Azərbaycan Prezidenti Roma Papasını təbrik etdi

Baxılıb:157
Azərbaycan Prezidenti Roma Papasını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-müqəddəsləri,

Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. Biz sivilizasiyalararası və dinlərarası dialoqun, multikulturalizm dəyərlərinin qorunub saxlanması və daim inkişaf etdirilməsi yolunda uzun illərdən bəri davam edən fəal və səmərəli əməkdaşlığımıza xüsusi əhəmiyyət veririk. Ölkəmizin Müqəddəs Taxt-Tacda səfirliyinin təsis edilməsi münasibətlərimizin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinin göstəricisi və Azərbaycan-Müqəddəs Taxt-Tac əlaqələrinin inkişafına verdiyimiz önəmin bariz təzahürüdür.

Multikulturalizm və tolerantlıq xalqımızın həyat və yaşam tərzini özündə əks etdirən mühüm dəyərlər olmaqla yanaşı Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindəndir. Əsrlər boyu müxtəlif din və etiqadlara mənsub insanların mehribanlıq və qarşılıqlı hörmət şəraitində yaşadığı ölkəmizdə məscidlərin, sinaqoqların və kilsələrin yanaşı fəaliyyət göstərməsi bizim böyük tarixi nailiyyətimizdir. Azərbaycandakı katolik dini icmasının daim böyük diqqət və qayğı ilə əhatə olunması bunun əyani göstəricisidir.

Ölkəmizin Vatikanın tarixi yerlərinin bərpasında iştirakından məmnunluq duyur və bunun dünya mədəni irsinin, zəngin incəsənət xəzinəsinin qorunub saxlanmasına və gələcək nəsillərə ötürülməsinə, eləcə də mədəniyyətlərarası dialoqa töhfə verəcəyinə inamımı ifadə edirəm.

Zati-müqəddəsləri, mən Sizin Azərbaycan və Müqəddəs Taxt-Tac arasında əlaqələrin inkişaf etdirilməsində və möhkəmləndirilməsində, səmimi dialoqumuzun genişləndirilməsində xidmətlərinizi xüsusi qeyd etmək istərdim. Azərbaycandakı multikultural mühit və tolerantlıq ənənələrinə daim verdiyiniz yüksək qiymətə görə Sizə təşəkkür edirəm.

İnanıram ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında ümumbəşəri dəyərlərin təşviqi, insanlar arasında qarşılıqlı anlaşma və həmrəyliyin bərqərar olması istiqamətində əməkdaşlıq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xeyirxah və müqəddəs missiyanızda uğurlar diləyirəm”.


Abunəlik