Azərbaycanlı deputat:”Avropa Parlamentinin belə bir qətnamə qəbul etməsi bu qurumun Cənubi Qafqazda sülh prosesinə açıq-aşkar mane olmağa çalışdığının göstəricisidir”

Baxılıb:163
Azərbaycanlı deputat:”Avropa Parlamentinin belə bir qətnamə qəbul etməsi bu qurumun Cənubi Qafqazda sülh prosesinə açıq-aşkar mane olmağa çalışdığının göstəricisidir”

AzTimes.az xəbər verir ki, yanvarın 18-də Avropa Partlamentinin növbəti ermənipərəst qətnamənin layihəsini müzakirəyə çıxarması bu qurumun seperatizmi, saxtakarlığı dəstəklədiyinin açıq təzahürüdür. Azərbaycan əleyhinə qəbul edilmiş saxtakarlıqlarla dolu qətnamə, reallığı əks etdirməməklə yanaşı, Avropa Parlamentinin riyakarlığının və ksenofobiyanı, seperatizmi dəstəklədiyinin nümayişidir.
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Qarabağ münaqişəsi artıq iki ildir ki, tarixdəki yerini alıb. Münaqişə Azərbaycanın hərbi-siyasi yolla qələbəsi ilə başa çatıb. Dünya Cənubi Qafqazda yaranmış yeni reallığı qəbul edib. Bütün bunların fonunda Avropa Parlamentinin belə bir qətnamə qəbul etməsi bu qurumun Cənubi Qafqazda sülh prosesinə açıq-aşkar mane olmağa çalışdığının göstəricisidir. Bölgədə dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində addımların atıldığı bir vaxtda Avropa Parlamentinin belə qərəzli, ermənipərəst qətnamə qəbul etməsi bu qurumun erməni lobbisinin əlaltısına çevrildiyindən xəbər verir.
Onu da qeyd etməliyik ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasından sonra Avropa Parlamentinin belə bir qətnamə qəbul etməsi sülh prosesinə birmənalı olaraq zərbə vurur. Bununla yanaşı, bu qətnamə Ermənistandakı revanşistlərin ruhlanmasına və yeni xülyalara qapılmalarına səbəb ola bilər. Onsuzda Ermənistanda xalqın şüuru on illər ərzində zəhərlənmiş, miflərə, yalanlara inandırılmışdır.
Fikirlərinin davamı olaraq millət vəkili Tamam Cəfərova qeyd edib ki, “Qətnamə”də qeyd olunan iddialar heç bir həqiqəti əks etdirməməklə yanaşı, belə qətnamələrin qəbulu Avropa İttifaqının nüfuzuna və Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərə xələl gətirə bilər. Azərbaycanı hərbi təzavüzdə ittiham edənlərin beynəlxalq hüquq normalarından, tarixdən xəbərsiz olduqları görünür, lakin, Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı qələbə ilə Avropa Parlamenti və onun kimi bütün ermənipərəst təşkilatlara, dövlətlərə hüquq, tarix dərsi keçdi. Lazım olduğu təqdirdə bir daha bu dərsi təkrarlaya bilər.
Bütün bunlara baxmayaraq, Azərbaycan sühpərvər mövqe nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə, sülhün əldə olunması üçün atılan addımlar dünyanın başlıca güc mərkəzi olan dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir və təqdirlə qarşılanır. Avropa Parlamentinin qəbul etdiyi seperatizm və saxtakarlıq nümunəsi olan “ qətnamə” Azərbaycan üçün adi bir kağız parçasından başqa bir şey deyil. Azərbaycan belə kağız parçalarından çox görüb. Nəticə etibarilə bunların heç biri dövlətimizin haqq işinə təsir etmək imkanlarına sahib deyil. Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə riayət etmişdir. 44 günlük Vətən müharibəsində qazanılan qələbə bunun bariz örnəyidir. Millət vəkili Tamam Cəfərova belə deyib.


Abunəlik