Hava ilə bağlı xəbərdarlıq! – Temperatur bu tarixdən xeyli yüksələcək
Bu il sentyabr ayının üçüncü ongünlüyündə ən yüksək temperatur ayın 23-də Bakıda və Abşeron yarımadasında 37 dərəcəyədək isti qeydə alınıb ki, bu da iqlim normasından 6 dərəcə yüksəkdir.
Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Manset.az-a bildirib ki, çoxillik meteoroloji məlumatlara əsasən indiyədək sentyabr ayının sonunda belə yüksək temperatur qeydə alınmayıb.
G.Məmmədovanın sözlərinə görə, bununla da 2012-ci ilin sutkalıq rekord göstəricisi (29,6 dərəcə) yenilənib.
Xidmət rəsmisi qeyd edib ki, yaxın günlər ərzində ölkə ərazisində havanın mülayim, əsasən yağmursuz keçəcəyi, sentyabrın 27, 28, 29 və 30-da əsasən gecə və səhər saatlarında duman olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək.
“Bakıda və Abşeron yarımadasında sentyabrın 27, 28, 29 və 30-da havanın temperaturunun tədricən yüksələcəyi, 24-27, dağlıq rayonlarda 17-22, aran rayonlarında isə 30-34 dərəcəyədək isti olacağı gözlənilir”.