Britaniyanın Baş naziri vəzifəsinə namizədlərin adları açıqlandı – SİYAHI
Böyük Britaniyanın Baş naziri və hakim Mühafizəkarlar Partiyasının sədri Liz Trasın istefasından sonra ölkə hökumətinə rəhbərlik edəcək potensial namizədlərin adları açıqlanıb.
Hakim partiyanın lideri və Baş nazir vəzifəsi uğrunda beş siyasətçinin mübarizə aparacağı gözlənilir.
Onlardan biri keçmiş maliyyə naziri Rişi Sunakdır. Hindəsilli 42 yaşlı R.Sunak sabiq Baş nazir Tereza Meyin dövründə nazir müavini işləyib.
Britaniyanın eks-hökumət başçısı Boris Consonun dövründə maliyyə naziri vəzifəsini tutub. Daha sonra B.Consonla aralarında fikir ayrılığı yaranıb və istefa verib.
B.Consonun Baş nazir və Mühafizəkarlar Partiyasının yeni lideri vəzifəsindən istefasından sonra hakim partiyanın sədrliyinə namizədliyini irəli sürüb. Bu ilin sentyabrın 5-də keçirilən yarışda Liz Trasa rəqib olub. Səsvermənin altıncı turunda L.Tras partiyanın 81 326 üzvünün dəstəyini qazanıb. R.Sunak cəmi 60 min 399 səs toplayıb və məğlub olub.
Britaniyanın Baş naziri olmağa ikinci namizəd sabiq müdafiə naziri, 49 yaşlı Penni Mordauntdur. O, 2010-cu ildən parlametin üzvüdür. Britaniyanın tarixində ilk qadın müdafiə naziri olub. B.Conson hakimiyyətə gələndən sonra vəzifəsindən uzaqlaşdırılıb.
Digər namizəd Böyük Britaniyanın müdafiə naziri, 52 yaşlı Ben Uollesdir. O, ehtiyatda olan ordu zabitidir. B.Consonun ən yaxın silahdaşlarından biri sayılır və onun hökumətində müdafiə naziri işləyib.
B.Consonun istefasından sonra Mühafizəkarlar Partiyasının liderliyi uğrunda mübariə aparıb, lakin təşkilat daxilində istədiyi dəstəyi qazana bilməyib.
L.Trasın Baş nazir olduqdan sonra da müdafiə naziri postunu qoruyub.
B.Uolles Rusiyaya qarşı sərt mövqeyi ilə məşhurluq qazanıb. Eyni zamanda Ukraynaya böyük dəstək verir.
55 yaşlı siyasətçi Ceremi Hant da Böyük Britaniyanın yeni Baş naziri olmağa potensial namizədlərdən biridir. O, əvvəllər xarici işlər və səhiyyə naziri olub.
L.Tras Baş nazir seçiləndən sonra C.Hantı maliyyə naziri təyin edib. C.Hant 2019-cu ildə Mühafizəkarlar Partiyasının sədrliyi uğrunda mübarizə aparıb, lakin seçkidə B.Consona məğlub olub.
Nəhayət, beşinci namizəd 58 yaşlı Boric Consondur. O, əvvəllər paytaxt Londonun meri və Britaniyanın xarici işlər naziri işləyib.
2019-cu il iyulun 24-də Mühafizəkarlar Partiyasının sədri və Baş nazir seçilib. 2022-ci ilin iyulun 7-də istefa verib. Sentyabrın 6-dək hökumət başçısı vəzifəsini müvəqqəti icra edib. Həmin gün postundan uzaqlaşıb.
Qeyd edək ki, Mühafizəkarlar Partiyasının sədri və Böyük Britaniyanın Baş naziri Liz Trass oktyabrın 20-də hər iki vəzifəsindən istefa verib. O, cəmi 45 gün hökumət başçısı olub. L.Tras yeni Baş nazir seçilənədək ölkə hökumətinə rəhbərlik edəcək.
“Report”