Millət vəkili “Siyasi və akademik fəaliyyəti ilə Azərbaycan qadınlarının iqtisadi, sosial qayğılarının həllində verdiyi töhfəyə görə” mükafatına layiq görüldü

Baxılıb:262
Millət vəkili “Siyasi və akademik fəaliyyəti ilə Azərbaycan qadınlarının iqtisadi, sosial qayğılarının həllində verdiyi töhfəyə görə” mükafatına layiq görüldü

AzTimes.az xəbər verir ki, martın 6-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə “İlin İşgüzar Xanımı” müstəqil milli mükafatının təltifetmə mərasimində deputat həmkarları və ölkənin ictimai-siyasiyi həyatında fərqlənən fəal qadınlarla birlikdə iştirak edib.

Tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova çıxış edərək əvvəlcə ölkəmizin bütün qadınlarını 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə ürəkdən təbrik edib və bildirib ki, bizim üçün çox xoşdur ki, bu gün burada deputat həmkarlarım və ictimai-siyasi fəaliyyəti ilə seçilən xanımlar iştirak edirlər.

Parlamentin Komitə sədri qeyd edib ki, Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılması ilə başlasa da, hazırda ictimai, sosial, siyasi proseslərin fəal iştirakçısına çevrilmişdir. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev dediyi kimi: “Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir”. Və mən bildirmək istəyirəm ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Və bu gün həmin siyasəti Prezident İlham Əliyev daha gücləndirir.”

O deyib ki, biz qadınları özünəinamlı, güclü, professional, eyni zamanda, öz ocağının qoruyucusu kimi görmək istəyirik: “Belə bir balans və harmoniya mümkündür. Bu gün bizim qadınlarımız arasında belə nümunələr var. Cənab Prezident İlham Əliyev tərəfindən  Mehriban xanımın Birinci vitse-prezident təyin edilməsi də cəmiyyətdə qadın iştirakçılığına, bütövlükdə qadına verdiyi önəmin bariz göstəricisidir. Respublikanın Birinci vitse-prezidentiti Mehriban xanım, ailəsinə göstərdiyi qayğı, eyni zamanda, ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına həmişə  örnəkdir.”

Qeyd edək ki, Hicran Hüseynova “Siyasi və akademik fəaliyyəti ilə Azərbaycan qadınlarının iqtisadi, sosial qayğılarının həllində verdiyi töhfəyə görə” mükafatına layiq görülüb.

Sonda Komitə sədri Hicran Hüseynova dəvətə görə təşkilatçılara öz təşəkkürünü bildirib.

AzTimes.az


Abunəlik