Sahil Babayev Mehriban Əliyevanın kadrını işdən çıxardı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru işdən çıxarılıb.
AzTimes.az xəbər verir ki,AFN.az-a bu barədə məlumat verən mənbənin sözlərinə görə, Pərvinə İsmayılova Mərkəzdə aparılan yoxlamaların nəticəsinə görə vəzifəsindən uzaqlaşdırılıb. P.İsmayılovanın yerinə müvəqqəti onun müavini təyin edilib. Bütün bunlar isə daxili əmrlə həyata keçirilib. Mənbənin sözlərinə görə, əslində mərkəzdə baş verən proseslər P.İsmayılova qarşı hesablanmış addımlardır: “Pərvinə xanım olduqca təmiz kadrdır. Onun rəhbərlik etdiyi müddətdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində heç bir saxtakarlığa yol verilməyib. Sahil Babayevə belə təmiz işçi, görünür, lazım olmayıb”. P.İsmayılova Heydər Əliyev Fondunun prezidenti, birinci vitse-prezident Mehriban Əliyevanın kadrı kimi tanınır. “Onun Mərkəzə təyin edilməsi də Mərkəzin fəaliyyətində şəffaflığa xidmət məqsədi daşıyıb” – deyə mənbəmiz qeyd edir.
Qeyd edək ki, həssas təbəqəyə xidmət və onların yaradıcılıq istedadının üzə çıxarılması üçün bir sıra tanınmış sənətkarların çalışdığı mərkəzdə yoxlamalar səbəbindən məşqlər də dayandırılıb. Yoxlamalar nəticəsində P.İsmayılovadan başqa 10-dan çox şəxsin işdən çıxarıldığı bildirilir.
DOST Agentliyinin mətbuat xidmətindən xəbəri dəqiqləşdirmək üçün ƏƏSMN-lə əlaqə saxlamaq məsləhət görüldü. Lakin nazirliyin mətbuat xidmətinə etdiyimiz zənglərə cavab verilmədi.