Azərbaycanda DƏHŞƏT: Qardaş bacısının toyunda atasını güllələdi

Baxılıb:140
Azərbaycanda DƏHŞƏT: Qardaş bacısının toyunda atasını güllələdi

Bərdə rayonunda 2000-ci il təvəllüdlü Kənan Fərzəliyev atası Buludu qətlə yetirib.

 Kənan 29 may 2022-ci ildə saat 13 radələrində bacısının Bərdənin Mirzəcəfərli kəndində yerləşən “Muğan Məkan” restoranında təşkil olunan qız toyu mərasimində iştirak edib. O, pivə və spirtli içkilər içib.

Kənan toy mərasiminin gedişinə mane olacağından ehtiyatlanan dayısının ona yaxınlaşaraq daha içki qəbul etməməsi və dava salmamasını deməsindən qəzəblənib.

Kənan məclisdə səs-küy salıb, tamadanın əyləşdiyi stola təpik vurub, atası və dayısının tənbehinə məhəl qoymayıb. Bibisi oğlanları onu toydan Mirzəcəfərli kəndində yerləşən evlərinə gətirib.

Evdəki tüfəngi götürən Kənan evin çöl hissəsində darvazanın yanında dayanmış bibisi oğlanlarını qorxutmaq məqsədi ilə dəmir darvazaya doğru atəş açıb. Daha sonra tüfəngi evin arxa hissəsində həyətyanı sahədə gizlədib, toydan zorla evə göndərilməsini özünə təhqir sayıb.

Buna görə qisas məqsədilə atasını öldürmək qərarına gəlib. O, atası Buludun toydan evə gəlməsini gözləyib. Saat 23 radələrində evin qapısı ağzında, pilləkəndə oturan atasını öldürmək üçün münasib şərait yarandığını görüb. O, pilləkəndə oturmuş anası Xuraman və atası Buluda tərəf atəş açıb. Nəticədə ata aldığı xəsarətdən ölüb.

İstintaq orqanı tərəfindən Kənanın barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ititham elan edilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Roman Ələkbərlinin sədrliyi ilə araşdırılıb.

Məhkəmədə Kənan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Mirzəcəfərli kəndində atasına məxsus evdə yaşayıb: “Hadisə baş verən günü səhər saat 6 radələrində bacımın toy mərəsiminin keçiriləcəyi yerə getdim. Orada yemək bişirənlərə nəzarət etdim. Toy günorta saat 13 radələrində başlandı.

Toyda spirtli içki və 2 stəkan pivə içdim. Dayım mənə yaxınlaşaraq içki içməməyimi dedi. Bundan əsəbiləşib tamadanın, aşıqların və müğənnilərin stoluna tərəf getdim, təpiklə aşıqların stoluna vurdum, toyu dayandırmalarını istədim. Məni restoranın dəhlizinə çıxardılar.

Dəhlizdə atam və dayım boynuma sarılaraq içki içməməyimi, toya mane olmamağımı xahiş etdilər. Bu sözlərdən qəzəbləndiyim üçün məni bibim oğlanları Sənan və Fərahimlə birlikdə Mirzəcəfərli kəndində yerləşən evimizə göndərdilər”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Sənan və Fərahim onu avtomobilə mindirib, günorta saat 15 radələrində evə gətiriblər:

“Əynimdəki köynək cırıldığı üçün Sənanla Fərahimə gözləmələrini, əynimi dəyişərək gələcəyimi dedim. Sonra evin giriş qapısı bağlı olduğu üçün tüfəng saxlanılan otağa evin çöl hissəsindən pəncərədən daxil oldum. Tüfəngi və şkafdan patronları götürdüm, Sənanla Fərahimə tuşladım. Onları qorxutmaq üçün tüfəngdən bir atəş açdım. Güllə qapıya dəydi. Tüfəngin içində bir dolu giliz qaldı”.

Kənan qeyd edib ki, bundan sonra Sənanla Fərahim bacısının toyuna gediblər: “Mən isə evdə qaldım, toya qayıtmadım. Atamla anam axşam saat 18 radələrində toydan qayıtdılar. Bu vaxt mən də yuxudan oyanmışdım. Dayımsa bizə gəlməmişdi. Toydakı hərəkətlərə görə ən çox onu yaralamaq istəmişdim.

Atamla anam evə gəlib-gedən qonaqları qarşılayaraq yola saldılar. Onların yanında özümü heç nə olmamış kimi aparırdım.

Dayımın bizə gəlmədiyini gördüm. Gedib yerimə uzandım. Sonra kəndimizdə yerləşən çayxanaya getdim. Bir az da orada oturdum”.

Kənanın ifadəsinə görə, təxminən saat 22 radələrində qonşuluqda vay-faydan internetə daxil olub və bir az sosial şəbəkələrə baxıb: “Sonra evə qayıtdım. Yemək yedim, bibim oğlu Sənanı evlərinə yola saldım. Darvazanı bağlayaraq evə girdim. Bibilərim Mahizər və Aynur bacım Aynurə ilə birlikdə yataq otağına yatmağa getdilər.

Telefonunu akkumulyatora qoşmaq üçün onların yatdığı yataq otağına daxil oldum. Telefonunu toka qoşdum və bibilərimdən niyə tez yatdıqlarını soruşdum. Yorğun olduqlarını dedilər”.

Təqsirləndirilən şəxs bildirib ki, bundan bir neçə dəqiqə sonra telefonunu götürüb və evdən çölə çıxıb: “Günorta qoyduğum yerdən tüfəngi götürmək üçün getdim. Mən evdən çıxanda atamla anam qapının ağzındakı pilləkəndə oturmuşdular. Giriş qapısı isə bağlı idi. Evin arxa həyətyanı sahəsində gizlətdiyim tüfəngi götürdüm və pilləkəndə oturan atamla anama yaxınlaşdım.

Tüfəngi tuşlayaraq atamdan günorta niyə toyda boğazımdan tutduğunu, nəyə görə mənə qarşı belə elədiyini soruşdum. Atam mənə cavab vermədi. Anam dedi ki, tüfəngi yığışdır, birdən içində patron olar. Buna baxmayaraq, yenə tüfəngi tuşladım.

Atam anama “çəkil qırağa, gəlmə, səni vurar” dedi. Mən də ikisindən biri, hansı mənə tərəf yaxın gəlsə, atacağımı fikirləşdim. Atam üstümə gəldiyi üçün tüfənglə onun sinəsindən bir dəfə atəş açdım”.

Kənan bildirib ki, atəş açanda anası atasının sağ tərəfində olub: “Anamla bibim Mahizərin gözləri qabağında tüfənglə atama atəş açdım. Atəşdən sonra onun sinəsindən qan gəldiyini gördüm. Kənd camaatı bizə yığışdı. Bir neçə dəqiqə sonra polis əməkdaşları məni tutaraq polis şöbəsinə apardılar. Törətdiyim cinayət əməlindən peşmanam”.

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən Xuramanın sözlərinə görə, Buludla onun iki övladı var: “Ərim kənd təsərrüfatı ilə məşğul olurdu, evə yeganə pul gətirəniydi, oğluma hər zaman dayaq durur və onu çox istəyirdi. Oğlumsa uşaqlıqdan dəcəl, özünü idarə edə bilməyən, hər kəslə dava salan, heç kimlə yola getməyən uşaq olub”.

Xuraman qeyd edib ki, 2019-cu ildə Naxçıvan şəhərində hərbi xidmətdən qayıdandan sonra Kənan spirtli içkilər içməyə başlayıb: “Ən çox pivə, “Go” adlı içki və araq içirdi. Spirtli içki içəndən sonra elə vaxtlar olurdu ki, mənə və atasına pul üstündə hücum edirdi. Biz də özümüzü ondan qorumaq üçün çölə çıxır, oğlumun yanında oturmurduq.

Həyətdə saxladığımız malları Kənan hər gün sahəyə aparırdı. Bunun müqabilində atası ona tez-tez siqaret üçün pul verirdi. Oğlum içkili evə gələndə ona yaxın durmurduq, ondan aralı gəzirdik”.

Hüquqi varis deyib ki, mayın 29-da qızı Aynurəyə “Muğan Məkan” restoranında toy ediblər: “Aşpazlara nəzarət üçün atası Kənanı səhər saat 8-9 radələrində restorana göndərdi. Günorta saat 13 radələrində bütün ailə üzvlərimiz toya getdik. Saat təxminən 4-5 radələrində muğam ifası oxunan zaman Kənan təpiklə müğənni oturan stola vuraraq, “toyu dağıdın” deyə qışqırdı.

Bunu görən ərim Bulud onu çölə çıxartdı. Qardaşlarım, baldızım uşaqları onu sakitləşdirməyə çalışdılar. Onu məclisdən uzaqlaşdırdılar və Sənan və Fərahimlə evimizə yola saldılar”.

Xuraman qeyd edib ki, bundan sonra toyda Bulud ona yaxınlaşıb, Kənanın Sənana tüfənglə atəş açdığını, buna görə Daxili İşlər Nazirliyinin “102” xidmətinə bu barədə məlumat verdiyini deyib: “Axşam saat 7 radələrində ərim, baldızmı Gülarə, Mahizər və yeznəm evə gəldik. Evdə qonaqlar vardı. Restorandan gətirdiyimiz yeməklərin yerbəyer edilməsində Kənan bizə kömək etdi.

Sonra toya dəvət olunmayan qonşu-qohumlar qızımı təbrik üçün bizə gəldilər. Qonaqlar üçün həyərdə stol açıldı və yeməklərin stola düzülməsində yenə Kənan mənə kömək etdi.

Axşam saat 9 radələrində qonaqlar dağılışanda Kənan kənddə yerləşən mağazalardan birinə getdi”.

Hüquqi varis qeyd edib ki, axşam saat 22-23 radələrində Kənan evə qayıdıb: “Mən evdə su içirdim, ərim Bulud isə pillənkəndə oturmuşdu. Kənan evdə paltarlarını dəyişdi, bizdə qonaq olan qonşu Sərxanla birlikdə yemək yedi. Sonra Sərxanı evlərinə yola saldı və yerinə uzandı. Buludla birlikdə pilləkəndə oturaraq qızımın toyu barəsində söhbət edirdik.

Hamama keçib, əl-üzümü yudum, geri qayıdanda ərimdən Kənanın harada olduğunu soruşdum. Bulud da oğlumun telefonunda mahnı oxuda-oxuda evin arxasındakı məhləyə keçdiyini söylədi. Bir neçə dəqiqə sonra qapının açıldığını və Kənanın sağ əlində tüfənglə keçdiyini gördüm. “O nədi, Kənan?” deyə soruşdum. Oğlum heç nə demədi. Ərim dedi ki, lənət şeytana, onunla zarafat eləmə, yerə at.

Ərimlə ayaq üstə dayanmışdıq. Ərimin qabağına keçdim və “Kənan, at tüfəngi aşağı” dedim. Bulud məni itələdi və özünü qabağa verdi. Kənanın əlindəki tüfəngi almaq istədi. Bu zaman Kənan tüfəngdən atəş açdı. Həmin vaxt qızım və baldızlarım da orada idilər.

Ərim bir-iki addım irəliyə gedərək sağ tərəfindən əli ilə tutdu, “Mahizər, məni vurdu” dedi və sonra gözlərini yumdu, huşunu itirdi. Səsimə bütün kənd camaatı evimizə toplaşdı. Qonşularımız Elçin avtomobili ilə gələrək Buludu xəstəxanaya apardılar. Tibbi yardım göstərilməsinə baxmayaraq, yoldaşım xəstəxanada öldü”.

Hüquqi varis ifadəsinin sonunda oğlu ilə barışdığını, ona qarşı heç bir şikayəti olmadığını deyib.

Kənan 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Abunəlik