Polis Qubada universitet tələbələri ilə görüşdü

Baxılıb:244
Polis Qubada universitet tələbələri ilə görüşdü

Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında narkomaniyanın fəsadlarından bəhs edən maarifləndirmə tədbiri keçirilib.

“Narkomaniyaya yox deyək” mövzusunda keçirilən tədbirdə çıxış edən RPŞ-nin rəisinin xidmət üzrə müavini, polis polkovnik-leytenantı Vüsal Rüstəmov narkotik vasitələrin insanlar üçün yaratdığı problemlərdən danışıb və narkotiklərin bir nəfərin yox, ümumiyyətlə cəmiyyətin problemi olduğunu qeyd edib. O, Daxili İşlər Nazirliyinin (DİN) narkotik vasitələrə qarşı ölkə boyu həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar barədə tələbələri məlumatlandırıb, onları sağlam gələcək naminə narkotik vasitələrdən uzaq durmağa çağırıb.

Həmçinin çıxış edən RPŞ-nin azyaşlılar üzrə baş inspektoru, polis mayoru Orxan Şahmarov gənclərə daima diqqətli olmalarını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər haqqında məlumat əldə etdikdə bu barədə valideynlərinə, müəllimlərinə və polisə məlumat vermələrinin vacib olduğunu bildirib.

Tədbirin sonunda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və narkomaniyanın fəsadlarından bəhs edən sosial çarxlar nümayiş etdirilib.

AzTimes.az


Abunəlik