70 yaşlı Məleykə Abbaszadə yola salınır

Baxılıb:177
70 yaşlı Məleykə Abbaszadə yola salınır

Martın 5-də və 12-də keçirilən buraxılış imtahanlarında sualların çətin olması Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyətilə bağlı müzakirələri yenidən alovlandırdı.

DİM-in keçirdiyi imtahanlarla bağlı narazılıq əvvəlki illərdə də olub. Amma bu il etirazlar kütləvi xarakter aldığı üçün bu məsələnin müzakirəsinə həm elektron, həm də yazılı KİV-lər daha geniş yer ayırır.

Qeyd edək ki, əsas narazılıq 11-ci sinif şagirdləri üçün martın 12-də keçirilən buraxılış imtahanlarıyla bağlıdır. Nəinki şagirdlər, hətta təcrübəli müəllimlər də hesab edirlər ki, sonuncu buraxılış imtahanı əvvəlki ilə müqayisədə daha çətin olub. Yəni, DİM ayrı-seçkilik edib. Martın 5-də imtahan verən şagirdlərdən fərqli olaraq, martın 12-də imtahan verən məktəbliləri daha çətin suallarla sınağa çəkib.

Azərbaycan dili və riyaziyyat fənlərindən sualların çətin olduğunu repetitor fəaliyyətilə məşğul olan şagirdlər efir vasitəsilə dilə gətiriblər. Onların iddiasına görə, martın 12-də riyaziyyat fənnindən şagirdlərə ali məktəblərin 3-cü kursunda tədris olunan dərsliklərdən suallar ünvanlanıb. Azərbaycan dilindən isə ikinci mətn uzun və mürəkkəb olub. 85 suala 180 dəqiqə ərzində cavab verməli olan şagird təkcə bir sualı cavablandırmaq üçün ən azı 20 dəqiqə vaxt itirib.

Bu faktların ictimailəşməsi DİM-in fəaliyyətinin hərtərəfli təftiş olunmasına zəmin yaradıb. İndi bu qurumda islahatlar aparılmasının qaçılmaz olduğunu düşünən xeyli mütəxəssis var. Hətta DİM-in ləğv olunmasını təklif edənlər də var. Çox adam hesab edir ki, DİM ləğv olunmasa belə bu qurumda köklü islahatlar aparılmalıdır. Sözügedən Mərkəzin yarandığı gündən bəri eyni metodologiya ilə imtahan keçirməsi haqlı narazılqılara səbəb olub. Digər qurumlar kimi DİM-in də yenilənməsi zamanın tələbidir.

Qeyd edək ki, DİM sədri Məleykə Abbaszadə 29 ildir ölkədə qəbul prosesini həyata keçirən qurumun başında dayanır. Onun karyerasındakı “partlayış” 1994-cü ilə təsadüf edir. Xanım Abbaszadə həmin il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədr müavini təyin olunub. O, 2000-ci ilə kimi sədrin səlahiyyətlərini icra edib.

2000-2016-cı illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri olan M. Abbaszadə 2016-cı ildən bu günə kimi həmin qurumun bazasında yaradılan Dövlət İmtahan Mərkəzinə rəhbərlik edir. Göründüyü kimi, qurumun adı dəyişsə də, ona rəhbərlik edən adam dəyişməyib.

DİM ətrafında bu qədər böyük ajiotajın yaranmasına səbəb nədir? Ölkədə rüşvət və korrupsiyasının girdabında boğulan çoxsaylı qurumlarına rəğmən, M. Abbaszadənin və komandasının hədəfə götürülməsi nə ilə bağlıdır?

“Yeni Sabah” məsələni araşdırarkən maraqlı məlumatlar əldə edib. Məlum olub ki, DİM-lə bağlı irəli sürülən iddiaların bir qismi real faktlara söykənir. Həqiqətən həm martın 5-də, həm də 12-də keçirilən buraxılış imtahanlarında suallar çətin olub. Hətta düzgün tərtib edilməyən suallar da olub.

DİM-in publik hüquqi şəxs kimi fəaliyyət göstərməsi bu qurumun fəaliyyətində mənfi izlər buraxıb. Son illər DİM tərəfindən nəşr olunan əlavə vəsaitlərin çoxunun kommersiya xarakteri daşıdığı heç kimə sirr deyil. DİM-in Elm və Təhsil Nazirliyinin nəşr etdiyi və orta məktəblərdə tədris olunan dərsliklərdən deyil, öz vəsaitlərindən, o cümlədən repetitor hazırlığı ilə məşğul olan kurslar tərəfindən hazırlanmış dərsliklərə əsaslanaraq suallar tərtib etməsi şübhələrə yol açıb.

Araşdırmalarımız zamanı məlum oldu ki, DİM sədri M. Abbaszadə artıq hakim komandada “arzuolunmaz adam”a çevrilib. Gəncləşmə kursu götürən iqtidar komandası ötən ay 70 yaşını tamamlamış xanım Abbaszadəni öz sıralarında görmək istəmir. Maraqlısı isə odur ki, bunu dəfələrlə onun özünə çatdırıblar. Amma DİM sədri bu təklifə həvəssiz yanaşıb. O, hələ bir müddət DİM-ə rəhbərlik etmək arzusunda olduğunu gizlətməyib.

Qeyd edək ki, Ali Məhkəmənin keçmiş sədri Ramiz Rzayev də analoji mövqedən çıxış edib. Lakin qəfildən kollektivlə vidalaşmaq məcburiyyətində qaldı.

Müşahidəçilər M. Abbaszadənin də eyni aqibətlə üzləşəcəyini proqnozlaşdırırlar. Bu il ali məktəblərə hazırlaşan abituriyentlərin M. Abbaszadənin dövründə imtahan verən sonuncu nəsil olacağı bildirilir.


Abunəlik