Ağcabədidə əməliyyat – SAXLANILANLAR VAR

Baxılıb:677
Ağcabədidə əməliyyat – SAXLANILANLAR VAR

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının son iki həftə ərzində keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində və oğurluq əməlləri törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzTimes.az -a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun rayon sakini, əvvəllər də külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşamış Elşən Ağayev olduğu müəyyən edilib. E.Ağayevin yaşadığı ünvanda aparılan axtarış zamanı polietilen bağlamalarda qablaşdırılmış, ümumi çəkisi 8 kiloqram heroin və 125 qram metamfetamin aşkar edilərək götürülüb. O, ifadəsində İran vətəndaşı ilə onlayn yolla əlaqə qurduğunu və ona təklif edilən narkotiki Abşeron rayonunun ərazisindən götürərək öz yaşadığı ünvana gətirdiyini bildirib. Həmçinin o, narkotiki Ağcabədi və ətraf rayonlarda satışını həyata keçirmək məqsədi ilə əldə etdiyini deyib. Lakin onun bu niyyətinin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Şöbə əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi son əməliyyatlar zamanı isə daha 15 nəfər şübhəli qismində saxlanılıb. Saxlanılanlar barəsində cinayət işləri başlanılıb, həmin şəxslərin cinayət əlaqələrinin yoxlanılması istiqamətində tədbirlər davam etdirilir. Bu tədbirlər zamanı isə ümumilikdə çəkisi 10 kiloqrama yaxın müxtəlif adda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bundan başqa keçirilən digər tədbirlə rayon ərazisində yerləşən fərdi yaşayış evindən oğurluq etməkdə şübhəli bilinən bir nəfər də saxlanılıb. Həmin şəxsin rayon sakini Elnur Xanlarov olduğu müəyyən edilib. O, yaşayış evindən məişət əşyaları oğurlamaqla zərərçəkmiş şəxsə maddi ziyan vurub. Həmin əşyalar maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Qeyd edilən faktlarla bağlı Ağcabədi RPŞ-də cinayət işləri başlanılaraq araşdırmalar aparılır.


Abunəlik