Deputatlığa namizəd Göyçayda daha 4 kəndin əhalisinin problemlərini dinlədi

Baxılıb:266
Deputatlığa namizəd Göyçayda daha 4 kəndin əhalisinin problemlərini dinlədi

Deputatlığa namizəd Şahnəzər Bəşirovun 88 saylı Göyçay Seçki Dairəsi üzrə 43 seçki məntəqəsinin yerləşdiyi kəndlərdə seçicilərlə görüşləri davam edir. O, növbəti dəfə rayonun ən ucqar kəndlərindən olan Qaraməryəm, Yekəxana, İnçə və Şahsoltanlı kəndlərinin sakinləri ilə görüşüb. Şahnəzər Bəşirov AzTimes.az saytına müsahibəsində bildirib: “Vətəndaşlar mənə yenə kəndlərin sosial problemlərindən danışdılar. Sakinlər bildirdilər ki, Yekəxana və Şahsoltanlı kəndlərinin cəmi bir orta məktəbi var. Həmin məktəb 9 illik olduğu üçün iki kəndin 10 və 11-ci sinif şagirdləri oxumaq üçün piyada 7-8 kilometr məsafə qət edərək Qaraməryəm kənd məktəbinə getməyə məcbur olurlar”. Həmçinin, sakinlərin sözlərinə görə bu iki kəndin içməli su problemi də uzun illərdir ki, öz həllini tapmır. Kəndlərin yeganə içməli su mənbəyi dağlardan gələn bulaq sularıdır və həmin su mənbəyinə Kürdmaşı kəndindəki üzüm emalı zavodunun çirkab suları axıdılır və qara rəngə boyanan sudan istifadə etmək mümkün olmur. İnsanlar bu problemlə bağlı dəfələrlə aidiyyati qurumlara müraciət etsələr də onlara kömək edən olmayıb. Bundan əlavə seçicilər Yekəxana və Şahsoltanlı kəndlərində yolların çox bərbad vəziyyətdə olmasından, poçt şöbəsinin, uşaq bağçasının, elektron ATS-in və internetin olmamasından şikayətləndilər. Deputatlığa namizəd Qaraməryəm kəndində keçirdiyi görüş zamanı sakinlərin yol və içməli su problemi ilə bağlı əziyyət çəkdiyinin şahidi olub. O, İnçə sakinlərinin problemlərinin daha böyük olduğunu qeyd edib. “İnçə sakinləri iki magistral yolu birləşdirən və onların Göyçay şəhərinə gediş yolu olan Qaraməryəm-Alpoud-Müsüslü avtomobil yolunun uzun illərdir ki, çox bərbad vəziyyətdə olması barədə şikayət etdilər. Vətəndaşlar rayon mərkəzindən 40 kilometr aralı olan İnçə kəndinə gedən yolun təmir edilməməsi səbəbindən tez-tez taksi və avtobus problemi ilə üzləşdiklərini dedilər”

Davud Tarverdiyev-AzTimes.az,Göyçay


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir