“Valentini unutma, səni sevirəm”

Baxılıb:286
“Valentini unutma, səni sevirəm”

Bu gün Müqəddəs Valentin günüdür.

Müqəddəs Valentin günü hər il fevralın 14-də dünyanın əksər ölkələrində qeyd edilir. Min beş yüz ildən çoxdur ki, milyonlarla insan bir-birilərinə sevgilərini etiraf edirlər.

Müqəddəs Valentin gününün tarixinə nəzər salaq.

Sevgililər günü kimi də tanınır. Başlanğıc tarixi qədim Roma İmperiyası dövrünə təsadüf edən Katolik xristianlarının inancına görə bayram edilən tarixi gündür.

Qədim Romada 14 fevral günü bütün romalılar üçün əhəmiyyətli bir gün idi. Bu gündə Roma xalqı tərəfindən qadınlıq və evlilik ilahəsi olaraq qəbul edilən ilaha hörmət əlaməti olaraq tətil və şənlik edilərdi.

15 fevral günündə isə Luperkalia bayramı qeyd olunurdu. Bu bayram xalqın gənc əhalisi üçün böyük əhəmiyyət daşıyırdı. Bunun səbəbi isə həyatları qəti qaydalar ilə məhdudlaşdırılmış, bunun təbii nəticəsi olaraq birlikdə həyata şansı olmayan gənclər yalnız bu bayram müddətində belə olsa, bir-birilərinin partnyoru olurdular. Hansı gənc qadının hansı gənc kişi ilə bir cüt meydana gətirəcəyi köhnə bir ənənə olan və Luperkalia bayramının ərəfə günü edilən bir püşk ilə müəyyən olurdu. Romalı gənc qızlar adlarını kiçik kağız parçalarının üzərinə yazıb bir qaba qoyurdular. Gənc romalı kişilər isə qabdan bu kağızları çəkərək, üzərində hansı qızın adı yazılıbsa o qızla bayram əyləncələri boyunca birlikdə cinsi həyat yaşayırdılar.

III əsrdə Roma imperiyasına başçılıq edən İmperator II Kladius tarix qaynaqlarında bu hallara son qoymaq istəyən əxlaqi dəyərlərə önəm verən bir imperator kimi xarakterizə olunub. Onun hətta ordunun güclənməsi və nizam-intizamın qorunması üçün orduda xidmət edən gənclərə müvəqqəti olaraq evlənməyi qadağan etdiyi də tarixi qaynaqlarda göstərilib. O zamanlar Valentin Romada rahib idi. Valentin imperatorun Luperkalia bayramını qadağan etməsinə baxmayaraq, gizli şəkildə qızlarla oğlanları görüşdürməkdə, onların bu müvəqqəti görüşünü də xristianlıq qaydaları ilə guya qanuniləşdirməkdə davam edirmiş (Katoliklər də bu fakta dayanaraq iddia edirdilər ki, rahib Valentin xristianlığı təbliğ etdiyi üçün öldürülüb). İmperator da onun bu hərəkətlərindən xəbər tutaraq zindana atdırır və döydürərək, təhqiramiz formada öldürtdürür. Valentin 14 fevral tarixində xristian məzarlığında dəfn edilir.

Rahib Valentin barədə tarixdə keçən maraqlı faktlardan biri də onun həbsxanadan öz yoldaşlarına, xüsusən də keşiş dostu Mariusa “Valentini unutma”, “Səni sevirəm” deyə məktublar göndərməsidir. Bu fakt, ümumiyyətlə, Valentinin eyni zamanda bir homoseksual olduğu fərziyyəsini də önə çəkir.

14 Fevral Müqəddəs Valentin Günü müxtəlif xristian məzhəblərində qeyd olunur; Anglikan Birliyi təqvimində, bayram günü kimi Lüteran kilsəsinin təqvimində göstərilir. Ancaq 1969-cu ildə 14 Fevral Müqəddəs Valentin günü Ümumi Roma Təqvimindən çıxarıldı səbəb kimi isə Müqəddəs Valentin haqqında 14 fevralda Via Flaminiya üzərində dəfn olunmasından başqa heç nə məlum olmadığı göstərilir.

İngilis tarixçisi Con Foks qeyd edir ki, Valentinin Müqəddəs Hippolitus qəbiristanlığının yaxınlığında yerləşən Romadakı Praxedes Kilsəsində dəfn edildiyi bildirilir. Bu əmrdə deyilir ki, əfsanəyə görə “Culiya” özü məzarının yanında çəhrayı çiçəkli bir badam ağacı əkdi. Buna görə də indi badam ağacı məhəbbət və dostluğun rəmzidir”. Başqa bir əfsanəyə görə, Müqəddəs Valentin əsgərlərə Allahın sevgisini daim xatırlamaq üçün öz perqamentlərini ürəklərinin üzərindən kəsmələrini deyib buna görə də ürəyi sevginin simvolu hesab edirlər.

14 fevralın “Valentin günü”adı altında açıq-aşkar qeyd edilməsi rahib Valentinin ölümündən təxminən 226 il sonraya təsadüf edir. Papa Gelasius tərəfindən 496-cı ildə Roma bütpərəstlərindən qalan “Luperkalia” bayramının adı rahib Valentinin şərəfinə dəyişdirilir. Addəyişmənin səbəbinə gəlincə isə, xristian ruhanilər Romadakı bütpərəstlərin “Luperkalia” bayramına xristian gənclərin də qatıldığından və bütpərəst qızlarla əylənmələrindən narahat olduqlarından gənclərin heç olmasa xristianlığa bağlı adı olan bir şənlikdə – “Müqəddəs Valentin günü”ndə əylənmələrini təmin etdilər. Bununla da həmin bu “Valentin günü” meydana çıxdı. Başqa sözlə, Xristian kilsəsi Roma bütpərəstlərinin 15 fevralda keçirdikləri kütləvi aşkar əxlaqsızlıq bayramlarını Papa Gelasiusun təşəbbüsü ilə 1 gün əvvəlki tarixə – 14 fevrala rəsmiləşdirdi.

İllər keçdikcə yavaş-yavaş 14 fevral sevgililərin, aşiqlərin bir-birilərinə eşq mesajları göndərdiyi bir günə çevrildi. Bununla paralel olaraq “Müqəddəs Valentin” də xristianlar arasında bütün sevənlərin qoruyucu əzizi halına gəlib belə xatırlanmağa başlandı. Sevgililər Günü 1800-cü illərdən sonra Amerikada Ester Hovlandın ilk Sevgililər Günü kartını göndərməsindən bu yana indiki vaxtda daha çox sayda insanın qeyd etdiyi ictimai bir hadisə halına gəldi. Bunun təbii nəticəsi olaraq hadisənin ticarət istiqaməti çox inkişaf etdi. Az qala hər kəs hər il 14 fevralda sevgililərinə və ya yoldaşlarına bu günün ruhu ilə inteqrasiya olunan, qarşı tərəfə sevgilərini izah edən hədiyyələr verir. Bu hədiyyələrin başında isə sadə, amma bir o qədər mənalı çiçəklər gəlir.

Qeyd edək ki, Sevgililər gününü bəzi müsəlman ölkələri qeyd etmir. Özbəkistan, Türkmənistan, Malayziya, İndoneziya, İran, Səudiyyə Ərəbistanı və Pakistan bu günü qeyd etməyən ölkələrdir.


Abunəlik