Lənkəran polisi tələbələrlə görüş keçirdi
Yeniyetmə və gəncləri zərərli vərdişlərdən qorumaq, bəşəriyyətin böyük bəlası sayılan narkomaniyaya qarşı mübarizəni daha səmərəli təşkil etmək məqsədilə polis əməkdaşları tərəfindən maarifləndirici görüşlər davam etdirilir.
AzTimes.az xəbər verir ki,bu silsilədən olan növbəti tədbir Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində təşkil edilib. Əvvəlcə çıxış edən Lənkəran ŞRPŞ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Anar Həbibzadə bu cür görüşlərin yeniyetmə və gənclərin sağlam həyat tərzini seçmələri istiqamətində mühüm addım olduğunu qeyd edib. İnsanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə geniş məlumat verib, gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildirib.
Sonra mövzu ətrafında çıxışlar dinlənilib və məktəblilərin sualları cavablandırılıb.