Bakı İrəvana VERDİYİ VAXTI AÇIQLADI: Rusiya çıxır, ikimiz təkbətək qalırıq – SON XƏBƏRDARLIQ

Baxılıb:184
Bakı İrəvana VERDİYİ VAXTI AÇIQLADI: Rusiya çıxır, ikimiz təkbətək qalırıq – SON XƏBƏRDARLIQ

Prezident İlham Əliyev yeni ilin ilk günlərindəcə yerli telekanallardan bir neçəsinə ümumilikdə 2 saat yarımdan çox çəkən müsahibəsi ilə diqqət mərkəzinə düşdü. Dövlət başçısı müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsindən, Azərbaycanın sosial-iqtisadi inkişafı, “Böyük Qayıdış” Proqramının icrası, işğaldan azad edilmiş ərazilərin bərpası, Xankəndi-Laçın yolunda keçirilən aksiya və eləcə də beynəlxalq aləmdə baş verən proseslər barədə danışdı, sözügedən istiqamətlərdə Azərbaycanın mövqeyini açıq şəkildə növbəti dəfə ortaya qoydu.

Təbii ki, bu müsahibə zamanı daxili ictimaiyyətlə yanaşı beynəlxalq aləmin də ən çox diqqətini çəkən məsələlərdən biri Laçın yolu ətrafında gedən proseslərdən tutmuş iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına kimi Bakının planları və atacağı addımlarla bağlı idi.
İlham Əliyev Ermənistanla sülh barədə danışmağın, bunun üçün mütəmadi bir masa arxasında əyləşməyin rəsmi Bakı üçün heç də ürəkaçan olmadığını qeyd etdi. Ölkə başçısı bu dəfə də hər şeyi öz adı ilə çağırdı və açıq şəkildə qarşı tərəfə bildirdi ki, İrəvan ilə sülh üçün diplomatik cəhdləri davamlı olaraq sınaqdan keçirmək həm siyasi baxımdan, həm də insaniyyət baxımından heç də asan məsələ deyil. Lakin, o, bunun Azərbaycanın uzunmüddətli maraqlarına uyğun olduğunu anladığı üçün bu qədər destruktiv, şovinist, revanşist mövqeyindən bir an olsun əl çəkməyən Ermənistana sülhlə bağlı təkliflərlə çıxış etdiyini etiraf etdi.

İlham Əliyevin ən böyük etirafı isə böyük ehtimalla nəyinki Ermənistan hərbi-siyasi rəhbərliyinin, o cümlədən Qarabağdakı xunta rejiminin, separatçılara himayədarlıq edən beynəlxalq güclərin və lobbisinin də yuxunu qaçıracaq. Azərbaycan Prezidenti adı çəkilən qüvvələrə mesenc verdi ki, Bakı İrəvanla sülh məqsədi ilə danışıqlar masası arxasında əyləşmək üçün ayırdığı vaxt artıq tükənməyə doğru gedir.

Bunu daha da konkretləşdirsək, Əliyev xəbərdarlıq etdi ki, sülh danışıqları masa üzərində bir müddət olacaq. Sonra, heç rəsmi Bakı da bunun üçün xüsusi fəallıq göstərməyəcək:

“İstəmirlər – heç lazım da deyil. Delimitasiyanı istəmirlər – heç lazım da deyil. Deməli, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək. Lakin mən artıq belə terminlərdən istifadə etməyə məcburam. Sərhəd delimitasiya edilməyib, bəs kim deyir ki, sərhəd buradan deyil, oradan keçir. Mən hesab edirəm ki, buradan keçir. Mənim bunu demək üçün əsaslarım var – tarixi, kartoqrafik əsaslar. Buna görə bu məsələ bizdən çox onları maraqlandırmalıdır. Biz uzun müddət belə yaşaya bilərik, sülh müqaviləsi olmasa heç lazım da deyil. Amma sonra nə olacaq? Sonrasına baxarıq”.

Dövlət başçısı hər zaman olduğu kimi bu dəfə də konkret olaraq rəsmi Bakının qətiyyətli mövqeyini bəyan etdi. O, ilin yekununa dair xalqa müraciətində olduğu kimi bu dəfə də aydın şəkildə bildirdi ki, Azərbaycanın Ermənistana verdiyi vaxt daralır. Beləcə ölkə başçısı növbəti dəfə Azərbaycanın prinsipial mövqeyini ortaya qoyaraq elan etdi ki, Ermənistan bu il də danışıqlardan yayınsa rəsmi Bakıya başqa variant qoymayacaq.

Yəni ölkə başçısı açıq şəkildə Ermənistana xəbərdarlıq edir ki, biz sizə daha danışıqlar prosesini, habelə sərhədlərin delimitasiya və demarkasiya prosesinin həlli istiqamətində danışıqları növbəti 30 il uzatmağınıza şərait yaratmayacağıq. Proses bir müddət davam edəcək və nəticəsiz olacağı təqdirdə rəsmi Bakı doğru bildiyini edəcək.

İlham Əliyev Paşinyana və komandasına mesaj göndərdi ki, 2 il sonra (2025-ci ildə) Rusiya sülhməramlı kontingenti artıq bölgəni tərk edəcək. O zaman bölgədə və regionda şərait tamamilə dəyişəcək. Şərait dəyişildiyi halda isə Ermənistan üçün o sülh şərtləri xeyli sərtləşə bilər.

Prezidentin sözlərindən həm də bu nəticəyə gəlmək olar ki, sərhədlərin delimitasiya və demarkasiya prosesi, habelə, yekun sülh müqaviləsi istiqamətində rəsmi İrəvan konstruktiv addımlar atmasa, Bakı hərbi əməliyyatları qətiyyən istisna etmir.

Prezident müsahibə əsnasında bunun anonsunu həm İrəvana, həm də onun “böyük bacısı” və “adaxlılarına” açıq şəkildə verdi verdi:

“Bizim komando qüvvələrimiz artıq tam formalaşıb, çox böyük qüvvəyə çevrilib və bu proses davam etdirilir. Yeni komando qüvvələri yaradılacaq. Onların sayı daha da artacaq. “Sərhəd Xidmətinin xüsusi təyinatlılarının sayı artırılıb, Daxili Qoşunların, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları, dəstələri, qrupları yaradılıb”.

Ölkə başçısının bu sözlərindən məlum olur ki, Azərbaycan istənilən ssenariyə hazırlaşır. Bu da təbiidir. Çünki bu gün Ermənistan qardaşı İran, bacısı Fransa, dostu Hindistan tərəfindən dayanmadan silahlandırılır. Bu silahların istifadə edilməsi nəzərdə tutulan ərazi və xalq da məlumdur – Azərbaycan! Odur ki, dövlət başçısı bu bəyanatı ilə İrəvana onun havadarlarına xəbərdarlıq etdi ki, bu dəfəki gərginlik daha genişmiqyaslı ola bilər. Amma o zaman Ermənistanın 44 günlük müharibədən sonrakı kimi mövcud olub-olmayacağına heç kim zəmanət verə bilməz.

“Düşünürəm ki, onlar mənim mesajlarımı eşidəcək və düzgün nəticə çıxaracaqlar. Bir daha deyirəm, mən indiki halda təzyiq göstərən tərəf kimi görünmək istəmirəm və heç bir halda, heç bir şəraitdə hətta hörmətə layiq olmayana da hər hansı hörmətsizlik göstərməmişəm. Sadəcə, bir daha nəzərə çatdırmalıyam. Ona görə ki, mənim fikrimcə, bu il sonuncu şans olacaq. Ona görə ki, sonra 2024-cü il gəlir, sonra 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır. Onlar burunlarının ucundan bir qədər irəli barədə düşünməlidirlər”, – bəli, Prezidentin bu açıqlamasından da anlamaq çətin deyil ki, bu il çox məsələlərə aydınlıq gətiriləcək.

Azərbaycan Prezidentinin sözügedən müsahibəsi ərəfəsində Nikol Paşinyan İrəvanda Kremli yıxıb-sürüməklə məşğul idi. Ermənistan baş naziri “Rusiyanın Ermənistanda hərbi mövcudluğu təkcə Ermənistanın təhlükəsizliyinə zəmanət vermir, əksinə, respublika üçün təhlükələr yaradır” açıqlaması ilə açıq şəkildə “KTMT və MDB-dən çıxa, 102-ci hərbi bazanı bağlaya biləcəklərinin” mesajını verdi. İrəvan KTMT-ni tənqid etməklə eyni zamanda Qərbə əməkdaşlığa hazır olması barədə mesaj vermiş oldu. Ola bilsin ki, İrəvan tezliklə öz xarici hərbi-siyasi kursuna yenidən baxmalı olacaq. Çünki Kreml İrəvandan Rusiya əleyhinə belə bir kompaniyanın əsas iştirakçısı olmasını bağışlayacaq kimi görünmür. Ermənistan üçün Kremlin zərərinə hərəkət etmək əks nəticə verə bilər.

Çünki ermənilərin Cənubi Qafqaza kim tərəfindən, haradan, necə, hansı məqsədlərlə gətirildiyi hər kəsə gün kimi aydındır. O tarixdən üzü bu yana təhlükəsizliyinin təminatçısı, “böyüməsinin” (ərazi) səbəkarı olan Rusiyaya indi birdən-birə arxa çevirmək, onu Qərbin şirin vədlərinə dəyişmək qərarı vermək Ermənistan üçün növbəti ağır nəticələrlə yekunlaşa bilər.

Proseslərin bu cür inkişafı Rusiyanın neytral mövqe almaq, proseslərə seyirci qalmaq yolunu tutması sülhdən yayınan, destruktiv mövqeyindən əl çəkməyən, danışıqlar masasından qalxan (1. dekabrın 7-də Brüssel görüşündə iştirak etməmək üçün Bakı qarşısında Emanuel Makronun da bu formatda işitrakı tələbi ilə çıxış etməklə faktiki olaraq bu formatı əbədi və əzəli dondurdu; 2. Ararat Mirzoyan dekabrın 23-də Moskvada Ruisya, Ermənistan və Azərbaycan XİN başçılarının görüşündən imtina etməklə bu formatı da baykot etdi) Ermənistanı Azərbaycanla hərb meydanında növbəti dəfə baş-başa qoymaq ehtimalını hər ötən gün daha da artırır. Amma Rusiya hərbi kontingentinin Qarabağdakı səlahiyyətlərini tədricən Azərbaycan ordusuna təhvil verməklə Paşinyana ən ağır cəza kəsəcəyi də indiki hadisələr fonunda istisna edilə bilməz.

Bu iddianı İlham Əliyevin sülhməramlıların müddətinin bitdiyini (“2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır”) elan etməsi fonunda Moskvadan bir dənə də olsun bu bəyanatla bağlı hər hansı bir reaksiya gəlmədiyi təqdirdə, Nikol Paşinyanın “Rusiyanı BMT əvəz etsin” fikrinə dərhal cavab verməsi məsələsi qüvvətləndirir. Bəli, Rusiya prezidentinin sözçüsü, Kreml rəsmisi Dmitri Peskov ötən gün bəyan etdi ki, “BMT Təhlükəsizlik Şurasının sülhməramlılarının Qarabağa göndərilməsi mövzusu bir neçə dəfə gündəmə gəlib. Lakin onların yerləşdirilməsi üçün bütün tərəflərin razılığı lazımdır”.

Anlaşılmayacaq bir şey yoxur. Peskov İrəvana bildirmək istədi ki, Azərbaycanın 2020-c il 10 noyabr bəyanatına görə Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmamaq səlahiyyəti var. Bu səbəbdən də Kreml buna qarşı hər hansı rəsmi addım atmaq imkanında deyil. Bu, Azərbaycanın legitim hüququdur. Amma Ermənistanın Rusiyanı BMT ilə əvəz etmək səlahiyyəti yoxdur.

V.Putinin sözçüsü Nikol Paşinyan başda olmaqla anti-Rusiya təbliğat maşınına dolayısı ilə xəbərdarlıq etmiş oldu ki, İlham Əliyevin dediklərində həqiqət var. Siz eyni zamanda Əliyevin icazəsi olmadan BMT sülhməramlı qüvvələrini bölgəyə dəvət edə bilməzsiniz. Bu qədər atlanıb-düşməyiniz boş olduğu qədər də mənasızdır. Biz bölgəni tərk etsək belə, Cənubi Qafqazda Qərbin hərbi birləşmələri olmayacaq və nəticədə yenə də itirən Ermənistan olacaq. Çünki bu vaxta kimi sizin işğalçılıq siyasətinizin arxasında, ritorikanızın inkişafında məhz Rusiya amili böyük pay sahibi olub.

Görünən odur ki, artıq Rusiya da ilin-günün bu vaxtında Ermənistanın sülhdən yayınmaq üçün bəhanələrinə, danışıqlar prosesini sabotaj edəcək müxtəlif manipulyasiyalarına cavabdehlik daşımaq fikrində deyil və proseslərdən geri çəkilərək Ermənistanı Azərbaycanla təkbətək buraxmağın Moskvaya regionda qalmaq, əsas aktorlardan biri kimi onu üçüncü kənar bir qüvvənin əvəzləməməsini deaktivləşdirmək adına özü üçün ən doğru addım olduğunu artıq qəbul etməyə başlayır.

Bu isə İrəvanın sülh danışıqlarını spekulyasiya etmək riskinin minimuma endirilməsi ilə nəticələnə bilər. Çünki Ermənistanın Azərbaycanla hərb meydanında baş-başa qalmaq gücü, imkanları olduqca məhduddur. Güc balansı böyük fərqlə Azərbaycanın xeyirinədir. Bu isə bölgədə eskalasiya riskinin deyilənlərin əksinə olaraq xeyli azalması ilə nəticələnə bilər.

Prezident İlham Əliyev də son müsahibəsində bildirdi ki, “Əminəm ki, üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik”. Dövlət baçısı Azərbaycanın müharibə istəmədiyini növbəti dəfə bəyan etdi. Amma hər şey tək rəsmi Bakının istəyinə bağlı deyil. Əliyevin də qeyd etdiyi kimi sülh müqaviləsi indi bizdən çox Ermənistanı maraqlandırmalıdır: Biz uzun müddət belə yaşaya bilərik, sülh müqaviləsi olmasa heç lazım da deyil. Amma sonra nə olacaq? Sonrasına baxarıq…

Atabəy Türkel


Abunəlik