Millət vəkili “Aqrar Sahədə Qadınların İqtisadi Güclərinin Artırılması – WEP ” layihəsi çərçivəsində panel görüşdə iştirak etdi
AzTimes.az xəbər verir ki,oktyabrın 31-də “Aqrar Sahədə Qadınların İqtisadi Güclərinin Artırılması – WEP ” Layihəsi Panel görüşündə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova iştirak edib.
Komitə sədri Hicran Hüseynova qeyd edib ki, “Qadınların iqtisadiyyatda rolunun artırılması davamlı iqtisadi artımın və sənaye inkişafının açarıdır. Bu isə bütövlükdə qadınların iqtisadi və sosial nüfuzunun artmasına səbəb olur. Eyni zamanda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. Əlbəttə, aktual məsələlərdən biri də, bölgələrdə yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakçılığının artırılmasıdır. Bu baxımdan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Aqrar sahədə qadınların iqtisadi güclərinin artırılması – WEP” layihəsinin xüsusi əhəmiyyəti var. Mən ilk növbədə, bu layihədə zəhməti olan hər bir əməkdaşı təbrik edirəm. Bu layihə əsasında öz bilik və bacarıqlarını artıran, yeni mərhələyə başlayan qadınlarımıza uğurlar arzulayıram”.
Deputat vurğulayıb ki, Azərbaycan sürətlə inkişaf edir. Qısa zamanda qazanılan uğurların əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi insan potensialına, innovativ texnologiyalara əsaslanan inkişaf strategiyası durur. Bu gün aktual məsələlərdən biri də yaşıl iqtisadiyyatın inkişaf etdirilməsidir. Azərbaycanda ekoloji təmiz əkinçiliyi inkişaf etdirmək, onun məhsullarının dünya bazarına çıxarmaq üçün imkanlar genişdir. 30 ilə yaxın idi ki, erməni işğalına məruz şəhər və kəndlərimiz yenidən qurulur. Bu prosesdə qadınlarımızın iştirakı, onların təqdim etdiyi layihələr xüsusi ilə diqqət çəkir. Bu ilin əvvəlində Yeni Azərbaycan Partiyası ilə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin birgə keçirdiyi konfransda onlarla sahibkar qadınlar öz biznes layihələrini təqdim etdilər. Biz sevinirik ki, hökumət də bu ideyalara müsbət reaksiya verir. Qeyd etməliyəm ki, ölkə başçısı tərəfindən imzalanmış sənədlər, qəbul edilmiş qərarlar sahibkarlığın inkişafına çox böyük dəstəkdir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının, xüsusilə həssas qrupdan olan qadınlar arasında sahibkarlığın inkişafına müsbət təsir göstərir. Bu isə sosial-iqtisadi inkişafın, o cümlədən, məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə qadınların əmək hüquqları və sahibkarlıq fəaliyyəti ilə bağlı güclü qanunvericilik bazası mövcuddur. Lakin müasir dövrün çağırışları, ölkənin qarşısında dayanan vəzifələr bu sahə də dəyişiklikləri zəruri edir.
Qadınların sahibkarlıq fəaliyyətini daha da gücləndirmək üçün maliyyə vəsaitlərinin əldə edilməsi, maliyyə-biznes sahəsində bilik və təcrübələrinin az olması, onlar üçün maneələr yaradan bir sıra sosial-psixoloji amillərə xüsusi diqqət ayırmaq lazımdır. Buna görə də qadınlar peşə hazırlığı kurslarına cəlb olunmalı, onların bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaları üçün maarifləndirici tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti vardır. Bununla bağlı ölkəmizdə uğurlu təcrübə var. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası qadınlarımızın həm yerli, həm də beynəlxalq səviyyədə fəaliyyətinə dəstək verir. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə yaranmış Azərbaycan Kənd Qadınları Assosiasiyası da qadınların fermer təsərrüfatlarının yaradılmasında çox önəmli layihələr həyata keçirir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və beynəlxalq təşkilatların dəstəyi ilə Qadın Resurs Mərkəzləri yaradılmışdır.
Sonra komitə sədri Hicran Hüseynova gələcək layihələrə dair öz təkliflərini bildirərək, qeyd edib ki, belə layihələrə şəhid və qazi ailələrindən olan xanımarın cəlb edilməsi onlara əlavə motivasiya verə bilər. Bəzi qadınlar var ki, hənsısa səbəbdən işləmir vəya vaxtı ilə işlədiyi sahədə artıq çalışmır, ailədə yaranmış yeni vəziyyət onlara psixoloji təsir göstərir, bu baxımdan onların iqtisadi və sosial həyatda iştirakının artırılması xüsusi ilə önəmlidir. Həmçinin, vaxtı ilə Qarabağ və Şərqi Zəngurdan məcburi köçkün düşən qadınların da belə layihələrə cəlb olunması, onların doğma torpaqlara qayıtdıqdan sonra məşğulluğunun artması, işlə təmin olunması sahəsində çətinliklərin aradan qaldırılmasına yaxşı töhfə olacaqdır.
Sonda professor təşəkkürünü bildirib: “Mən ilk növbədə Kənd Təsərrüfatı Nazirliyinə, FAO-ya qadınlarımızın iqtisadi güclərinin artırılması sahəsində verdikləri töhfəyə görə təşəkkür edirəm. Onlar davamlı olaraq, bu istiqamətdə müxtəlif layihələr həyata keçirirlər. Biz bir neçə tədbirlərdə iştirak etmişik, nəticələrlə tanış olmuşuq. Bu əlbəttə ki, qadınlarımız üçün bir stimuldur, yeni imkanlardır. Əminəm ki, bu layihələrin müsbət nəticələri yeni proqram və layihələrin həyata keçirilməsinə səbəb olacaqdır. Bütün bunlar kəndli qadınların sahibkarlıq fəaliyyətini artırılması, onların hüquqların qorunması, əmək bazarının tələblərinə uyğun bilik və bacarıqların öyrədilməsi, layiqli əməyin təmin olunması öz faydasının verəcəkdir”.