DİM buraxılış imtahanında iştirak edəcək şagirdlərə müraciət etdi

Baxılıb:142
DİM buraxılış imtahanında iştirak edəcək şagirdlərə müraciət etdi

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanında iştirak edəcək şagirdlərə müraciət edib.

Müraciətdə deyilir ki, tam (11 illik) orta və ümumi (9 illik) orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında hər fənn üzrə müəyyən sayda tapşırıq yazı işi (ətraflı həll və ya cavab yazılması tələb olunan) olacaq.

DİM abituriyentlərin qarşıdan gələn bu imtahanlarda daha rahat və effektiv nəticə əldə etmələrinə faydalı ola biləcək bir neçə tövsiyəni diqqətə çatdırıb. Burada əvvəlcə imtahanda davranış qaydaları və imtahan sənədlərinə aid bir neçə tövsiyə qeyd edilib. Sonra isə konkret fənlər üzrə yazı işi tapşırıqlarını yerinə yetirərkən diqqət edilməli məqamlar yazılıb.

  1. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini və tünd-göy (və ya qara) rəngdə yazan diyircəkli qələm gətirməyi unutmayın;
  2. “İmtahana buraxılış vərəqəsi”ində göstərilən vaxtdan gec olmayaraq imtahan binasına gəlin;
  3. İmtahana telefon, planşet, qulaqlıq, çanta, kitab, dəftər, hesablama maşını (kalkulyator), “şparqalka”, alışqan və digər əlavə vəsaitlər (ləvazimatlar) gətirmək qadağandır;
  4. İmtahan zalında buraxılış vərəqəsində göstərilən yerdə əyləşin;
  5. İmtahan zalında imtahan qaydalarına və sakitliyə tam riayət etmək lazımdır;
  6. Zal nəzarətçisinin sizə verdiyi cavab vərəqində və sual kitabçasında yazılmış məlumatların sizə aid olduğunu dəqiqləşdirin, uyğunsuzluq olduqda dərhal nəzarətçiyə bu barədə məlumat verin;
  7. Sual kitabçasını və cavab vərəqini qatlamayın, əzməyin, orada lazımsız qeydlər etməyin;
  8. Sual kitabçasında yazılmış qeydlər hüquqi əsasa malik deyil. Topladığınız bal hesablanarkən yalnız cavab vərəqindəki qeydləriniz nəzərə alınır;
  9. İmtahanda köçürmək və digər şagirdlərin köçürməsinə şərait yaratmaq qəti qadağandır. İmtahanın nəticələri emal olunarkən belə hal aşkarlanarsa, həmin şagirdlərin nəticələri ləğv ediləcək;
  10. Tapşırıqları cavablandırmaq üçün ayrılmış vaxt tamam olduqda cavab vərəqinizi və sual kitabçasını mütləq nəzarətçiyə təhvil verin;
  11. Yazı işi tünd-göy və ya qara rəngli diyircəkli qələmlə səliqəli və oxunaqlı xətlə yazılmalıdır.

Azərbaycan dili fənnindən

  1. Mətn üzrə hər bir tapşırığın şərtini diqqətlə oxuyun və onu yerinə yetirmək üçün mətndən sizə lazım olacaq məqamları qeyd edin;
  2. Yazı işi tapşırıqlarını cavablandırmazdan əvvəl onun aid olduğu mətni diqqətlə oxuyun;
  3. Mətnə aid yazı işi tapşırıqlarını yerinə yetirərkən tapşırığın şərtinə, tələbinə (həm sual kitabçasında, həm də cavab vərəqində verilən) və mətndə bu tələblə bağlı məlumatlara mütləq diqqət yetirin. Tapşırığın tələbinə və mətnə heç bir aidiyyəti olmayan fikirləri cavab kimi yazmayın. Tapşırığın doğru cavabını müəyyən etməyə çalışın, doğru hesab etdiyiniz fikirləri yazın;
  4. Hər bir tapşırığa verdiyiniz cavabı və tapşırığa aid fikirlərinizi cavab vərəqində həmin tapşırıq üçün ayrılmış (həmin tapşırığın sual kitabçasındakı nömrəsinə uyğun) hissəyə çərçivədən kənara çıxmadan səliqəli və oxunaqlı xətlə yazın;
  5. Tapşırığın şərtində müəyyən sayda söz (cümlə, fikir və s.) yazmaq tələb olunursa, tələb olunan sayda söz (cümlə, fikir və s.) yazılmalıdır, tapşırığın şərtini ödəməyən səhv söz (cümlə, fikir və s.) yazılmamalıdır;
  6. Tapşırığın şərtində xarakterik xüsusiyyət yazmaq tələb olunursa, bu xüsusiyyəti ifadə edən konkret söz (və ya sözlər) yazılmalıdır (məs: igid, cəsur, vətənpərvər və s.). Bu zaman birdən çox xarakterik xüsusiyyətin yazılması tələb olunan tapşırıqlarda eyni xüsusiyyətin sinonim variantları deyil, fərqli xüsusiyyətlər yazılmalıdır;
  7. Tapşırığın şərtində verilən aforizmin mətnlə əlaqələndirilməsi tələb olunursa, yalnız mətndəki fikirlər olduğu kimi köçürülməməlidir, aforizm ilə mətndəki fikirlər əlaqələndirilməlidir;
  8. Tapşırığın şərtində mətndən müəyyən şərti ödəyən faktların seçilib yazılması tələb olunursa, mətndənkənar (mətndə olmayan) faktlardan istifadə olunmamalıdır. Həmçinin, tapşırığın şərtində mətndəki müəyyən fikirlə bağlı mətndə olmayan faktlar yazılması tələb olunursa, bu zaman mətndənkənar faktlar yazılmalıdır;
  9. Tapşırığın şərtində mətndəki hər hansı sözün qarşılığını (bu qarşılıq mətndə həmin sözün əvəzinə yazıldıqda aid olduğu cümlədəki fikir itməməlidir) yazmaq tələb olunursa, həmin sözün izahı deyil, konkret qarşılığı yazılmalıdır (məs: məhzun – kədərli, qəmli, dərdli);
  10. Tapşırığın şərtində cümləni (abzası, mətni) tamamlamaq tələb olunursa, həmin abzasdakı cümlələr arasında, abzaslar arasında rabitə gözlənilməlidir (məntiqi baxımdan);
  11. Tapşırığın şərtində cümləni (abzası, mətni) tamamlamaq tələb olunursa, yazılmış ifadə mənaca uyğun olmaqla yanaşı, qrammatik cəhətdən də uyğun olmalıdır (məs: hadisələr keçmiş zamanda baş verirsə, yazılacaq ifadə də keçmiş zamanda olmalıdır və s.);
  12. Tapşırığın şərtində cümlənin (və ya fərqləndirilmiş hissənin) üslubi xüsusiyyətlərini yazmaq tələb olunursa, cümlənin (və ya hissənin) aid olduğu üslubun ümumi xüsusiyyətləri deyil, cümlənin (və ya hissənin) həmin üslubda daşıdığı xüsusiyyətlər yazılmalıdır;
  13. Səbəb-nəticə əlaqəli tapşırıqlarda verilmiş səbəbin birbaşa (və ya əsas) nəticəsi, verilmiş nəticənin isə birbaşa (və ya əsas) səbəbi yazılmalıdır;
  14. Tapşırığın şərtində cümləni bədii təsvir və ifadə vasitələri ilə zənginləşdirib yenidən yazmaq tələb olunursa, hər məcazi ifadəni yazmaq doğru deyil, çünki hər məcazi məna daşıyan ifadə məcaz hesab olunmur (məs: “qulaq asmaq” ifadəsi frazeoloji birləşmə (məcazi mənalı ifadə) olsa da, məcaz deyil);
  15. Tapşırığın şərtində mətndə olan hər hansı cümlədə kontekstdəki mənaya uyğun olmayan ifadələri müəyyən edib düzəliş etməklə cümləni yenidən yazmaq tələb olunursa, cəmlənin strukturu və məzmunu dəyişdirilmədən konkret yanlış işlədilmiş sözlər doğru ifadələrlə əvəz edilərək cümlə yenidən yazılmalıdır.

Riyaziyyat fənnindən

  1. Hər bir tapşırığın həllinin bütün mərhələlərini (izah etməklə və istifadə edilən xassələri, teoremləri, aksiomları göstərməklə) və cavabını həmin tapşırıq üçün ayrılmış (həmin tapşırığın sual kitabçasındakı nömrəsinə uyğun) hissəyə çərçivədən kənara çıxmadan səliqəli və oxunaqlı xətlə yazın. Nəzərə alın ki, həlli yazılmayan tapşırıqlar doğru cavab yazıldığı halda da “0” (sıfır) balla qiymətləndiriləcək;
  2. Tapşırığın şərtində cavabın əsaslandırılması tələb olunursa, cavabınızı mütləq əsaslandırın;
  3. Situasiya tipli tapşırıqlarda sizə təqdim olunmuş situasiyanı diqqətlə oxuyun və orada verilmiş məlumatlardan istifadə edərək ona aid tapşırıqları cavablandırın. Nəzərə alın ki, hər tapşırıqda alınan nəticə həmin situasiya ilə bağlı növbəti tapşırıqlarda istifadə oluna bilər;
  4. Hər hansı bir tapşırığın həllində istifadə etdiyiniz məlum olmayan bir fakt (xassə, teorem, düstur və s.) orta məktəb dərsliklərində yoxdursa, o zaman həmin faktın (xassənin, teoremin, düsturun və s.) əsaslandırılmasını, çıxarılmasını da həldə yazmaq lazımdır;
  5. Ehtimala aid tapşırıqlarda “və”, “və ya” ifadələrinə diqqətlə fikir verin, onları bir-biri ilə qarışdırmayın;
  6. Ehtimala aid sadə tapşırıqların həlli zamanı həm hesablamanı, həm də izahı yazmaq lazımdır;
  7. Şərtdə məsələnin tənlik (və ya tənliklər sistemi) qurmaqla həll edilməsi tələb olunursa, həmin məsələ mütləq tənlik qurmaqla həll edilməlidir;
  8. Hər hansı məsələni tənlik qurmaqla həll edirsinizsə, verilənləri məchulla işarələmə prosesini də qeyd edin;
  9. Həll zamanı sadə və ya mürəkkəb olmasından asılı olmayaraq bütün mərhələləri ardıcıl yazın (məsələn, hər hansı həndəsə tapşırığında Pifaqor teoremi tətbiq edilirsə, buradakı Pifaqor ədədləri nə qədər sadə olsa da, teoremin həmin ədədlərin iştirakı ilə riyazi ifadəsini yazmaq lazımdır);
  10. Həndəsəyə aid məsələlərin həlli zamanı çəkdiyiniz şəkli səliqəli çəkin və şəkil üzərindəki qeydlərinizi aydın edin;
  11. Həndəsə məsələlərində həllin təsvir üzərində də olması və həll ilə təsvirin bir-birini təsdiqləməsi (və ya tamamlaması) faydalıdır. Amma həllin tam normal yazıldığından əminsinizsə, təsvir üzərində göstərmək üçün vaxt itirməyə bilərsiniz;
  12. Pi ədədinin istifadə edildiyi həndəsə tapşırıqlarında əgər şərtdə Pi üçün konkret qiymət verilibsə, həll prosesində həmin qiymətdən istifadə etmək lazımdır;
  13. Hər hansı tapşırığın həll prosesini tam yazıb doğru cavabını qeyd etdikdən sonra orada əlavə qeydlər etməyin;
  14. Həll zamanı mexaniki səhv etməyin. Həlli yazdıqdan sonra hər hansı mexaniki səhv etdiyinizi aşkarlasanız, düzəliş etməyiniz (səhvinizi özünüzün düzəltməyiniz) yaxşıdır;
  15. Yazı işi tapşırıqlarını şərtə uyğun gələn üsullardan, düsturlardan və faktlardan istifadə etməklə riyazi əsaslandırma ilə həll etmək lazımdır. Nəzərə alın ki, seçmə üsul və ya sadəcə, şərtdə verilənləri yerinə yazaraq yoxlamaq və ya həll yazmadan, sadəcə, hər hansı bir ədədi götürüb şərti ödəyib-ödəmədiyini yoxlamaq tapşırığı həll etmək hesab olunmur;
  16. İmtahanın sonunda vaxtınız olarsa, cavab vərəqində yazdığınız həllərin doğruluğunu, aldığınız nəticənin şərti ödəyib-ödəmədiyini yoxlayın;
  17. İsbat tipli tapşırıqlarda apardığınız mühakimənin bütün mərhələlərini və mərhələlərin birindən digərinə keçidi istifadə etdiyiniz xassə, fakt, teorem və düsturları qeyd etməklə yazın.

Xarici dil fənnindən

  1. Dinləmə mətninə aid tapşırıqları cavablandırmaqdan əvvəl audioqurğuda səsləndirilən mətni diqqətlə dinləyin;
  2. Dinləmə mətni ilk dəfə səsləndirilməkdən əvvəl mətnə aid tapşırıqları diqqətlə oxuyun və mətndən sizə lazım ola biləcək məlumatlarla bağlı qeydlərinizi edin;
  3. Dinləmə mətninin ilk dəfə səsləndirilməsindən sonra iki dəqiqə ərzində tapşırıqlara bir daha baxın;
  4. Dinləmə mətni ikinci dəfə səsləndirildikdən sonra ona aid olan və digər tapşırıqları imtahanın sonunadək cavablandırın;
  5. Nəzərə alın ki, dinləmə mətni imtahan zamanı yalnız iki dəfə səsləndiriləcək, zamanınızı düzgün bölməyə çalışın;
  6. Dinləmə mətninə aid tapşırıqları icra edərkən yalnız dinlədiyiniz mətnə əsaslanmalı, məlumatlı olduğunuz mövzu olsa belə, yalnız səsləndirilən mətndəki məlumatlara uyğun cavab yazmalısınız. Əvvəlki biliklərinizə istinad edən mətndənkənar fikirlər yazmayın;
  7. Dinləmə mətninə aid tapşırıqları icra edərkən sözlərin orfoepik deyil, orfoqrafiya qaydalarına uyğun yazılmasına diqqət edin;
  8. Oxuyub-anlama mətninə aid tapşırığın şərtini və mətni diqqətlə oxuyun və onu yerinə yetirmək üçün mətndən sizə lazım olacaq məqamları qeyd edin;
  9. Oxuyub-anlama mətninə aid yazı işi tapşırıqlarını yerinə yetirərkən tapşırığın şərtinə (tələbinə) və mətndə bu tələblə bağlı məlumatlara mütləq diqqət yetirin. Tapşırığın tələbinə və mətnə heç bir aidiyyəti olmayan istənilən fikirləri cavab kimi yazmayın. Tapşırığın doğru cavabını müəyyən etməyə çalışın, doğru hesab etdiyiniz fikirləri yazın;
  10. Tapşırığın şərtində müəyyən sayda söz (cümlə, fikir və s.) yazmaq tələb olunursa, tələb olunan sayda söz (cümlə, fikir və s.) yazılmalıdır, tapşırığın şərtini ödəməyən səhv söz (cümlə, fikir və s.) yazılmamalıdır;
  11. Tapşırığın şərtində cümləni (abzası, mətni) tamamlamaq tələb olunursa, həmin abzasdakı cümlələr arasında, abzaslar arasında rabitə gözlənilməlidir (məntiqi baxımdan);
  12. Tapşırığın şərtində cümləni (abzası, mətni) tamamlamaq tələb olunursa, yazılmış ifadə mənaca uyğun olmaqla yanaşı, qrammatik cəhətdən də uyğun olmalıdır (məs: hadisələr keçmiş zamanda baş verirsə, yazılacaq ifadə də keçmiş zamanda olmalıdır və s.);
  13. Cümlədə fərqli söz (sözlər) və fərqli struktur işlətməklə bağlı tapşırıqları yerinə yetirərkən mütləq (ən azı) bir söz dəyişikliyi və (ən azı) bir struktur dəyişikliyi (cümləni məchul növdən məlum növə çevirmək, inkarda verilmiş hər hansı fikri təsdiqdə yazmaq, sadə cümlələri birləşdirib mürəkkəb cümlə yaratmaq və ya əksinə, mürəkkəb cümləni sadə cümlələrlə əvəz etmək, fikirləri vasitəsiz nitqdən vasitəli nitqə çevirmək və s.) etmək lazımdır. Bu dəyişiklikləri edərkən qrammatik səhvlərə yol verməyin və cümlələri mətndən olduğu kimi köçürməyin. Yeni yazdığınız sözün leksik və qrammatik cəhətdən cümlənin mənasına uyğun gəlməsinə diqqət yetirin. Nəzərə alın ki, sözün eyniköklü sözlə əvəz olunması ilə və əvəzliklərlə bağlı söz dəyişiklikləri müsbət götürülməyəcək (doğru qəbul edilməyəcək).

Abunəlik