Azərbaycana uğurlar qazandıran – LİDER

Baxılıb:148
Azərbaycana uğurlar qazandıran – LİDER

“2003-cü ildən – Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq”

Prezident İlham Əliyev

Ölkəyə başçılıq etdiyi ilk gündən hər bir azərbaycanlının prezidenti olmağa söz verən bu böyük şəxsiyyət dəfələrlə bunu sübut etmişdir. Prezident İlham Əliyev Ümummilli Liderimiz Heydər Əliyevin təməlini qoyduğu müstəqil Azərbaycanı ötən 19 il ərzində siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi, xalqa və Vətənə olan dərin məhəbbəti, bağlılığı nəticəsində dünyanın nüfuzlu, inkişaf etmiş dövlətlərindən birinə çevirmişdir. Ölkə başçımız dünyada dərin analitik təfəkkürə və məqsədyönlü, düşünülmüş siyasi iradəyə malik lider, ən islahatçı prezident kimi qəbul olunur. Bununla hər birimiz Hər birimiz fəxr edirik. Əldə edilmiş mühüm siyasi və iqtisadi uğurlar cəmiyyətin həyatının bütün sahələrində güclü inkişafın göstəricisidir. Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətin nəticəsində hazırda ölkəmiz özünün ən şərəfli mərhələsini yaşayır. Onun yorulmaz səyi, gərgin fəaliyyəti və rəhbərliyi sayəsində bu gün Azərbaycan inkişaf sürətinə görə Cənubi Qafqazın lider ölkəsi olmaqla yanaşı, dünya birliyində də özünəməxsus yeri ilə seçilir.

Azərbaycanı hər zaman daxildən parçalamaq, onu inkişafdan geri salmaq, ən əsası isə Qarabağın işğalı ilə barışmağa məcbur etmək kimi çətinliklərə və təhlükələrə baxmayaraq, Prezident İlham Əliyev bütün bu problemləri həll etməyi bacardı. Bu isə böyük siyasi məharət, iradə, qətiyyət tələb edirdi. Azərbaycan bu illər ərzində özünü müstəqil dövlət kimi təsdiq edə bildi. Və ildən-ilə biz ölkə başçısının həm daxili, həm də xarici siyasətində əldə etdiyi nailiyyətləri görürük. Bunu həm də dünya görür. Baxmayaraq ki, Azərbaycan kiçik bir ölkədir, lakin Prezident İlham Əliyevin siyasi müdrikliyi nəticəsində hazırda bütün maraqların kəsişdiyi coğrafi məkana çevrilir. Bu gün əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Azərbaycanın rəhbəri Cənubi Qafqazda yeni siyasi və iqtisadi vəziyyət yarada bildi və bu, dünya dövlətləri tərəfindən də qəbul edilir. Cənab İlham Əliyev həmişə qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Biz ölkə başçısının Prezidentin fəaliyyətində bunun əyani təsdiqini görürük. Vahid dövlətçilik siyasəti nəticəsində Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial, hərbi, idman sahələrdə davamlı və dinamik sürətlə inkişaf edir. Dünya Bankının “Doing Business” 2019-cu ilin hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub və 190 dövlət arasında 25-ci yeri tutub. “Doing Business 2020” hesabatında isə Azərbaycan daha 5 pillə irəliləyərək ən islahatçı 20 ölkə sırasına daxil edilib. Davos Dünya İqtisadi Forumunun 2020-ci ilin hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir. Son 19 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir. Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun 17,3 faizini təşkil edir. 2030-cu ilin sonuna qədər bu rəqəmin 10 faizə enməsi planlaşdırılır. Ötən 19 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir. Azərbaycanda 2 milyondan çox yeni iş yeri açılmışdır.

Dünyada sülhü və konstruktiv əməkdaşlığı tərənnüm edən Prezident İlham Əliyevin beynəlxalq təşəbbüsləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə 2013-cü il oktyabrın 28-də BMT tarixində ilk dəfə olaraq “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda iclas təşkil edilmişdir. Qoşulmama Hərəkatının sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası keçirilmişdir. 18 noyabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edilib. Qətnaməyə 126 BMT üzv dövləti həm-müəllif qismində qoşulmuşdur. Azərbaycan Respublikası İƏT-nın ən aktiv və nüfuzlu üzvlərindən biridir. Azərbaycanın qlobal mədəniyyətlərarası dialoqun ünvanlarından birinə çevrilməsi ölkəmizin beynəlxalq statusunun və beynəlxalq tərəfdaşlarının sayının artmasına səbəb olmuşdur. Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır. Hazırda bütün dünya beynəlxalq əməkdaşlığın yeni formatı və etibarlılıq nümunəsinın şahididir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə iki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırmışdır. Bəyannaməyə əsasən tərəflər xarici siyasət sahəsində əlaqələndirməni və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələri həyata keçirir, həmçinin bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində birgə fəaliyyət göstərir. Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və BMT, ATƏT, Avropa Şurası, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.

“Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik” – Prezident İlham Əliyev.

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir. 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuşdur. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir.

Son 200 il ərzində ilk dəfə olaraq Azərbaycan məhz onun qüdrəti sayəsində qələbə qazanaraq tarixə düşdü. Sarsılmaz qətiyyəti nəticəsində böyük strateq, qalib sərkərdə kimi əbədi olaraq tarixə imza ataraq, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanı oldu. Cənab Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz Qarabağ, Şərqi Zəngəzur erməni işğalından azad edildi. İndi əyilən qamətimiz düz, alnımız açıq, üzümüz ağdır. Bu Qələbə ilə Azərbaycan xalqını qalib xalqa çevrildi, ədalət bərpa edildi, bir milyon insanı məcburi köçkün adından xilas olundu, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların başı dikəldi, gələcək nəsillərdə böyük inam hissi yarandı.

Vətən Müharibəsindən iki il keçməsnə baxmayaraq, ötən müddət ərzində erməni işğalından azad olunan tarixi torpaqlarımızda böyük bərpa və quruculuq işləri aparılır. 30 ilə yaxın davam edən erməni terroru və vandalizmi nəticəsində Qarabağ və Şərqi Zəngəzurda humanitar və ekoloji fəlakət törədilmiş, qədim tarixi- mədəni- dini irsimiz dağıdılmış, evlər xarabaya çevrilmişdir. Azərbaycan Prezidentinin siyasi qətiyyəti, hərbi sərkərdəlik məharəti, ordumuzun rəşadəti, xalqımızin birliyi nəticəsində döyüş meydanında qazanılmış şanlı Qələbənin davamı Böyük Qayıdışın reallaşmasıdır. Bu gün Qarabağ və Şərqi Zəngəzur yenidən dirçəlir, bərpa olunur, qurulur.

Bizim gələcəyə inamımız böyükdür və hər bir Azərbaycan vətəndaşı öz prezidenti ilə fəxr edir. Çünki yaxşı bilir və anlayır ki, o hər zaman öz vətəndaşının yanındadır.

Hicran Hüseynova,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor AzTimes.az


Abunəlik