Zəlzələ baş verən zaman nə etməli?
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda 5,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Xaçmaz rayonundan 46 kilometr şimal-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib. Zəlzələ o cümlədən, Bakı və Abşeron yarımadasında, eləcə də şimal bölgəsində hiss olunub.
Zəlzələ zamanı davranış qaydalarını təqdim edirik:
Zəlzələ – qəflətən baş verən, bir neçə saniyə davam edən yer titrəməsi nəticəsində böyük dağıntılara və insan tələfatına səbəb ola bilən fövqəladə hadisədir.
Zəlzələyə necə hazır olmalı:
– zəlzələ barədə ailənizdə söhbətlər aparın, təhlükəsizlik məşqləri keçirin;
– birlikdə evdə təhlükəsiz yer təyin edin (yükdaşıyan divar və beton sütun);
– kitab rəflərini, çilçıraq və dolabları divara, tavana və yaxud döşəməyə möhkəm bərkidin;
– zəhərli kimyəvi və tezalışan mayeləri təcrid edilmiş təhlükəsiz yerdə saxlayın;
– yumşaq mebeli (divan-kreslo) və çarpayını pəncərə önündə yerləşdirməyin və ya pərdənin qalın materialdan olmasını təmin edin;
– içində müəyyən qədər ərzaq və su, tibb çantası, vacib sənədlər, pul, fənər və isti paltar olan ehtiyat çantasını həmişə əl altında saxlayın;
– bütün ailə üzvləri qaz, su və elektrik enerjisinin haradan, necə bağlanıb-söndürüldüyünü bilməlidir;
– evin dəhliz və çıxış yerlərini artıq əşyalardan təmiz saxlayın.
Zəlzələ zamanı nə etməli:
– ilk təkanı hiss etdikdə binanı təhlükəsiz tərk etmək üçün cəmi 10-15 saniyə vaxtınız olduğunu bilin;
– evdən çıxarkən ehtiyat çantası və mobil telefonunuzu götürün;
– qaz, su və elektrik enerjisini ümumi şəbəkədən söndürün;
– binanı tərk edib açıq və təhlükəsiz yerdə dayanın;
– əgər binanı 10-15 saniyə ərzində tərk etmək mümkün deyilsə, evdə qalın;
– liftdən istifadə etməyin;
– təşvişə düşüb yüksək mərtəbədən tullanmayın;
– evdə təyin etdiyiniz təhlükəsiz yerə (yükdaşıyan divar və beton sütun) keçin;
– dəmir ayaqlı masa varsa, onun altına girin;
– diz üstə çökün və ya böyrü üstə uzanıb ayaqlarınızı bükün və əllərinizlə başın arxa hissəsini qucaqlayaraq qorunun;
– yanınızda azyaşlı varsa, onu öz bədəninizlə qorumağa çalışın.
Zəlzələ sizi küçədə haqlayıbsa:
– bina, elektrik dirək və xətləri, sıldırımlı yerlər, körpülərdən uzaq durun, dərhal açıq sahəyə çıxın;
– əgər avtomobillə açıq sahədə hərəkət edirsinizsə, onu dayandıraraq pəncərələri bağlayıb, içində təkanların bitməsini gözləyin;
– əgər avtomobillə binaların yaxınlığında hərəkət edirsinizsə, dərhal onu tərk edib, açıq sahəyə çıxın.
Zəlzələdən sonra nə etməli:
Zəlzələ sizi bina xaricində haqlayıbsa və dağıntı baş veribsə:
– mümkündürsə, zərərçəkmişlərə kömək edin, onlara ilkin yardım göstərin;
– dağıntı olan yerlərə yaxınlaşmayın (yaşadığınız bina olsa belə);
– yaşadığınız binaya daxil olmaq üçün əvvəl şəraiti dəqiq qiymətləndirib sonra qərar verin;
– zədələnmiş binada qaz sızması ola bildiyindən açıq alışdırıcıdan (kibrit, alışqan) istifadə etməyin.
Zəlzələ siz evdə olarkən baş veribsə və dağıntı yoxdursa:
– zəlzələ sizi gecə vaxtı haqlayıbsa, kibrit və ya alışqandan deyil, fənərdən istifadə edin;
– qaz, su və elektrik enerjisini ümumi şəbəkədən söndürərək binanı tərk edin;
– kiçik yanğın ocağı varsa, onu öz qüvvənizlə söndürməyə çalışın;
– yanğını müstəqil söndürmək mümkün deyilsə, uşaq, yaralı və əlillərə kömək etməklə təhlükəsiz bir yerə çıxın;
– zəlzələ barədə ən son məlumatları izləyib göstərişlərə əməl edin;
Zəlzələ nəticəsində dağıntı altında qalmısınızsa:
– təşvişə düşməyin, ehtiyac varsa, özünüzə ilkin yardım göstərməyə çalışın;
– əgər özünüzü və ətrafdakıları dağıntı altından çıxarmağa gücünüz çatırsa, bunun üçün ən az qüvvə tələb edən üsulu seçin;
– qüvvə və bacarığınıza tam əmin deyilsinizsə, xilasediciləri gözləyin;
– maşın və texnikanın səsi kəsilibsə, demək, xilasedicilər “sükut anı” elan edib. Bu sükutdan istifadə edib qışqıraraq, ətrafdakı əşyaları ehmalca döyəclə
– yərək və ya mobil telefonla yerinizi bildirməyə çalışın.