Quba polisi Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan yarış keçirib

Baxılıb:575
Quba polisi Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan yarış keçirib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları arasında kikboks üzrə yarış keçirilib. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda, eləcə də vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

RPŞ-nin rəisi, polis polkovniki Mehman Əliyev ulu öndər Heydər Əliyevin idmana və idmançılara dövlət səviyyəsində göstərdiyi qayğıdan bəhs edib. Bildirilib ki, xalqımızın Ümummilli Lideri ölkəmizdə idmanın yüksək səviyyədə inkişaf etməsi üçün geniş imkanların yaradılmasını daim diqqət mərkəzində saxlayıb. Bunun nəticəsidir ki, idmançılarımız yarışlarda yüksək nailiyyətlər qazanıb, üçrəngli bayrağımızı uca zirvələrdə dalğalandırıblar. Ölkəmiz möhtəşəm idman tədbirlərinə ev sahibliyi edir, dünyada idman ölkəsi kimi tanınır. Təbii ki, bu uğurların qazanılmasında daxili işlər orqanlarında xidmət edən bir çox əməkdaşların da payı var. Daha sonra yarışa start verilib. Birincilik uğrunda müxtəlif çəki dərəcələri üzrə 110-a yaxın iştirakçı gücünü sınayıb. Yarışı DİN-in İdman Cəmiyyətinin İdman Təşkili Bölməsinin baş inspektoru, polis polkovnik-leytenantı Zaur Məcidov və Quba RPŞ-nin əməkdaşı, polis leytenantı Coşqun İsmixanov idarə ediblər.Yekunda qaliblərə diplom və medallar təqdim olunub.

AzTimes.az


Abunəlik