çıxıb getməsini deyir. Nata isə vaxtı bitdiyini bildirib Fehruzdan təcili 100 manat tələb edir. Beləliklə, onların arasındakı mübahisə əlbəyaxa davaya çevrilir.
Nata çantasından çıxardığı bıçaqla Fehruza hücum edir. Fehruz zorla da olsa, onun əlindən bıçağı alır və Nataya ard-arda bir neçə zərbə vurur. Nata (Natiq Bayramov) aldığı bıçaq zərbələrindən hadisə yerində həyatını itirir.
Cinayəti törətdikdən sonra Fehruz qətlə yetirdiyi Natiqin cəsədini kirayə yaşadığı mənzildə qoyub oradan uzaqlaşır. Səhəri gün o, regionlardan birinə, ailəsinin yanına qayıdarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunaraq istintaqa cəlb edilir.