Azərbaycan 10-cu Qlobal Bakı Foruma uğurla ev sahibliyi edir

Baxılıb:209
Azərbaycan 10-cu Qlobal Bakı Foruma uğurla ev sahibliyi edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 9 mart tarixində “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda işə başlayan nüfuzlu beynəlxalq Forumda dünya qarşısında duran mühüm çağırışlar müzakirə olunmaqdadır. Beləliklə, təxmin edə bilərik ki, müzakirələrin səviyyəsi kifayət qədər yüksəkdir.

Bu gün Azərbaycanın yüksək səviyyəli mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsi dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzunun göstəricisidir. Əsasən, son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı mühüm, etibarlı tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. 2013-cü ildən bəri keçirilən Qlobal Bakı Forumu artıq Davos Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi müasir dünyamızın aktual problemlərinin müzakirə olunduğu, perspektivi müəyyən edən ideyaların yarandığı və təşəbbüslərin irəli sürüldüyü gələcəyə nəzər salmağa imkan verən beynəlxalq diskussiya platforması statusunu alıb. Məhz bunun nəticəsidir ki, bu dəfə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.

Bu gün Azərbaycan regionda lider dövlətə çevrilməsi, günbəgün nüfuzunun artması əlbəttə digər dövlətlərin Azərbaycana daha çox yaxınlaşmasının zəruri edir. Xüsusən də həm 44 günlük müharibədən böyük zəfərlə çıxması, pademiya ilə bağlı çətinlikərə baxmayaraq möhkəmlik göstərməsi, iqtisadi inkişaf dinamikasını qoruyub saxlaması doğru siyasətin və balanslı münasibətlərin nəticəsidir. Prezident İlham Əliyev Forumda çıxışı zamanı bildirib ki, bu gün biz soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş bəlkə də ən ciddi Şərq-Qərb qarşıdurmasının şahidi oluruq: «Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və Qoşulmama Hərəkatının təməl prinsiplərinin – Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır. Həmin prinsiplər – sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığından ibarətdir. Münaqişələrin həllinə gəldikdə, bu mövzu Forum çərçivəsində geniş şəkildə müzakirə ediləcəkdir”. Prezident İlham Əliyev bir daha dünyaya bəyan etdi ki, Azərbaycan regionda sabitlik və dayanıqlı inkişaf naminə sülh istəyir. Bununla bərabər Azərbaycan Prezidenti ciddi mesajlar verərək bildirdi ki, sülh naminə atılan addımlar qarşılıqlı olmalıdır. Prezident İlham Əliyev bütün beynəlxalq tədbirlərdə olduğu kimi, bu Forumda da bildirdi ki, Ermənistan görünür dinc yolla yaşamaq istəmir: «Münaqişələrin həlli iki cür olur – dinc yolla və qeyri-dinc yolla. Biz Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışırdıq. Baxmayaraq ki, Ermənistan tərəfindən işğal Azərbaycanda humanitar fəlakətə səbəb olmuşdur. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı yurdsuz qalmış, qaçqın və məcburi köçkünə çevrilmişdir”.

Qeyd edək ki, bu gün davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər yeririləcək, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulur, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılır. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından biridir. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcəklər.

Məlum olduğu kimi Azərbaycan Qoşulmama Hərəkatında 2019-cu ildə öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə daha bir il – 2023-cü ilədək uzadılmış sədrliyini başa çatdırır. Prezident İlham Əliyevin tövsiyələri və Azərbaycanın münaqişələrin həlli, sülh quruculuğu, beynəlxalq əməkdaşlığın gücləndirilməsi sahəsində təcrübəsi X Qlobal Bakı Forumunda yeni ideyaların, yanaşmaların meydana çıxmasına və təşəbbüslərin yaranmasına əhəmiyyətli töhfə verəcək və Qlobal Bakı Forumu mühüm platforma olaraq qalacaq.

Hicran Hüseynova,
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor AzTimes.az


Abunəlik