Millət vəkili “Şəhid taleyi” filminin təqdimatında iştirak etdi- FOTOLAR
AzTimes.az xəbər verir ki, Oktyabrın 19-da Sumqayıt Dövlət Universitetində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan, Azərbaycan Silahlı Qüvvələrinin XTQ kəşfiyyatçısı, şəhid Məhəmməd Nadir İlqar oğlu Rzayevin xatirəsinə həsr olunmuş “Şəhid taleyi” filminin təqdimatı olub.
Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitəsinin sədri, deputat, professor Hicran xanım Hüseynova ilk öncə çıxışında şəhid analarının qarşısında baş əyərək, qeyd etdi ki, Siz elə övladlar böyütmüsünüz ki, bu gün bütün xalq onlarla fəxr edir. Əlbəttə, heç bir ana istəməz ki, müharibə olsun,övladlarımız gənc yaşında dünyalarını dəyişsin. Əziz analar, sizin qəlbinizdə yaşayan ağrı və kədər əminəm ki, hər bir Azərbaycan qadınının ürəyində yaşayır. Çox sağ olun ki, belə övladlar böyütmüsünüz. Çox sağ olun ki, ömrünüzün ən ağır anlarını belə ləyaqətlə qəbul edirsiniz.
Ədalətsiz, işğalçı siyasətin qarşısını almaq üçün bizim qəhrəman ordumuz, qəhrəman övladlarımız var. Azərbaycan xalqı üçün hər bir əsgərimiz dəyərlidir və əzizdir. Dünyanın ən böyük sərvəti olan ömrünü Vətən naminə qurban verən hər bir övladımız Azərbaycanın tarixində qəhrəman kimi yaşayacaq.
Tariximizi öz qanları ilə yazan Müzəffər Azərbaycan Ordusunun əsgərləri Ali Baş Komandan, Böyük Sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ-Vətən Müharibəsində işğal altında olan torpaqlarımızı düşməndən azad etdilər. Müzəffər Azərbaycan Ordusunun əldə etdiyi Qələbə xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Təəssüflər olsun ki, bu müharibə də itkilərsiz ötüşmədi. Neçə-neçə qəhrəman oğullarımız torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igidimiz qazi adını qazandı. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyir,ruhların qarşısında qürur və ehtiram hissi ilə baş əyirik. Biz onları unutmayacağıq! Onlara əbədi mənəvi borcumuz var!