Tamam Cəfərova seminarda iştirak edir -FOTOLAR
Milli Məclisin deputatı, Elm və Təhsil Komitəsinin üzvü Tamam Cəfərova “Azərbaycan Rektorlar Konfransının yaradılması” – ECAR Erasmus+ layihəsi çərçivəsində İspaniyanın Madrid şəhərində keçirilən seminarda iştirak edir. Bugün işinə başlayan seminarın əsas məqsədi tələbə və məzun işləri üzrə İspaniya Rektolar Konfransı və İspaniya ali təhsil müəssisələrinin, eləcə də Fransa, Polşa və Litvadan olan tərəfdaşların iştirakı ilə həmin ölkələrin təcrübəsinin öyrənilməsidir. Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli, o cümlədən layihə konsorsiumunun üzvü olan 16 ali təhsil müəssisəsinin rektorları, prorektorları və digər məsul şəxslərindən ibarət 40 nəfərlik nümayəndə heyəti iştirak edir.
Məlumat üçün bildiririk ki, layihə Avropa Komissiyasının maliyyə dəstəyi və Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilir. Ümumilikdə, layihə Azərbaycan ali təhsil müəssisələri arasında milli səviyyədə əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsi, o cümlədən Azərbaycan ali təhsil müəssisələri tərəfindən müasir çağırışlara cavab verən kadırların hazırlanması prosesinə dəstək verməkdir.
Seminarın birinci günü İspaniya Rektorlar Konfransının Baş katibi Maria Teresa İspaniya Rektorlar Konfransının yaranması, İspaniya ali təhsil sistemində Rektorlar Konfransının yeri, rolu və onun qanunvericilik əsasları, strukturu, fəaliyyət istiqamətləri və müvafiq komitələri haqqında ətraflı məlumat verdi.
İspaniya Rektorlar Konfransının Tələbələrlə iş üzrə komissiyasının icraçı katibi prof. Angela Alcala isə İspaniya universitetlərində tələbələrlə iş üzrə yeni strateji baxışın formalaşdırılması, müasir çağırışlara cavab verən tələbə yönümlü Ali təhsilin mahiyyəti və İspaniyanın Təhsil qanunvericiliyinə ötən il edilmiş dəyişikliklərə uyğun olaraq, “Gələcəyin Universiteti” yanaşması və onun mahiyyəti haqqında ətraflı çıxış etdi.
Seminar iyulun 14-nə qədər davam edəcək.
AZTİMES.AZ