AAYDA və “ORİON”-E MMC hazırda Beyləqan rayonunda, Saru-Su kənd yollarını necə və hansı keyfiyyətlə həyata keçirir?

Baxılıb:306
AAYDA və “ORİON”-E MMC hazırda Beyləqan rayonunda, Saru-Su kənd yollarını necə və hansı keyfiyyətlə həyata keçirir?

Qardaş Türkiyədə baş vermiş və on minlərlə insanın həyatına son qoymuş dəhşətli zəlzələ bir sıra suallar ortaya çıxarıb. Hazırda xilasetmə işləri ilə paralel olaraq, dağılan binaların tikildiyi vaxt onların keyfiyyətindən oğurluq etmiş mühəndislər təqib olunur, məsuliyyətə cəlb edilirlər.

Heç kəsə sirr deyil ki, Azərbaycanda çəkilən yolların, tikilən körpülərin keyfiyyəti qeyri-qənaətbəxşdir və onların dağılması üçün zəlzələyə ehtiyac yoxdur. Səbəb də yol infrastrukturunun ölkəmizdə ən çox dövlət vəsaiti ayrılan sahələrdən biri olmasıdır. Pul varsa, demək, onu oğurlayan da var. Bu sahədə kjorrupsiya ifrat həddə çatıb. Demək olar ki, ayrılan vəsaitin yarı faizi iş icraçıları tərəfindən yarılanır. Və bu üzdən də görülən işlər ən qısa zamanda keyfiyyətini və uzun müddətli davamlılığını itirir.

Respublikamızda yol infrastrukturu məsələləri (təmiri və bərpası ilə bağlı işlərin yerinə yetirilməsi) ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentıliyi məşğul olur. Yolla bağlı görülən işlərdə əsas xeyir-dua sahibi məhz Agentliyin rəhbəri Saleh Məmmədovdur. İşin keyfiyyətli və ya keyfiyyətsiz görülməsində də sorumlu elə S.Məmmədovun özüdür. Baxmayaraq ki, yolla bağlı infrastruktur layihələrlə bağlı prosesləri həyata keçirən podratçı şirkətlərdir, ancaq iş prosesinin necə və hansı üsulla həyata keçirilməsinə nəzarət edən və yekunda təhvil-təslim edən qurum AAYDA-dir.

İndi gəlin görək, AAYDA və onun iş birliyində olduğu şirkətlərdən biri olan “ORİON”-E MMC hazırda Beyləqan rayonunda, Saru-Su kənd yollarını necə və hansı keyfiyyətlə həyata keçirir.

RealMedia.az xəbər verir ki, redaksiyamıza müraciət edən Beyləqan rayon Saru Su kənd sakinləri bildirirlər ki, kəndə ilk dəfə 35 il bundan əvvəl yol çəkilib. Ondan sonra kəndə yol çəkilməyib.Ta ki, indiyə qədər. Bu günlərdə isə kəndə yol çəkilir deyə sevindilər. Ancaq yol çəkilişi zamanı biabırçı bir mənzərə ilə üzləşiblər. Bəlli olub ki, AAYDA necə deyərlər, “üstü bəzək, altı təzək” yol çəkir.

Məlum məsələdir ki, yol infrastrukturu prosesi həyata keçirilərkən yolun alt qatı qaşınıb (firezlənib) götürülür və bərkitmə işi aparıldıqdan sonra, şeben, çınqıl və sair kompanentlərdən istifadə olunduqdan sonra üzərindən 12-15 sm  asfalt qoyulur. Yol tikintisi zamanı yuxarıda qeyd edilən komponentlər ona görə vurulur ki, yolda çökmə olmasın. Lakin təqdim etdiyimiz videodan da göründüyü kimi, AAYDA-nin sevimli “ORİON-E” MMC-si yolun alt qatına şeben, çınqıl (bərk materialdan) istifadə etmir, onların yerinə torpaq istifadə edir. Hansı ki, yol infrastrukturu prosesi zamanı yalnız torpaqdan edilməsi yolverilməzdir. Görünən odur ki, AAYDA və sevimli iş ortağı “ORİON” şirkəti diqqətini yolun davamlı və keyfiyyətli olmasını yox, dövlət vəsaitini bu yolla mənimsəməyə ayırıb.

RealMedia.z olaraq qeyd edək ki, Şükür Astanova məxsus “ORİON-E” şirkətinin yol inşaatı ilə bağlı yarıtmaz işləri də qalsın bir tərəfə, həm də torpaqları ekoloji terrora məruz qoyub. “ORİON-E” MMC yola daşıdığı torpağı da yaxın ərazidən qazıyaraq yola tökür. Onların bu qanunsuz hərəkətləri kənd sakinləri tərəfindən narazılıqla qarşılanıb. Sual etdikləri iş icraçısı Mirkazım Seyidov onlara “yuxarıdan” məhz belə göstəriş verildiyini deyib. Bu da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243-cü maddəsinin tələblərinin pozulması deməkdir. Hər halda ümid edirik ki, bu məsələyə ETSN munasibət bildirəcəkdir. Narahatlıq doğurucu daha bir məqam ondan ibarətdir ki, Beyləqanın Şəfəq qəsəbəsində də yol eyni şirkət tərəfindən və eyni üsulla inşa olunur. Əlbəttə, əgər buna inşaat deməık olarsa.

Yeri gəlmişkən xatırladaq ki, Şükür Astanovu və sözün hərfi və həqiqi mənasında onun yolu ilə gedən oğlu Elşənin bu sahədə təcrübələrinin az olduğunu iddia etmək sadəlövhlük olardı. Sözügedən şirkət işğaldan azad olunmuş ərazilərdə də işlər həyata keçirir. Məsələn, birinci dərəcəli yol sayılan Füzuli – Şuşa avtomobil yolunun inşasını da “ORİON–E” həyata keçirib. Video-qeydə alınmış həmin mənzərəni sizə təqdim edirik:


AzTimes.az
(RealMedia.az)


Abunəlik