Ziya Bünyadovun qətlə yetirilməsindən 26 il keçir
Bu gün görkəmli şərqşünas, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, akademik Ziya Bünyadovun anım günüdür.
Ziya Bünyadov 1923-cü il dekabrın 21-də Astara şəhərində anadan olub.
1939-cu ildə orta məktəbi bitirdikdən sonra Bakı Ali Birləşmiş Komandirlər məktəbində təhsilini davam etdirib, İkinci Dünya müharibəsi dövründə vuruşaraq Berlinədək şərəfli döyüş yolu keçib. 1945-ci ildə ona Sovet İttifaqı Qəhrəmanı adı verilib.
Z.Bünyadov ordudan tərxis olduqdan sonra 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olub, 1950-ci ildə həmin institutun aspiranturasına qəbul edilib, namizədlik dissertasiyasını müdafiə edib və sonra Azərbaycana qayıdıb.
Alim Xilafət və Azərbaycanın VII-XIII əsrlər tarixinin tədqiqatçılarından biri idi. Eyni zamanda bir çox dünya alimlərinin elmi əsərlərini Azərbaycan dilinə tərcümə edib.
1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, akademiyanın həqiqi üzvü, Şərqşünaslıq İnstitutunun direktoru, 1990-cı ildə Azərbaycan EA-nın vitse-prezidenti seçilib.
Ziya Bünyadov SSRİ-nin Qırmızı Bayraq, Aleksandır Nevski, 2-ci dərəcəli Vətən Müharibəsi, Qırmızı Ulduz ordenləri və medallarla təltif edilib.
1997-ci il fevral ayının 21-də cinayətkarlar tərəfindən vəhşicəsinə qətlə yetirilib.
Belə ki, 21 fevral 1997-ci il saat 16 radələrində Ziya Bünyadovu hədəfə alan dəstə 2 qrupa ayrılıb.
Tapança-pulemyotla silahlanmış Tariyel Ramazanov və Cavanşir Aslanov akademik Ziya Bünyadovun evə qayıtma vaxtını mobil telefon vasitəsi ilə 2-ci qrupa məlumat verib. Nizami Nağıyev bıçaqla, Qalib Babayev isə tapança ilə silahlanıb Mahir Zeynalovla birlikdə avtomaşınla akademik Ziya Bünyadovun yaşadığı binanın yaxınlığında növbəti zəngi gözləyiblər.
Axşamüstü saat 6 radələrində Tariyel Ramazanov akademik Ziya Bünyadovun evinə gəlməsi barədə Mahir Zeynalova məlumat verib.
O, kənar şəxslər barədə işarə vermək məqsədi ilə avtomaşında qalıb, Qalib Babayev binanın tinində, Nizami Nağıyev isə 3-cü girişin qarşısında mövqe tutub. Akademik Ziya Bünyadovun mənzilinə tək getməsi barədə Qalib Babayevin işarəsindən sonra Nizami Nağıyev binanın 3-cü girişinə daxil olaraq gözləyib. 1-ci və 2-ci mərtəbələrin arasındakı meydançada Ziya Bünyadovun arxa tərəfinə keçib və ona sağ və sol qabırğaaltı, qarın nahiyələrinə, sol əlin arxa bayır səthinə 5 dəfə ardıcıl zərbə vurub.
Həmin vaxt hadisə yerinə Qalib Babayev də özünü çatdırıb və “Makarov” markalı səsboğucusu olan tapançadan Ziya Bünyadovun sifətinin sağ yanaq nahiyəsinə və boynuna atəş açıb. Akademikin həyatına son qoyan hər iki şəxs Mahir Zeynalovla birgə avtomobillə hadisə yerindən qaçıblar.
24 mart 1997-ci ildə Nizami Nağıyev, Mahir Zeynalov, Tariyel Ramazanov, Qalib Babayev, Cavanşir Aslanov və Xanlar Cabbarov Vüsal Nəzərovun vasitəçiliyi ilə gizli yolla İrana keçmək istəyiblər.
Həmin vaxt sərhəd zastavasının əsgəri Təyyar Ağakərim oğlu Ələkbərovu rüşvət verməklə ələ alıblar. O da öz növbəsində növbədə olan əsgər Fuad Cümşüd oğlu Məmmədovu sərhəd qaydalarını pozmağa təhrik edib.
Dəstə üzvləri əsgərlərlə birgə sərhəd istiqamətində hərəkət edərkən xidmətdə olan digər əsgərlər Rasif Niyazi oğlu Baxışov və Rauf Qasıməli oğlu Cəfərova müqavimət göstəriblər. Onlara basqın edib Təyyar Ələkbərovun xidməti avtomat silahını əlindən alıblar. Həmin vaxt Rauf Cəfərovun silah tətbiq etməsi nəticəsində Qalib Babayev ölüb, sıravi Rasif Baxışov ağır dərəcəli bədən xəsarəti alıb.
Nizami Nağıyev, Mahir Zeynalov, Tariyel Ramazanov, Xanlar Cabbarov və Cavanşir Aslanov isə hadisə yerindən qaçaraq İran ərazisinə keçiblər.
Məhkəmə hökmünə əsasən, Mahir Zeynalov və Nizami Nağıyev ömürlük, digərləri isə müxtəlif müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.