Rəsmi dövlət qəzeti “Azərbaycan” rəsmən “reket media”sı metodundan istifadə edir?

Baxılıb:190
Rəsmi dövlət qəzeti “Azərbaycan” rəsmən “reket media”sı metodundan istifadə edir?

Rəsmi dövlət qəzeti “Azərbaycan” rəsmən “reket media”sı metodundan istifadə edərək eyni nömrəsində bir rayonun icra başçısının tərifini göyə qaldırıb, iki rayonda aparılan quruculuq işlərini isə yerlə bir edib.

KONKRET.az xəbər verir ki, qəzet bugünkü – 26 yanvar 2023-cü il tarixli nömrəsində dərc etdiyi “oxucu məktubları” rubrikasında Ağdam rayonunun icra başçısına tərif yağdırıb, Sumqayıt şəhəri və Yasamal rayonunu isə hədəfə alıb.

“Məsuliyyətli işlərin öhdəsindən gəlmək üçün ilk növbədə səriştəli kadrlar lazımdır. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov da məhz belə kadrlardandır. O, bu vəzifəyə təyin olunduğu gündən üzərinə düşən işin öhdəsindən bacarıqla gəlir. Vaqif müəllim özü ilə Ağdama sanki yeni nəfəs, yeni məmur-vətəndaş münasibəti gətirmişdir”, – bu fikrin yer aldığı yazının sərlövhəsi isə əsl sovet mətbuatının və “reket media”nın xarakterinə uyğun olaraq “Rəhbər kadr yerində olanda” adlanır.

Qəzetin elə həmin səhifəsində Yasamal rayonunda küçələrin bərbad olması barədə foto-reportaj verilib, daha sonra isə “Parklama yerini zəbt ediblər, dinən yoxdur” məqaləsi gəlir ki, orada da Sumqayıt şəhərinə qarmaq atılır.

Rəsmi dövlət qəzetinin məntiqinə inansaq, Ağdamdan fərqli olaraq Yasamal və Sumqayıtın icra hakimiyyəti başçıları kadr kimi “yerində deyil”. Dövlət qəzeti unudur ki, bu yüksək vəzifəli məmurların hamısına dövlət başçısı etimad göstərib.

Niyə belə olur? Rəsmi qəzetin rəsmən “reket nəşrə” çevrilməsinin çox sadə səbəbi var. Çünki qəzetin dəyişilməz və əbədi baş redaktoru Bəxtiyar Sadıqov həm də otuzuncu ilə keçir ki, Ağdamın deputatı kimi də maaş alır. Deputatın rayondakı “seçici”lərinin qarşısına çıxmağa üzü olmadığına görə icra hakimiyyətinə mədhiyyə yazmaqla işini bitmiş bilir.

Zatən Ramiz Mehdiyev, Əli Həsənov, Vasif Talıbov triadasına mədhiyyə yazmaq sahəsində ixtisaslaşmış qəzetin başqa funksiyası da qalmayıb. Hələ məsələnin başqa tərəfi də var ki, “oxucu məktubları” əgər onları doğurdan da oxucular yazıblarsa, jurnalist peşəkarlığı baxımından qarşı tərəfin mövqeyi nəzərə alınmaqla dərc edilməlidir. Sabah bir oxucu qəzetin “boz kardinalı” İxtiyar Hüseynlinin müəllifi olduğu və Vasif Talıbovu vəsf eləyən “Naxçıvan həqiqətləri” kitabı haqqında tənqidi məktub yazarsa, görəsən “Azərbaycan” onu da çap edərmi?

Görünən odur ki, Bəxtiyar Sadıqov üzərinə “rəsmi dövlət qəzeti” yazılan “Azərbaycan”da əbədi taxt qurub və onun bu lüksunu pozacaq kimsə yoxdur. Odur ki, belə primitiv ideoloji təxribatların ardı gələcək.

AzTimes.az


Abunəlik