H.Hüseynova “Heydər Əliyev ili: İqtisadiyyatda qadın qüdrəti” mövzusunda keçirilən tədbirdə iştirak etdi

Baxılıb:223
H.Hüseynova “Heydər Əliyev ili: İqtisadiyyatda qadın qüdrəti” mövzusunda keçirilən tədbirdə  iştirak etdi

Martın 3-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “Heydər Əliyev ili: İqtisadiyyatda qadın qüdrəti” mövzusunda keçirilən tədbirdə Hicran xanım Hüseynova Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovla birlikdə iştirak edib.
   
Parlamentin komitə sədri tədbirdə çıxış edərək, sahibkarlığın, xüsusilə də, kiçik və orta sahibkarlığın inkişafı ölkəmizin  iqtisadi nüfuzundan, onun potensialından  xəbər verdiyini bildirib. Hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafında yeni bir mərhələ başlanır. Dövlət başçısı tərəfindən imzalanan dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafı daha da sürətləndiyini vurğulayıb. Bu baxımdan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin özünəməxsus rolu olduğu danılmazdır və çox qısa müddət ərzində ölkəmiz üçün mühüm layihələrə imza atmışdır. KOB sektorunda qanunvericiliyin təkmilləşdirilməsi prosesində aktiv iştirak etmiş, çoxsaylı dəstək mexanizmləri və onlara sahibkarların rahat çıxışının təmin olunması istiqamətində respublika və regional əhəmiyyətli tədbirlər həyata keçirmişdir. Əlbəttə ki, bu prosesin daha  faydalı olması üçün müxtəlif birliklərin, təşkilatların yaranması da çox vacibdir. Bu baxımdan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası, Azərbaycan Kənd Qadınları Assosiasiyası və eləcə də digər assosiasiyaların adlarını çəkmək olar.

Parlamentin komitə sədri diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev deyirdi ki, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. O, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə bu  tezisi reallaşdırmışdı. Və tarix də sübut edir ki, Ümummilli Lider nə qədər haqlı idi. Sovet dövründə iqtisadi cəhətdən geri qalan bir ölkəni, qısa zamanda qabaqcıl respublikaya çevirdi. Ağır və yüngül sənayenin, kənd təsərrüfatının, neft-kimya sənayesinin inkişafı, bu sahədə əldə olunan nailiyyətlər, açılan zavod və fabriklər buna əyani misaldır. Eləcə də müstəqillik zamanında iqtisadi böhran yaşayan Azərbaycan, məhz Ulu Öndərin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində dirçəlməyə başladı.  Bütün bu proseslərdə hər zaman qadınların özünəməxsus iştirakı olub. Onların fəaliyyətini yüksək qiymətləndirən Heydər Əliyev  qadınlarımızın  iqtisadiyyatının müxtəlif sahələrində daha irəli getməsi, uğurlar qazanması üçün bütün imkanları yaradırdı. Əlbəttə ki, bugünkü tədbirin adı da təsadüfi seçilməyib. İqtisadiyyatda qadının qüdrəti onun verdiyi töhfəsi ilə ölçülür. Ona görə də bir daha qeyd etmək istəyirəm ki, bu tədbir xüsusi əhəmiyyət kəsb edir.    

O qeyd edib ki, bir çox tanınmış alimlər, tədqiqatçılar qeyd edirlər ki, “Müasir dövrdə qadınların ictimai həyatın bütün sahələrində iştirakı olmadan güclü, sabit dövləti təsəvvür etmək mümkün deyil”. Ancaq Ulu Öndər  hələ keçən əsrin 70-ci illərindən  başlayaraq, qadınların aktiv iştirakı üçün şərait yaradır, onları motivasiya edirdi. O, hər zaman deyirdi ki, qadınların iqtisadiyyatda rolunun artırılması çox vacibdir. Əlbəttə ki, bunun üçün qanunvericilik bazası yaradılmalı idi. Deyə bilərik ki, bu sahədə çox mühüm qanunlar qəbul olunmuş, beynəlxalq konvensiyalar qəbul edilmişdir. Bəzən sual verirlər ki, qadınların işgüzar və intellektual potensialından istifadə etməyi hansı nəticələri ola bilər? Cavab çox sadədir: əhalinin məşğulluq səviyyəsi artacaq, sahibkarlıq fəaliyyəti inkişaf edəcək, əhalinin rifah halı yaxşılaşacaq, orta təbəqə daha da güclənəcək. Eyni zamanda, qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə də təsir edir. Araşdırmalar göstərir ki, az təhsilli və iqtisadi cəhətdən asılı olan qadınların zorakılığa məruz qalması faizi daha çoxdur. Belə qadınlar fiziki, psixoloji problemlərlə yanaşı, həm də iqtisadi problemlərlə üzləşirlər.  
Milli Məclisin deputatı bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin dövlət qurumları qarşısında qoyduğu əsas vəzifə və tövsiyələrə əsaslanaraq  görülən işlərin nəticəsində qadın sahibkarların sayı ildən-ilə artır. Xüsusilə də, regionları da əhatə edən layihələr nəticəsində qadın məşğulluğu yüksəlməkdədir. Bu isə öz növbəsində  qadınların iqtisadi həyatda  iştirakçılığının təmin olunması və eyni zamanda, əlavə yeni iş yerlərinin yaranmasına səbəb olur. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının inkişafına müsbət təsir göstərir. Qadınların əmək bazarında kişilərlə bərabərhüquqlu iştirakına imkan yaradılması onların idarəetmə, biznes və hakimiyyət strukturlarında daha geniş təmsil olunması ilə nəticələnir. Əsas məqsəd qadınlarda özünəinam hissini artırmaq, həm öz icmasına, həm də cəmiyyətə töhfə verə bilməsinə şərait yaratmaqdır.   Davamlı gələcək insan kapitalının inkişafından və hər kəs üçün əlçatan olmasından asılıdır.

Milli Məclisin komitə sədri sonda tədbirin təşkilatçılarına, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri cənab Orxan Məmmədova və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə xanım Babayevaya öz təşəkkürünü bildirib.

AzTimes.az


Abunəlik