Azərbaycanda yenə banklar bağlanacaq?
Azərbaycandakı banklar 2023-cü ilin birinci yarısı (yanvar-iyun) üzrə maliyyə göstəricilərini açıqlayıb.
İndiyədək maliyyə nəticələrini açıqlamış 12 bank 2023-cü ilin birinci yarısını xalis mənfəətlə başa vurub. Digər bankların iyul ayının sonunadək maliyyə göstəricilərini açıqlayacaqları gözlənilir.
Qeyd edək ki, cari ilin 1-ci rübü üçün bankların xalis mənfəəti ilə bağlı banklar arasında 83,5 milyon manatla Kapital Bank birinci olub. İkinci yeri isə Kapital Bankdan çox da fərqlənməyən ABB Bank 80,4 milyon manatla tutur. Azərbaycanın bank sektoru bu ilin yanvar-may ylarında 437,1 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,9 faiz çoxdur.
Onu da xatırladaq ki, inkişaf etmiş ölkələrin bank sistemlərində yaranmış vəziyyət, xüsusən də dünya iqtisadiyyatının bir nömrəli aparıcı ölkəsi olan ABŞ-nin bank sistemində mart ayında iki bankın – “Silicon Valley Bank” ilə “Signature Bank”ın iflasa uğraması da təşvişə səbəb oldu.
Azərbaycanda isə lisensiyası ləğv edilən sonuncu bank “Günay Bank” ASC olub. Bəs, mənfəət əldə etməyən bankların bağlanma təhlükəsi varmı?
İqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, mənfəət nəinki bankın, istənilən şirkətin vəziyyətini tam başa düşmək üçün göstərici deyil:
“Ola bilər ki, hansısa bir şirkət, o cümlədən bank müəyyən dövrdə mənfəətsiz, zərərlə işləyir. Ancaq sonra zərərini aradan qaldırıb, məfəət əldə edir. Banklarda bu xüsusilə belə ola bilir. Mənfəət bankın gəlirindən xərcinin çıxılmasıdır. Bir il ərzində 5 milyon gəliri olur, 10 milyon da xərci olur. Bu, o deməkdir ki, mənfəəti yoxdur, əskinə 5 milyon zərəri var. Ancaq banklarda ola bilər ki, xərclərin bir hissəsi onun birbaşa xərci deyil.
Banklar problemli kreditlər üzrə ehtiyat yaradır. O ehtiyatlar da xərc sayılır. Ancaq sabah o problemli krediti həll edir, qaytarır. Onu qaytaran kimi də o ehtiyatlarını silir, pulu bərpa edir, mənfəətə çıxır. Bu baxımdan da böyük ehtimalla mənfəətlə işləməyən bankın vəziyyəti yaxşı deyil. Ancaq istisnalar da ola bilər”.
Ekspert qeyd edib ki, bu məsələdə ehtiyatlı olmaq lazımdır:
“Bankın bağlanma təhlükəsi ola bilər. Ancaq sırf məfəət göstəricisinə görə bankın vəziyyəti haqqında qəti fikir bildirmək olmaz”.