“Əli İnsanov martda əfv oluna bilər” -AÇIQLAMA

Baxılıb:625
“Əli İnsanov martda əfv oluna bilər” -AÇIQLAMA
Son günlərdə Azərbaycan hakimiyyəti tərəfindən ciddi addımlar atılmaqdadır. Bu addımlar bütün sahələri əhatə edir. Prezident İlham Əliyevin şəhid ailələri ilə görüşü, imzaladığı bir sıra sərəncamlar, bir-birinin ardınca bölgələrə səfərləri və digər görülən işlər bunları əyani sübut edir.
Bütün bunların fonunda siyasi məhbuslar məsələsi bir daha gündəmə gəlib. Hüquq müdafiəçilərinin nazirlərlə və aidiyyəti qurumlarla keçirdikləri görüşlər həbsdə olan siyasilərlə bağlı ümidlənməyə əsas verir.
Siyasi məhbusların içərisində ilk göz önünə gələn isim isə 14 ilə yaxındır həbsxana həyatı yaşayan sabiq səhiyyə naziri Əli İnsanovdur. Nəhayət, ölkə iqtidarının keçmiş nazirə güzəşt edəcəyi ehtimal edilir. Azərbaycan hökumətinin siyasi məhbus problemini birdəfəlik həll etmək üçün mart ayında ciddi addımlar atacağı bildirilir. Heç şübhəsiz ki, bu addımlar atılarsa, Ə.İnsanov azadlığın qoxusunu duyan ilk məhbuslardan olacaq.Похожее изображение
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu “Yeni Müsavat”a ümidli danışdı:Похожее изображение“Tək Əli İnsanovun deyil, bütün siyasi məhbusların azadlığa çıxmasını istəyirəm. Bu gün ciddi islahatların, prezidentin atdığı addımların şahidi oluruq. Bunlar həm xalq, həm də beynəlxalq aləm tərəfindən təqdir olunur. Bizim Avropa İttifaqı və Şurasının nümayəndələri ilə görüşlərimiz olur. Görüşlərdə bunların şahidi oluruq. Azərbaycanda atılan addımları müsbət dəyərləndirirlər. Siyasi məhbusların içərisində Əli İnsanov da var. Biz siyasi məhbus problemini tam aradan qaldırsaq, müsbətə doğru çox şeylərə nail ola bilərik. Əli İnsanovun azadlığa çıxmasını çox istəyirəm. O, Heydər Əliyevin ən yaxın dostlarından olub. Heydər Əliyevin yanında çox böyük xidmətləri olub. Əli İnsanov daxil, bütün siyasilər azad edilsə, hamının yanında başı uca gəzərik, sözümü tam şəkildə deyə bilərik. Aparılan islahatlarla bərabər bütün siyasi məhbuslar da azad olunsa, əmin olun ki, hər kəs Azərbaycana həsəd aparacaq. Əli İnsanov yaşlı adamdır. 14 il həbsdə olduğu müddət ərzində bir dəfə də onun nəyəsə irad tutduğunun şahidi olmamışıq. Bu insanın akademik olmağı, həbsxanada özünü ləyaqətlə aparmağı azad olunmasına əsas verir. Çox ümid edirik ki, sabiq nazir bu dəfə azad olunacaq”.
Hüquq müdafiəçisi sabiq nazirin əfv ərizəsi yazmamasının hansı nəticələr verə biləcəyinə də toxundu: “Biz bütün siyasilərin adından əfv üçün məktub yazırıq. Prezidentdən xahiş edirik ki, filankəslər azad olunsun. Bu baxımdan Əli İnsanov əfv yazmasa belə, onun adından onsuz da əfv müraciətləri edilib. Hesab edirəm ki, yaşına, işinə baxılıb, Əli İnsanov əfv oluna bilər”.Картинки по запросу əli insanov
Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. 2007-ci ilin aprel ayında məhkəmə sabiq nazirin əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum olunması haqda hökm çıxarıb. Məhkəməsində Ə.İnsanov irəli sürülən ittihamlarla razılaşmadığını, onların heç birini qəbul etmədiyini bəyan edib. 2013-cü ilin martında Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun işi üzrə qərarı açıqlayıb. Məhkəmə İnsanovun Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncələrin qadağan olunması) və 6-cı (ədalətli məhkəmə təhqiqatı hüququ) hüquqlarının pozulduğunu təsdiq edib və ona 10 min avro təzminat ödənilməsi barədə qərar çıxarıb. Lakin Avropa Məhkəməsinin qərarı keçmiş nazirin azad edilməsi üçün yetərli olmayıb.
Belə ki, 2016-cı il avqustun 24-də Qaradağ Rayon Prokurorluğu Ə.İnsanova Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) , 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə ) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması və istifadəsi) maddələri ilə yeni ittiham elan edilib. Həmin gün sabiq nazir təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Yeni cinayət işinin istintaqı ilə əlaqədar Ə.İnsanov 13 saylı cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb. Qaradağ Rayon Məhkəməsi 2016-cı il oktyabrın 11-də İnsanov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib, sonradan bu müddət bir neçə dəfə uzadılıb. İttihama görə, o, 2016-cı il avqustun 23-də xidməti vəzifəsini yerinə yetirən ədliyyə mayoru Anar Məmmədova zor tətbiq edib. Bəyan olunub ki, avqustun 23-də 13 saylı cəzaçəkmə müəssisəsində rejim qaydalarına baxış tədbirləri keçirilərkən Ə.İnsanovda psixotrop maddə hesab edilən həblər, cəzaçəkmə müəssisələrində qadağan olunmuş güclü təsiredici dərman vasitəsi aşkar olunub, Penitensiar Xidmətin əməkdaşları protokol tərtib edərkən Əli İnsanov onlara mane olmağa cəhd göstərərək protokolu cırıb, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq edib və sağlamlığı üçün təhlükəli xəsarətlər yetirib.
2017-ci il aprelin 26-da hakim Rəşad Mustafayevin sədrliyi ilə Qaradağ Rayon Məhkəməsində bu ittihamlar üzrə proses yekunlaşıb. Əli İnsanov növbəti dəfə 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Beləliklə, 2005-ci ildə həbsə alınmış sabiq nazirin həbsi 2023-cü ilədək uzadılıb. Ə.İnsanov ittihamları qəbul etmir, bunu siyasi sifariş sayır. O, tibb elmləri doktorudur, 1993-2005-ci illərdə səhiyyə naziri postunu tutub.
AzTimes.az ( “Yeni Müsavat” a istinad)

Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir