Hicran Hüseynova “Dostum ol” şüarı ilə keçirilən autizm və daun sindromlu uşaqları əhatə edən aksiyada iştirak etdi

Baxılıb:256
Hicran Hüseynova “Dostum ol” şüarı ilə keçirilən autizm və daun sindromlu uşaqları əhatə edən aksiyada   iştirak etdi

AzTimes.az xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Bakıdakı “Liv Bona Dea” hospitalı 100 uşağı ödənişsiz müayinə edəcək.

Qeyd edək ki, martın 16-da Hospitalın təşəbbüsü, “Türkiyə -Azərbaycan Dostluq, İşbirliyi və Həmrəylik Vəqfi”, ”Qayğı Uşaq Reabilitasiya Mərkəzi”, ”Qafqaz Qadınlar Assosiasiyası” və “Qarabağ” FK-nın tərəfdaşlığı ilə təşkil olunan tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova Türkiyədən xüsusi olaraq dəvət olunan qonaqlarla o cümlədən, yazar professor İlyas Topsakal, Emel Yenigün, professor Aygün Attar, Türkiyə-Azərbaycan könüllüsü Monik İpekel və tanınmış ictimaiyyət nümayəndələri ilə birlikdə iştirak edib.

Hospitalın baş direktoru Taner Özbek çıxış edərək bildirib ki, “Dostum ol” şüarı ilə keçirilən aksiya autizm və daun sindromlu uşaqları əhatə edəcək, onların göz və ürək müayinəsi hospital tərəfindən qarşılanacaq. Baş direktor həmçinin qeyd edib ki, cəmiyyətin sosial həyatına dəstək məqsədilə Liv Bona Dea Hospitalında bu vaxta qədər “Türkiyə-Azərbaycan qardaşlığının 360 dərəcə dəyərləndirilməsi”,“Nəsilləri yaradan qadın gücünün cəmiyyətdəki yeri”, “Şəhid ailələri və müharibə iştirakçılarına dəstək“, “Beynəlxalq əlillər günü, sevginin sərhəddi yoxdur” adlı tədbirlər təşkil edilib. Bu tədbirlərə müvafiq olaraq 500 nəfərə ürək müayinəsi, 300 qadına süd vəzi və mamoqrafiya , 100 nəfərə isə ağciyər müayinəsi tam ödənişsiz həyata keçirilib.

Millət vəkili Hicran Hüseynova isə bu cür layihələrin keçirilməsinin cəmiyyətimiz üçün çox vacib olduğunu bildirdi: “Çox sevinirəm ki, bu cür layihə keçirilir. Bu cür layihələrin keçirilməsi hər birimiz, hamımız üçün çox vacibdir. Layihədə iştirak edən hər kəsə uğurlar arzulayıram. Biz də öz köməyimizi, dəstəyimizi verməyə hazırıq.
Arzu edirəm ki, nəinki Azərbaycanda, Türkiyədə, bütün dünyadakı uşaqlar heç bir problemlə üzləşməsin, hər zaman üzləri gülsün, sevinsinlər”.
Parlamentin komitə sədri belə sosial-xeyriyyə layihənin həyata keçirilməsində əməyi olan hər kəsə öz təşəkkürünü bildirib.

Daha sonra tədbir iştirakçıları daun sindromlu uşaqların maraqlı rəqsini izləyiblər.
Tədbirin sonunda layihədə yaxından iştirak edənlər mükafat və sertifikatlarla təltif olunublar.


Abunəlik