Pakistan Azərbaycanla bağlı MÜHÜM QƏTNAMƏ QƏBUL ETDİ

Baxılıb:102
Pakistan Azərbaycanla bağlı MÜHÜM QƏTNAMƏ QƏBUL ETDİ

Bu ilin fevralın 21-də Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası tərəfindən Azərbaycanın ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul olunub.

XİN-in Mətbuat xidməti idarəsindən bildirilib ki, sənəddə Xeybər Puxtunxva əyalətinin Assambleyası Pakistan və Azərbaycan arasındakı qarşılıqlı hörmət, etimad və anlaşma prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinə yüksək dəyər verərək, iki ölkə arasında bölüşülən mədəni dəyərlər, regional və qlobal məsələlərə ortaq yanaşma və beynəlxalq müstəvidə yaxın əməkdaşlığın mövcud olduğunu vurğulayır.

“Pakistanın Cəmmu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə dair prinsipial mövqeyinin Azərbaycan tərəfindən birmənalı dəstəkləndiyi və Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cəmmu və Kəşmir Kontakt Qrupunda fəal iştirakı qətnamədə məmnuniyyətlə qeyd olunur.

Assambleya Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək, Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğal olunmasını və 1992-ci ilin 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhaliyə qarşı törədilən soyqırımı və İƏT və BMT qətnamələrinə əhəmiyyət verilməməsini pisləyir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə Azərbaycan Respublikasının səylərini dəstəkləyir. Assambleya bəyan edir ki, Ermənistan Azərbaycanın ərazilərini işğaldan azad etməyənədək və beləliklə də bu iki ölkə arasında sülh əldə olunmayanadək Ermənistanla diplomatik münasibətlər qurulmayacaq”, – nazirlikdən bildirilib.

Qeyd edək ki, Xeybər Puxtunxva əyaləti Pakistanın dörd inzibati əyalətindən biri olub, ölkənin şimali-qərb bölgəsində yerləşir və əhalisinin sayına, həm də iqtisadiyyatına görə üçüncü böyük əyalət hesab olunur. Əyalətin Assambleyası təkpalatalı qanunverici qurum olmaqla 5 il müddətinə seçilən 145 üzvdən ibarətdir.

Pakistan Senatının Xarici Əlaqələr Komitəsi 2012-ci ildə, Pakistan Milli Assambleyasının Xarici İşlər üzrə Daimi Komitəsi tərəfindən 2017-ci ildə Xocalı soyqırımını tanıyan, həmçinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək, Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb edən qətnamələr qəbul edilib.

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir