Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasını təftiş edir
Aztimes.az xəbər verir ki, Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalara başlayıb. Yoxlamaların nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
Yenixeber.org: 2021-ci il üçün dövlət büdcəsindən QHT-lərə Dövlət Dəstəyi Şurasına 6,3 milyon manat ayrılması nəzərdə tutulub. Bu vəsait “vətəndaş cəmiyyətinin möhkəmlənməsinə və davamlı inkişafına nail olunmasına, ictimai əhəmiyyətli problemlərin həlli ilə bağlı qeyri-hökumət təşkilarlarına maliyyə yardımının göstərilməsinə” yönəldilməlidir.
QHT-lərə Dövlət Dəstəyi Şurası 2007-ci ilin dekabrında yaradılıb. Həmin tarixdən etibarən onun dəyişməz sədri deputat Azay Quliyevdir. Şura, bir qayda olaraq, hakimiyyəti dəstəkləyən QHT-lərə dəstək göstərir.
Hazırki yoxlamanın səbəbi məlum deyil.
Bir müddət əvvəl Hesablama Palatası KİV-ə Dövlət Dəstəyi Fondunda da bənzər yoxlama aparıb, burada böyük mənimsəmə və oğurluq faktları aşkar edilib. Nəticədə qurumun sədri Vüqar Səfərli həbs edilib. O, 6 mln. manatdan çox vəsaiti mənimsəməkdə və oğurlamaqda ittiham olunur.