BDU-da akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş respublika konfransı keçirildi

Baxılıb:215
BDU-da  akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş respublika konfransı keçirildi

AzTimes.az xəbər verir ki, tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova BDU-nun rektoru Elçin Babayev, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, alim və ziyalılarımızla birlikdə iştirak edib.

Parlamentin komitə sədri, BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri Hicran Hüseynova qeyd edib ki, akademik Zərifə Əliyeva tibb elminə yüksək, zəngin erudisiyaya malik novator alim kimi daxil olub, böyük məktəb yaradıb. Yüksək intellektual səviyyəsi, sərrast düşüncələri, səmimi, xoş münasibəti onu hamıya sevdirirdi. Yüksək səviyyəli peşəkar kimi neçə-neçə insanın gözünə işıq verib onları həyata qaytaran akademik Zərifə Əliyeva həmişə xüsusi qayğıya ehtiyacı olan insanlara böyük diqqətlə yanaşırdı. Onun xatirəsini sadə xalqın yaddaşında ehtiramla yaşadan həm də bu mərhəmət və şəfqətdir. Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan qadınının problemlərinə böyük diqqət yetirməsində Zərifə xanımın şəxsi nümunəsi də mühüm rol oynayırdı. Güclü şəxsiyyət və dərin zəka sahibi Zərifə xanım Ulu Öndərə etibarlı mənəvi dayaq idi.

H.Hüseynova çıxışında bildirib: “Zərifə  xanım az yaşadı, lakin qısa bir tarixi əhatə edən həyatında çox böyük işlər gördü. Zərifə xanım bu gün də onu tanıyanların qəlbində qayğıкеş, mehriban ana, sədaqətli ömür yoldaşı, istedadlı alim, bacarıqlı həkim, etibarlı dost, səmimi insan kimi yaşayır. Elmi və ictimai fəaliyyətinin çox geniş olmasına baxmayaraq, Zərifə xanımın həyatda ən ağır məsuliyyəti Ümummilli Lider Heydər Əliyevlə ailə qurması idi. Çünki bu incə təbiətli, kövrək qadın öz zərif çiyinlərində dünya şöhrətli siyasətçinin, böyük bir xalqın Milli  Liderinin  yaxın silahdaşı və övladlarının anası olmaq  missiyasını şərəflə daşıyır, Ulu Öndərin inam və etibarını hər addımında doğruldurdu.  
Zərifə xanımın dünyaya gəldiyi ailədə bütün yüksək insani keyfiyyətlər nəsildən-nəslə keçmişdi. Azərbaycanın görkəmli ictimai xadimlərindən olan акаdemik Əziz Əliyev övladlarını mənəvi dəyərlər, milli ənənələr üzərində tərbiyə etmişdi. Uşaqlıqdan bu gözəl ailədə yiyələndiyi xüsusiyyətlər bütün həyatı boyu Zərifə xanıma  çox kömək etdi. Bu  təmkinli, səbirli, dözümlü qadın biliyi, bacarığı, müdrik söhbətləri, duzlu zarafatları, səmimi, xoş rəftarı ilə, ətrafındakılara şəfqəti, mərhəməti ilə  hamının rəğbətini qazanmışdı. Azərbaycan qadınlarının bütün gözəl keyfiyyətlərini özündə birləşdirmiş Zərifə xanım bir həkim kimi də insanlara təmənnasız sevgi bəxş etmişdi.
Qeyd etmək lazımdır ki, Zərifə xanım Azərbaycanda oftalmologiya sahəsində ilk akademik qadın olmuşdur. Onun səyi və təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılmışdı. Alimin elmi fəaliyyətini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev demişdir: “Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi, tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır. İkincisi, Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəlikdən xilas etsin, sağlamlaşdırsın”.  Akademik Zərifə Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, «Bilik» Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O həm də «Oftalmologiya xəbərləri» jurnalının redaksiya heyətinin üzvü idi. Sovet Sülhü Müdafiə Komitəsində fəaliyyət göstərən ilk azərbaycanlı qadın idi.  Keçmiş SSRİ Qadınlar Komitəsinin sədr müavini (sədr ilk kosmonavt qadın- Valentina Tereşkova idi) kimi qadın hərəkatına mühüm töhfələr vermişdir.
Vətənə, valideynlərinə yüksək məhəbbət hissi bəsləyən, milli ruha, yüksək mənəvi keyfiyyətlərə malik  uşaqların böyüyüb boya-başa çatması, tərbiyə alması hər valideynin, ailənin arzusudur.  Bu gün onun müqəddəs ailə çırağını iki gözəl övladı, nəvələri  yandırırlar.  Bu gün xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadan Prezident İlham Əliyev Zərifə xanımı dərin ehtiramla  xatırlayaraq demişdir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi. Böyük Lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”. Bu gün ruhu şaddır ki, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları böyük Öndərin layiqli davamçısı kimi Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi yolunda nəhəng işlər görür. Azərbaycanın Prezidenti cənab İlham Əliyev özünün yorulmaz və əzmkar fəaliyyəti, böyük zəhməti və doğma Vətənə sonsuz sədaqəti sayəsində ölkəmizin bütün dünyada lider dövlətə çevrilməsini təmin edir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva Zərifə xanımın ənənələrini davam etdirir. Yüksək dəyərləri öz şəxsiyyətində birləşdirmiş Mehriban xanım milli-mənəvi sərvətlərimizin qoruyucusudur. O, Azərbaycanda təhsilin, səhiyyənin, mədəniyyətin və digər sahələrin inkişafı üçün əlindən gələni edir. Özünün ictimai fəallığı və şəxsi örnəyi ilə müasir Azərbaycan qadınını bütün dünyada ləyaqətlə təmsil edir. Arzularımızın həyata keçməsi üçün bir alim, insan ömrü çatmaya bilər. Lakin bir alimin ğxalqın gələcəyi naminə gördüyü hər hansı bir iş, söylədiyi  bir fikir, yazdığı bir əsər onun tarixdə əbədi yaşamasına kifayətdir. Akademik Zərifə Əliyevanın gördüyü nəhəng işlər, yazdığı fundamental əsərlər, hazırladığı çoxsaylı tibb kadrları  onu  əbədi yaşar, ölməz edir”


Abunəlik