Rayona getmək istəyənlərin NƏZƏRİNƏ: Kəskin BAHALAŞDI

Baxılıb:191
Rayona getmək istəyənlərin NƏZƏRİNƏ: Kəskin BAHALAŞDI

İnsanlar Ramazan bayramı ilə əlaqədar tətil günlərində rayonlara üz tutur. Müxtəlif bölgələrdə hotellərə və fərdi evlərə tələbatın artdığı müşahidə olunur. Bu isə təbii ki, qiymətlərə təsir göstərir. Ümumiyyətlə, qiymətlər digər bayramlarda da iki qat qalxır. Bu, regionlardan da asılıdır.

Məsələn, Şamaxıda 70-80 manat arasında olan həyət evləri bayram günlərində 150-160, 110-150 manat arasında olan villaların qiyməti isə 200-300 manat arasında dəyişir. Qəbələdə isə adi günlərdə 80 manata olan ev 170 -180, günü 150 manat olan villalar isə 250 manata (hətta 800 manata) təklif olunur.

Bəs, ikiqat qiymət artımının əsas səbəbi nədir?

Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli açıqlama verib.

Onun sözlərinə görə, bu qiymət artımları mövcud inflyasiya ilə bağlıdır:

“Bunun bayramlarla əlaqəli olduğunu düşünmürəm. Buna son aylarda baş verən inflyasiyanın məntiqi ardıcıllığı kimi baxıram. 2022-ci ilin sonu 2023-cü ilin ilk rübündə qiymətlər bahalaşıb. Bu da nəticə etibarilə insanların həyat tərzinə də təsir göstərir. İnsanların problemləri çoxalıb, həlli isə bahalaşıb. Ona görə də evlərini kirayə verən şəxslər onun qiymətini artırırlar”.

Ekspert fərdi evlərlə yanaşı, hotellərin də xərclərinin artdığını vurğulayıb:

“Hotellərin də xərci çoxalıb. Əvvəl kartofu 70-80 qəpiyə alırdılar, indi isə 1.50 qəpiyə alırlar. Digər meyvə və tərəvəzlərdə də belədir. Eyni zamanda, inflyasiyaya qarşı işçilərin də əmək haqqı artırılıb. Bütün bunlar hotelin maya dəyərini qaldırır. Ona görə də hotel sahibləri zaman-zaman əllərinə bəhanə düşdükcə qiymətləri qaldırıb vəziyyəti yaxşılaşdırmağa çalışırlar”.


Abunəlik