TƏBİB-ın yadından çıxmış Gədəbəy rayon Mərkəzi Xəstəxanası

Baxılıb:1132
TƏBİB-ın yadından çıxmış Gədəbəy rayon Mərkəzi Xəstəxanası

Öncə vuruğulayım ki, TƏBİB-in vətəndaşlar üçün yaratdığı bir neçə müalicə paketi çox effektivdir. İstənilən vətəndaş İcbari Tibbi Sığorta(İTS) ilə rahat müalicə ala bilər. Hətta, ağır əməliyyatları İTS vasitəsilə etdirə bilər. İTS həm də həkimlərin maaşının artmasında da səmərəlidir. Əvvəllər Səhiyyə Nazirliyinə tabe olan dövlət xəstəxanalarındakı həkimlər 300-400 manat maaş alırdılar. İndi isə TƏBİB-ə tabe olan dövlət xəstəxanalarındakı həkimlər 1300-1500 arası maaş alırlar. İTS daha bir özəlliyi də odur ki, vətəndaş göndəriş(napravleniya) əsasında istənilən özəl klinkada pulsuz müalicə və müayinə ola bilər. Təriflədiyim bəsdir. Bu üzünün bəzəyi idi. Gəlin bəzəyi qaldıraq görək altından nə qədər təzək çıxacaq.
Bu cür normal və faydalı sistemdən Gədəbəy rayon Mərkəzi Xəstəxanası hansı formatda çalışır və TƏBİB bunlardan həqiqətənmi xəbərsizdir?
Başlıca olaraq əvvəlki rüşvət hələ də tüğyan edir. Gədəbəy rayon Mərkəzi Xəstəxanasında UZİ 20 manat, doğuş 300 manat, rentgen 5 manat, yandan iynə 3 manat, damar iynəsi 5 manat, şəkər aparatlarının ildə bir dəfə dəyişdirilməsi 30 manat, qan analizi 5 manat və s. Bir sözlə xəstəxanaya girəndə pulsuz olan həkimə salam verməkdir.
Rüşvət bir yana. Günortadan sonra əgər kimsə ölüm ayağında xəstəxanaya gətirilsə onu sağaldacaq həkim yoxdur. Günorta yeməyindən sonra əksər həkimlər evinə gedir. Yəni hansısa həkimlə işin varsa, bunu səhər saat 10:00-dan 13:00-a kimi həll etməlisən. Günortadan sonra xəstəxanada yalnız analgin-dimdirol vuracaq növbətçi həkimi tapmaq olar. Bir də diş həkimlərini.
Bunu oxuculara və marağı olan dövlət qurumlarına bilirsiniz necə sübut edərəm? Günortadan sonra alınan sağlamlıq arayışlarını yoxlanılsın. Bir sağlamlıq arayışının verilməsi üçün təxmini 7-10 arası həkim yoxlayıb imza çəkməlidir. Günortadan sonra xəstəxanada həkim tapılmadığından bütün həkimlərin əvəzinə ixtisası bilinməyən, xəstəxana dəhlizinin qənimi, narkoloq və hərşeyşünas Sabir İbrahimov bütün həkimlərin yerinə imza atır və sağlamlıq kağızı TƏBİB-in sisteminə vurulur. Əgər işıq sönərsə, əlavə 1 saat da gözləməlisən. İşçilərin bildirdiyinə görə TƏBİB-in yaradığı sistemdə işıq sönüb-yanandan sonra 1 saatdan sonra sistemə qoşulmaq olur.
Günortadan sonra Gədəbəy rayon Mərkəzi Xəstəxanasında ölənlər həkim tapılmadığından irəli gələn məsələdir.
Dövlət büdcəsindən xalqın sağlamlığı üçün milyardlar ayrılır. Vətəndaş virusa yoluxmasın deyə karantin elan edilərək təxmini 1 milyona yaxın əhaliyə bir neçə 190 manat ödənildi. Ölkənin iqtisadi yükü artaraq çətin durumlar yarandı. Lakin Gədəbəy rayon Mərkəzi Xəstəxanası alverindən əl çəkmədi. Gah vaxtı keçmiş vaksini vətəndaşlara vurdular, gah kəndlərə vaksini xüsusi soyducuda deyil, icra nümayəndələrinin şəxsi maşınının baqajında göndərdilər, gah vurmadan vurulur yazdılar. 08.08.2020-ci tarixində təxmini 3 saat xəstəxanada oldum. Bu müddət ərzində 4 nəfərə vaksin “vurulduğunun” şahidi oldum. Vətəndaşa vaksin vurulmadan vaksin kağızına imza atıb möhür vuruldu. Təbii ki, bu havayı olunmur. Pul qarşılığında edilir. Yenə maraqlı olan aidiyyatı qurumlar üçün bunu aşkarlamaq çox bəsitdir. Həmin tarixdə vaksin vurulan vətəndaşları yoxlamaqla onlara vaksinin vurulmadığını müəyyən edə bilərlər.
Dövlət xəstəxanalarında dərmanlar, tibbi ləvazimatlar və əşyalar dövlət büdcəsi hesabına təmin edilir. Lakin Gədəbəy rayon Mərkəzi Xəstəxanasında dövlət büdcəsinə hesabına gələn dərmanlar satılır. Xəstələrə verilməli olan dərmanları Gədəbəyin baş aptekarı olan Elşənin aptekində bir az ucuz qiymətə satılır. Yenə də bildirirəm ki, aidiyyatı qurumlar bunu sadə yolla yoxlaya bilərlər. Şəkər xəstələrinə aylıq 30 pero verilməlidir 10 ədəd verilir. Digər 20 pero “hara gedir?” sualı yaranır. Xəstəxanada dərman qeydiyyatında olan vətəndaşların dərmanları tam verilmir. Qismən verilir. Xəstəyə bildirilir ki, dövlət verdiyi bunlardır. Lakin elə deyil. Həmin dərmanlar baş aptekar Elşənin aptekində satılır.
Növbəti yazıda xəstanaya ayrılan pulları, tenderləri, katirovkaları və ən əsası xəstələrin hesabına varlanan həkimləri mülklərinin siyahısı yazacam.

Zaur Qənbərov/AzTimes.az/


Abunəlik