Hicran Hüseynova Gender bərabərliyi haqqında təqdim edilən məlumatın geniş və əhatəli hazırlandığını dedi

Baxılıb:155
Hicran Hüseynova Gender bərabərliyi haqqında təqdim edilən məlumatın geniş və əhatəli hazırlandığını dedi

Dekabrın 20-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib.

AzTimes.az xəbər verir ki əvvəlcə, iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb.

Parlamentin sədri Sahibə Qafarova bildirib ki, gündəliyə 60 məsələ daxil edilib. Birinci məsələ Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı haqqındadır.

Məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib. O, çıxışında gender bərabərliyinin təmin edilməsi ilə bağlı 2021-ci ildə görülən işlərdən danışarkən, ötən ilin xalqımızın tarixinə Vətən müharibəsindən sonra hərtərəfli bərpa və quruculuq işlərinə start verilməsi mərhələsi kimi daxil olduğunu qeyd edib.  “Böyük Qayıdışa dair Dövlət  Proqramı” çərçivəsində həyata keçiriləcək genişmiqyaslı layihələrin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına şərait yaradacağını söyləyib. Bildirib ki, Laçın İcma Resurs Mərkəzinin, Füzuli və Zəngilanda ailə mərkəzlərinin yaradılması planı ərazilərə qayıdacaq soydaşlarımızın diqqət və qayğı ilə əhatə olunmasına xidmət edəcək.

Komitə sədri qeyd edib ki, 2021-ci il üzrə məlumatların təhlili belə qənaətə gəlməyə imkan verir ki, Azərbaycanda gender bərabərliyi sahəsində müsbət tendensiyalar formalaşmağa başlayıb və bəzi hallarda bu trendlər qlobal göstəriciləri üstələyir. O, gender bərabərliyinin təmin edilməsi sahəsində proseslərin dinamikasına impuls vermək üçün mövcud boşluqların aradan qaldırılması və ölkəmizin üzərinə götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu söyləyib, bununla bağlı təklifləri səsləndirib.

Sonra iclasda parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış edib. O, təqdim edilən məlumatın geniş və əhatəli hazırlandığını deyib. Bildirib ki,  qadın və kişilərin bərabər iştirakçılığı, gender mədəniyyətinin təbliği, gender əsaslı zorakılığın, məişət zorakılığının qarşısının alınması istiqamətində həyata keçirilən layihələr, tədbirlər bir daha göstərir ki, ölkədə gender bərabərliyinin təmin edilməsi ildən-ilə yüksəlir.
Komitə sədri qeyd edib ki, aparılan təhlillərə əsasən, müxtəlif sahələrdə qadın və kişilərin təmsilçiliyində dinamika müşahidə olunur. Hətta ölkəmiz bəzi  indikatorlar  üzrə  qlobal göstəriciləri belə, qabaqlayır. Bununla yanaşı, bəzi narahat edən məsələlər də mövcuddur. Belə ki, ölkədə hələ də erkən nikah halları var, doğulan uşaqlar arasında cinsi ayrı-seçkilik  mövcuddur. O, bu istiqamətdə lazımi tədbirlərin görülməsinin vacibliyindən danışıb.
Hicran Hüseynova bildirib ki, Azərbaycanda bir sıra normativ hüquqi aktlar, tədbirlər planları qəbul edilib. O cümlədən, “Əmək pensiyaları” və “Sosial müavinətlər” haqqında  qanunlara edilmiş dəyişikliklər gender bərabərliyinin təmin olunması sahəsində mühüm əhəmiyyət  kəsb edir. Əmək Məcəlləsində edilən dəyişikliklərə əsasən isə, mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan 674 peşə və iş yeri azaldılaraq 204  müəyyən edilib. Bununla yanaşı, atalara verilən 14 günlük ödənişsiz məzuniyyətin ödənişli əsaslarla olması üçün qanunvericiliyə dəyişikliklərin  edilməsi ilə bağlı  təkliflər verilib.
O, Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin rayonlarda insanlara yardım göstərməsini təqdirəlayiq hesab edib. Bu istiqamətdə aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığının, bununla bağlı icra mexanizmlərinin daha da təkmilləşdirilməsinin əhəmiyyətindən danışıb.
Milli Məclisin komitə sədri İllik Məlumatda  ölkədə gender bərabərliyinin təmin olunması ilə bağlı əldə edilmiş uğurların əks olunduğunu, qarşıda dayanan vəzifələrin müəyyən edildiyini söyləyib. Qeyd edib ki, sənəd onun rəhbərlik etdiyi Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirə olunub və plenar iclasa tövsiyə edilib.


Abunəlik