Azərbaycanın ilk şəhid qadın jurnalisti, Milli Qəhrəman Salatın Əsgərovanın xatirəsi ürəklərdə yaşayır

Baxılıb:467
Azərbaycanın ilk şəhid qadın jurnalisti, Milli Qəhrəman Salatın Əsgərovanın xatirəsi ürəklərdə yaşayır

Bu gün Azərbaycanın ilk şəhid qadın jurnalisti, Milli Qəhrəman Salatın Əsgərovanın anım günüdür.

Peşəsinə sadiq olan Azərbaycanın qəhrəman, qorxmaz qızı Qarabağın ən odlu nöqtələrində olurdu. “Molodyoj Azerbaydjana” qəzetinin oxucuları onun doğma torpağa məhəbbət, azğın düşmənə nifrət dolu oçerklərini, yol qeydlərini səbirsizliklə gözləyirdilər. Onun həqiqəti söyləyən, erməni faşizminin iç üzünü açan yazıları yağıların gözünə ox kimi sancılırdı.
1991-ci il yanvarın 9-u düşmən gülləsi bu fədakar qadın jurnalistimizin həyatına son qoymaqla yanaşı, həm də Azərbaycan mətbuatının ilk şəhidinin verdiyi tarix kimi yaddaşlara həkk olundu. Həmin gün növbəti ezamiyyət çərçivəsində avtomobildə sovet hərbçilərinin müşayiəti ilə Laçından Şuşaya doğru hərəkət edən Salatın erməni yaraqlılarının qurduqları pusquya düşərək aldığı güllə yarasından dünyasını dəyişdi. S.Əsgərova layiq olduğu yerdə – Bakının Şəhidlər Xiyabanında dəfn edildi. Azərbaycan dövləti və xalqı öz qəhrəman qızının, şəhid jurnalistimizin xatirəsini hörmətlə yaşatmaqdadır. Salatın Əsgərova Azərbaycan Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bundan başqa, paytaxt Bakıda bir küçə və Bakı buxtasında gəzinti gəmilərindən biri Salatın Əsgərovanın adını daşıyır. Salatının həlak olduğu əraziyə ən yaxın yerləşən kənd də onun şərəfinə Salatınkənd adlandırılıb.
Xalq öz qəhrəmanlarını ürəklərdə yaşadır.
İndi Salatın Əsgərovanın da bütün Vətən müharibəsinin şəhidləri kimi, ruhu şaddır. Uğrunda qurban getdikləri Qarabağ işğaldan azad edilib.
Ölümün gözünə dik baxan Vətən övladlarını yad etmək, xatirələrini əziz tutmaq hər birimizin ən müqəddəs borcudur. Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc nəslə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvərlik ruhunda böyütmək, torpağına bağlı, xalqına hörmət hissi ilə tərbiyə etmək isə hər bir ölkə vətəndaşının ən ümdə vəzifəsidir.
Bütün Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik! Allah şəhidlərimizə rəhmət eləsin.

Ruhun şad olsun, cəsur Azərbaycan Qadını!

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor

Hicran Hüseynova AzTimes.az


Abunəlik