Sumqayıt hadisələri-Ermənilərin ən dəhşətli təxribatıdır

Baxılıb:482
Sumqayıt hadisələri-Ermənilərin ən dəhşətli təxribatıdır

Azərbaycan xalqının qan yaddaşında böyük qələbə və zəfərlərlə yanaşı, təəssüf ki, bir çox faciələr də var. Onlardan biri Ermənilərin çirkin təxribatı olan Sumqayıt hadisələridir.

Bu gün Sumqayıt hadisələrindən 35 il ötür. 1988-ci il fevralın 28-də baş vermiş bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti tərkib hissəsi idi. Əsrlərboyu qonşuluqda yaşayaraq ölkəmizə qarşı məkrli planlar quran, azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti aparan erməni millətçiləri həmin gün daha bir planlaşdırılmış təxribat planına əl atdılar. Bu təxribatlar ermənilərin özlərini məzlum, yazıq, əzilən xalq mifini yaratmaq cəhdi idi.
Məqsəd isə hər zaman olduğu kimi, antiazərbaycan əhval-ruhiyyəsi yaratmaq və ictimaiyyətində yanlış rəy formalaşdırmaq idi.
Lakin Ermənistan və erməni lobbisi dairələri istədiklərinə nail ola bilmədilər. Bu qanlı ssenari ilə guya ermənilərin əzildiyi, haqlarının tapdalandığı dünya ictimaiyyətinə təqdim edilməklə əslində yeni bir mərhələdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı, işğalçılıq siyasətinin əsası qoyuldu.
Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, aparılmış obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətçilərinin və onların havadarlarının öz çirkin niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsi kifayət qədər və təkzibedilməz faktlarla sübuta yetirilib. Bütün şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçısının erməni, iki dəfə məhkum edilən Eduard Qriqoryan olduğunu sübut edir. Qriqoryan Sumqayıt hadisələri zamanı beş ermənini şəxsən öldürüb. Bir sözlə, Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası idi.
Silahsız insanlara öz “qəhrəmanlaqlarını” göstərən ermənilər daha çox cəllad olublar. Onların iç üzünü ifşa etməyə yönəlmiş fəaliyyət nəticəsində  ermənilər yaxın gələcəkdə xüsusi qəddarlıqla törətdikləri soyqırımlara, qanlı teraktlara, amansız hərbi cinayətlərə görə beynəlxalq hüquq və ilahi ədalət qarşısında cavab verəcəklər.

Millət vəkili Hicran Hüseynova AzTimes.az


Abunəlik