Onkoloji xəstəlikdən əziyyət çəkənlər üçün yığılan pulu oğurladı

Baxılıb:95
Onkoloji xəstəlikdən əziyyət çəkənlər üçün yığılan pulu oğurladı

Sosial şəbəkələrdə onkoloji xəstəlikdən əziyyət çəkən şəxslərə yardım məqsədilə paylaşılan bank kartlarından kibercinayətkarlıq metodlarından istifadə edərək oğurluq edən şəxs saxlanılıb.

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələrdə onkoloji xəstəlikdən əziyyət çəkən və aztəminatlı şəxslərə yardım məqsədilə yerləşdirilən elanlarda göstərilən bank kartlarına müdaxilə olunduğu, həmçinin həmin hesablarda olan pulların informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə ələ keçirildiyi barədə Daxili İşlər Nazirliyinə çoxsaylı müraciətlər edilib.

Əməliyyat-texniki tədbirlər nəticəsində kibercinayətkarlıq metodlarından istifadə edərək qeyd edilən qanunsuz əməlləri törədən Aslan Qurbanov saxlanılaraq istintaqa cəlb edilib.

Müəyyən olunub ki, A. Qurbanov onkoloji xəstələr tərəfindən maddi yardımın toplanması üçün müxtəlif sosial şəbəkələrdə paylaşılmış bank kartlarının məlumatlarını götürərək həmin şəxslərlə xarici virtual nömrələr vasitəsilə əlaqə saxlayıb. O, həmin şəxsləri onlara yardım edəcəyi adı ilə aldadaraq bank kartlarının məxfi məlumatlarını əldə edib. A. Qurbanov informasiya texnologiyalarından istifadə etməklə ələ keçirdiyi pul vəsaitlərini izi itirmək məqsədilə əvvəlcə xaricdə olan idman-mərc oyunlarındakı hesablarına transfer edib. Sonradan o, pulları istifadəsində olan bank kartına köçürərək nağdlaşdırıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3-1-ci (oğurluq, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

A.Qurbanovun əməllərindən zərərçəkən digər vətəndaşlar Daxili İşlər Nazirliyinə müraciət edə bilərlər.


Abunəlik