Sayt rəhbəri Şamaxıda baş verənlərlə bağlı yazıya görə təhdid olunur – DİN-ə MÜRACİƏT
AzTimes.az xəbər verir ki, bu barədə konkret.az saytının redaktoru Fadil Paşayev şəxsi Facebook hesabında məlumat paylaşaraq Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb. O, bildirib ki, Şamaxı rayonunda baş verən qanunsuzluqları ictimailəşdirdikdən sonra ona təhdid dolu mesajlar gəlməyə başlayıb. Başibəlalı paylaşımı sizə təqdim edirik:
Şamaxı Rayon İcra Hakimiyyətinin ərazi və yerli özünüidarəetmə şöbəsinin müdiri Mərdan Nəhmətovla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olmaqda davam edir. Qeyd edək ki, biz bu məlumatların əksəriyyətini yerindəcə araşdırmışıq. Əlimizdə kifayət qədər foto və sənədlər, səs yazıları və siyahılar var. Həmin məlumatları icra hakimiyyətinin email poçtuna göndərməklə qarşı tərəfin mövqeyini öyrənəcəyik də. Sözüm onda deyil.
Sözümün əsas canı odur ki, Şamaxıda dəhşət yaşanır. Sakinlər boğaza yığılıb. Uzun illər saxta diplomla Qobustan Rayon Hərbi Komissarı işlədiyi iddia edilən Mərdan Nəhmətov təqaüdə çıxdıqdan sonra Tahir Məmmədovun dövründə şöbə müdiri vəzifəsinə işə düzəlib.
Yerlərdə icra nümayəndələrini, müavinləri, bələdiyyə başçılarını rüşvət müqabilində işə götürür. Bununla bağlı siyahı da var. Kimin nə qədər pul verdiyi ilə bağlı sübut və iddialar da mövcuddur. Lazım gəldikdə bəzi icra nümayəndələri bunu təsdiq edəcəklər.
İşin dəhşətli tərəflərindən biri də odur ki,
Mərdan Nəhmətov hər icra nümayəndəsinə motorola telefonları verib və aylıq onlardan 20 manat pul toplayır. Bu adam əsl “istedad”dır. Daşdan da pul çıxarır. Daş dedim yadıma onların ailə məzarlığı düşdü. Deməli, rayonun təmiri zamanı alınan və ya sökülən daş üzlükləri doğmalarının qəbir daşlarına vurdurmağa cəhd edib. Deyəsən, qarşısı qismən alınıb.
Xülasə, torpaq və tikinti icazələrinə birbaşa Nəhmətovun nəzarət etdiyi deyilir. Şamaxıda bir sıra bahalı yerlərdə torpaq və villalara, obyektlərə sahib olduğu barədə konkret fotoşəkillər və sənədlər var.
Kənd təsərrüfatı təyinatlı torpaq sahələrində tikintiyə icazə verən (bununla bağlı foto və səsyazıları var) Mərdan Nəhmətov törətdiyi qanunsuzluqlarla bağlı iddialara görəsən, nə cavab verəcək?
Nəzərinizə çatdıraq ki, Fadil Paşayev məsələ ilə bağlı DİNə müraciət edib.